05 may 2026 16:11
111

"Bloomberg": Apple Intel və Samsung prosessorlarından istifadə edəcək

Apple, Intel və Samsung Electronics tərəfindən ABŞ-da istehsal olunan prosessorlardan istifadə etməyi düşünür.

“İki sahil” xəbər verir ki,  bu barədə "Bloomberg" mənbələrinə istinadla məlumat yayıb.

Apple nümayəndələri artıq Texasda tikilməkdə olan və qabaqcıl çiplər istehsal edəcək Samsung zavoduna baş çəkiblər və həmçinin Intel ilə Arizona və ya Ohayodakı obyektlərindən istifadə ilə bağlı ilkin danışıqlar aparıblar.

Bloomberg qeyd edir ki, Apple beləliklə, hazırda demək olar ki, tamamilə Tayvanın TSMC-sinə güvəndiyi prosessor tədarükünü şaxələndirməyə çalışır.

Eyni zamanda, agentliyin mənbələrinə görə, Apple TSMC tərəfindən istehsal olunmayan prosessorlardan istifadə etməkdən narahatdır, çünki Intel və Samsung TSMC-ni əsas çip istehsalçısı və Apple-ın ən vacib tərəfdaşlarından birinə çevirən keyfiyyət və istehsal miqyasını ardıcıl olaraq təmin edə bilmirlər.

Lakin mənbələr bildirirlər ki, Apple davam edən çip çatışmazlığı və mövcud geosiyasi vəziyyət fonunda potensial təchizat fasilələrindən də eyni dərəcədə narahatdır. Bloomberg qeyd edir ki, şirkətlər arasında danışıqlar ilkin xarakter daşıyır və hələlik heç bir sifariş verilməyib.