Yadımdadır, Azərbaycan sədrliyə xeyli ambisiya və yaxşı planlarla başlamışdı. Amma bu gün bizim nailiyyətlərimiz çox oldu. Təbii ki, bu elə də asan olmadı. Belə ki, üzv ölkələrlə konsensus yaratmaq üçün gərgin mübarizə apardıq. Amma nəhayət, işlər çox müsbət və səmərəli şəkildə yekunlaşdı. Buna görə də çox məmnunam.
“İki sahil” xəbər verir ki, bu barədə Beynəlxalq Nəqliyyat Forumunun (ITF) Baş katibi Yanq Tae Kim Azərbaycanın ITF-ə uğurlu sədrliyi barədə AZƏRTAC-a və Azərbaycan Televiziyasına açıqlamasında deyib.
Azərbaycanın sədrliyi dövründə mühüm qərarların qəbul olunduğunu vurğulayan Yanq Tae Kim bildirib: “Bundan başqa, bilirəm ki, Azərbaycan Orta Dəhlizin inkişafına, eləcə də rəqəmsal və şəhər nəqliyyatı sisteminə həqiqətən maraq göstərirdi. Daha sonra iki strateji tövsiyə qəbul edildi, yekdilliklə dəstəkləndi və bu, həqiqətən də yaxşı nailiyyət oldu. Həmçinin bu dəfə Azərbaycanın sədrliyi ilə üç ölkə təşkilata yeni üzv qəbul edildi. Keçən il yeni üzvlərimiz olmamışdı. Bu il isə üç üzvümüz oldu. Düşünürəm ki, bu, çox müsbət nəticədir. Beləliklə, ümumilikdə, Azərbaycanın sədrliyinin həqiqətən uğurlu olduğunu qiymətləndirirəm və mən bundan çox məmnunam”.
Uğurlu fəaliyyətinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirən Baş katib qeyd edib: “Fürsətdən istifadə edərək, ITF platformasını dəstəkləyən Azərbaycan hökumətinə və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinə təşəkkür edirəm. Sammit müddətində iştirakçılardan çoxlu müsbət rəylər aldım. Hər bir kəs həqiqətən çox məmnun idi. Mən də Azərbaycanın fəaliyyətindən çox məmnunam.