Bu, yalnız bol məhsul istehsal etmək deyil, həm də geniş bazarlara malik olmaqdır
Keyfiyyətli və bol məhsul yetihdirmək sahibkarın uğurunun 50 faizidirsə, bu uğurun digər 50 faizi də etibarlı bazar və satış imkanları əldə etməkdir. Bu istiqamətdə də Azərbaycan dövləti sahikarlara hərtərəfli dəstək göstərir. Belə ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) mikro, kiçik və orta sahibkarlıq subyektlərinin satış imkanlarını genişləndirmək, məhsullarını daha geniş auditoriyaya çıxarmaq və bazar haqqında düzgün qərarlar qəbul etmələrinə yardımçı olmaq məqsədilə bir sıra real vasitələrdən isifadə edir. Yəni, müvafiq qaydalara əsasən, Agentlik iri ticarət şəbəkələrinin mağazalarında icarəyə yer götürərək vahid stendlər yaradır və sahibkarların məhsullarını bu satış nöqtələrində yerləşdirir. Məqsəd yerli istehsal məhsullarının tanıdılması və onların satış imkanlarının artırılmasıdır.
Sözügedən mexanizm çərçivəsində sahibkara təqdim olunan satış sahəsində öz məhsullarının yerləşdirilməsi müddəti 3 ay nəzərdə tutulur. Zərurət olduqda bu müddət əlavə olaraq daha 3 ay uzadıla, həmçinin satış sahəsi genişləndirilə bilir. Hazırda Bakı şəhəri üzrə 6 satış nöqtəsində belə stendlər yaradılıb. Sahibkarlar bu stendlərdə məhsullarını təqdim etmək üçün KOBİA-ya elektron qaydada müraciət edirlər. Qeyd edək ki, bu dəstək mexanizmi çərçivəsində indiyədək 140-dək kiçik və orta biznesin (KOB) məhsullarının ticarət şəbəkələrində satışı təşkil olunub.
Bundan başqa, KOBİA mikro, kiçik və orta sahibkarlıq subyektlərinin daxili və xarici bazarlara çıxışını genişləndirmək məqsədilə onların ixtisaslaşmış sərgi və yarmarkalarda iştirakına dəstək göstərir. Hgmin dəstək ödənişsiz əsaslarla təqdim olunur və sahibkarlar məhsul və xidmətlərini daha geniş auditoriyaya təqdim etmək imkanı qazanırlar. Sərgilərdə iştirak edən KOB-lar yalnız məhsul və xidmətlərini nümayiş etdirmir, həmçinin yeni biznes əlaqələri qurur, potensial tərəfdaşlarla tanış olur və satış imkanlarını artırırlar. Bu mexanizmdən faydalanmaq üçün sahibkarın satışa hazır məhsulu və ya xidmətinin olması vacib şərtdir.
Sahibkarların öz məhsullarına geniş bazarlar tapması üçün digər önəmli vasitə KOBİA tərəfindən təşkil olunan «KOB FEST» sərgi-satış yarmarkalarıdır. 2022-ci ildən keçirilən «KOB FEST» KOB-ların məhsul və xidmətlərini geniş istehlakçı auditoriyasına təqdim etməsinə, satışlarını artırmasına və yeni əməkdaşlıqlar qurmasına şərait yaradır. Yarmarkalarda mikro və kiçik sahibkarlar, sənətkarlar və yaradıcı şəxslər iştirak edə bilər. İştirak ödənişsizdir, stend, təşkilati və digər xərclər dövlət dəstəyi hesabına qarşılanır.
«KOB FEST»lər əsasən regionlarda təşkil olunaraq yerli sahibkarların bazarlara çıxışını genişləndirir, istehsalçıları və istehlakçıları vahid platformada bir araya gətirir. Eyni zamanda, tədbirlər çərçivəsində mədəni-əyləncəli proqramlar, master-klasslar və «B2B» görüşlər təşkil olunaraq sahibkarlara əlavə imkanlar yaradılır. «B2B» görüş zonası iştirakçılar və peşəkar alıcılar arasında səmərəli biznes görüşləri üçün nəzərdə tutulmuş xüsusi məkandır. Bu zona şirkətlərlə birbaşa əlaqələr qurmaq, tərəfdaşlıq imkanlarını araşdırmaq və rahat, məhsuldar şəraitdə danışıqlar aparmaq imkanı yaradır.
2026-cı ildə də «KOB FEST»lərin keçirilməsi nəzərdə tutulur. Sahibkarlar sərgi və yarmarkalara, o cümlədən “KOB FEST” sərgi-satış yarmarkalarına çıxışa dəstək barədə KOBİA-nın saytından ətraflı məlumat əldə edə bilərlər. Məlumat üçün qeyd edək ki, indiyədək ölkəmizdə və xaricdə keçirilmiş 82 sərgi və yarmarkada 2000-dək KOB-un iştirakı dəstəklənib.
Biznesin uğurlu inkişafı üçün bazarın mövcud vəziyyətinin öyrənilməsi də sahikarlar üçün xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə KOBİA sahibkarlara daxili bazar araşdırmasının aparılmasında maliyyə və informasiya dəstəyi göstərir. Daxili bazar araşdırması istehsal, logistika, marketinq, sertifikatlaşdırma və digər sahələr üzrə məlumatların toplanmasını təmin edərək sahibkara düzgün biznes qərarları qəbul etmək imkanı yaradır. Eyni zamanda bu araşdırmalar sahibkarlara bazara çıxış imkanlarını qiymətləndirməyə və satış strategiyalarını daha effektiv formalaşdırmağa kömək edir.
Bu mexanizm çərçivəsində mikro sahibkarların müraciəti əsasında aparılan araşdırma xərclərinin 80 faizi, kiçik sahibkarların müraciəti ilə həyata keçirilən araşdırma xərclərinin isə 50 faizi dövlət tərəfindən qarşılanır. Dəstəyin maksimal məbləği 20 min manata qədərdir. Araşdırmalar həm sahibkarların fərdi müraciətləri, həm də Agentliyin təşəbbüsü əsasında həyata keçirilir.
İndiyədək sahibkarların müraciəti əsasında 28, KOBİA-nın təşəbbüsü ilə isə 42 olmaqla ümumilikdə 70 daxili bazar araşdırması aparılıb. Sahibkarlar bu mexanizm, eləcə də indiyədək KOBİA-nın təşəbbüsü ilə aparılmış bazar araşdırmaları ilə Agentliyin www.smb.gov.az saytından tanış ola bilərlər.
Elçin Zaman, «İki sahil»