Mayın 6-da Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov və Prezidentin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov “Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar.
“İki sahil” xəbər verir ki, Prezident köməkçiləri kənd təsərrüfatı və qida sənayesi sahələrində fəaliyyət göstərən yerli və xarici şirkətlərin fəaliyyəti ilə maraqlanıb, məhsul və xidmətləri ilə tanış olublar.
Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev qonaqlara məlumat verib ki, builki sərgidə Kənd Təsərrüfatı Nazirliyi geniş və çoxşaxəli konsepsiya əsasında hazırlanmış stendlə çıxış edir. Nazirliyin stendində aqrar sahədə dövlət tərəfindən həyata keçirilən dəstək mexanizmləri, innovativ texnologiya və layihələr, rəqəmsal həllər, müasir soyutma sistemləri və avadanlıqları, çiləyici və multispektral dronlar, azad edilmiş ərazilərdə fəaliyyətə başlayan təsərrüfatların kənd təsərrüfatı məhsulları, heyvandarlıq və bitkiçilik məhsulları, arıçılıq məhsulları, startap təşəbbüsləri və regionlarda həyata keçirilən aqrar biznes festivalları nümayiş olunur.
Kənd Təsərrüfatı Nazirliyinin stendində aqrar sahədə innovasiya və rəqəmsal transformasiya istiqamətində həyata keçirilən layihələrə də xüsusi yer ayrılıb. “Aqrar sahədə süni zəka”, “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihələri çərçivəsində müxtəlif universitetlərin tələbələri və aqrar startapçılar öz innovativ həlləri, texnoloji məhsulları və prototipləri ilə çıxış ediblər. Nazirliyin stendində, həmçinin işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlar subyektlərinə icarəyə verilməsi ilə bağlı investisiya müsabiqələri, torpaqların konsolidasiyası ilə bağlı pilot layihə, eləcə də regionlarda təşkil olunan aqrar biznes festivalları və məhsul festivalları barədə məlumatlar da təqdim olunub.
Qonaqlar sərginin regionların təmsil olunduğu bölməsində Masallı və Naxçıvanda istehsal olunan məhsullar, “İvanovka Aqropark” ASC tərəfindən sərgilənən müxtəlif növ çörəklər, qablaşdırılmış taxıl məhsulları, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası tərəfindən nümayiş olunan nar və nar məhsulları, eləcə də Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası tərəfindən dəstəklənən qadın sahibkarların hazırladığı yerli məhsullar ilə tanış olublar.
Bildirilib ki, “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” konsepti əsasında təşkil olunan təqdimatlar və məlumatlandırma sessiyalarında fermerlərə və sahibkarlara aqrar sahədə mövcud subsidiya, kredit, sığorta, məşğulluq, su təminatı, qida təhlükəsizliyi və biznesin inkişafı istiqamətində təqdim edilən dəstək mexanizmləri barədə ətraflı məlumat verilib.
Sərgidə “Smart Agro” istiqaməti üzrə süni intellekt, ağıllı kənd, startaplar, robototexnika, pilotsuz uçuş aparatları və “green agro” bölmələri də təqdim olunur.
Qeyd edək ki, “Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgiləri mayın 8-də öz işini yekunlaşdıracaq.
Azərbaycanla Çex Respublikası nəqliyyat və şəhər mobilliyi üzrə Anlaşma Memorandumu imzalayıb
Çexiyanın nəqliyyat naziri: Azərbaycanın Beynəlxalq Nəqliyyat Forumuna verdiyi töhfə böyükdür