07 may 2026 11:19
113

“Caspian Agro Week sərgisi” çərçivəsində innovativ təsərrüfatlara sahə səfərləri təşkil olunub

19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi çərçivəsində “Caspian Agro Week” konseptinə uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Türkiyə, Özbəkistan, Gürcüstan Respublikasının Kənd Təsərrüfatı Nazirliklərinin nümayəndə heyətləri ilə birgə ölkəmizdə fəaliyyət göstərən qabaqcıl təsərrüfatlara sahə səfərləri təşkil edilib.

“İki sahil” xəbər verir ki, səfərlərin əsas məqsədi xarici ölkənin nümayəndə heyətlərini ölkəmizdə aqrar sahədə fəaliyyət göstərən müasir istehsal prosesləri ilə yaxından tanış etmək olub.

Sahə səfərləri çərçivəsində nümayəndə heyəti ilk olaraq Türk Ticarət Mərkəzinə səfər edib. Nümayəndə heyəti “Barakat” restoranının, eləcə də Özbəkistanın quru qida və quru meyvələrinin satış mərkəzinin açılışında iştirak edib.

Tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Özbəkistanın kənd təsərrüfatı naziri İbrokhim Abduraxmonov, Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı, Türk Ticarət Mərkəzinin təsisçisi Yılmaz Okuklu çıxış edib. Nazirlər qeyd ediblər ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr iqtisadi, aqrar potensial, investisiya və mövcud nəqliyyat infrastruktur imkanlarından və qarşılıqlı faydalı əməkdaşlıqdan səmərəli istifadə etməli, ölkələr arasında ticarət dövriyyəsi artırılmalıdır.

Daha sonra qonaqlar “Grow Group” MMC-nin istehsalat müəssisəsində olub. Səfər zamanı şirkətin müasir texnologiyalarla təchiz olunmuş yeni nəsil istixana kompleksi ilə tanışlıq olub. Qonaqlara məhsulların ağıllı idarəetmə sistemləri vasitəsilə monitorinqi, iqlimə nəzarət, suvarma və qida maddələrinin balanslaşdırılmış şəkildə verilməsi prosesləri nümayiş etdirilib.

Nümayəndə heyəti “Absheron Olive Garden” müəssisəsinə də baş çəkib. Burada nümayəndə heyəti zeytun bağları, emal sahələri və müasir istehsalat infrastrukturu ilə tanış olub. Ziyarət zamanı məhsulun toplanmasından son məhsula qədər keçdiyi mərhələlər, həmçinin müəssisədə tətbiq olunan innovativ idarəetmə və istehsal yanaşmaları barədə ətraflı məlumat təqdim edilib.

Səfər iştirakçıları “Grand Agro İnvitro” MMC-nin istehsalat müəssisəsinə də baş çəkib. Qonaqlara müəssisədə tətbiq olunan müasir biotexnoloji üsullar, o cümlədən klonlaşdırma yolu ilə viruslardan azad bitki materiallarının istehsalı prosesi barədə ətraflı məlumat verilib. Bildirilib ki, müəssisə bu sahədə ölkənin aparıcı istehsalçılarından biri olmaqla yanaşı, məhsullarını xarici bazarlara da ixrac edir.

Görüşlərdə kənd təsərrüfatının və aqrar sənayenin inkişafı barədə fikir mübadiləsi aparılıb, bu sahədə təcrübə mübadiləsinin genişləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.