“İftixar Piriyevin elmi monoqrafiyaları – intellektin zamanla polemikası” ifadəsi olduqca dərin və fəlsəfi məna daşıyır. Bu başlıq İftixar Piriyevin elmi yaradıcılığını yalnız nəzəri araşdırmalar toplusu kimi deyil, həm də zaman, cəmiyyət, sənət və düşüncə ilə davam edən dialoq kimi təqdim edir. İftixarın elmi əsərləri Azərbaycan teatrşünaslıq və mədəni fikir tarixində intellektual düşüncənin zamanla polemikası kimi diqqəti cəlb edir. Müəllifin araşdırmaları yalnız teatr prosesinin tarixi və nəzəri problemlərini öyrənmir, eyni zamanda müxtəlif dövrlərin estetik təfəkkürü, milli-mədəni yaddaşı və sənətin ideya transformasiyalarını müqayisəli şəkildə təhlil edir. Bu monoqrafiyalarda zaman statik hadisə deyil; o, sənətkar düşüncəsi ilə mübahisəyə girən, yenilənən və yenidən dəyərləndirilən canlı kateqoriya kimi təqdim olunur. İ.Piriyevin elmi konsepsiyası teatrı yalnız səhnə hadisəsi deyil, ictimai şüurun, milli kimliyin və mənəvi təcrübənin estetik modeli kimi dərk edir. Bu mənada onun monoqrafiyaları intellektual yaddaşın zamanla dialoqu və polemikası təsiri bağışlayır.
Azərbaycan teatrşünaslıq elmi uzun illər ərzində müxtəlif nəzəri-estetik istiqamətlərdə inkişaf etmiş, milli teatr düşüncəsinin formalaşmasında mühüm rol oynamışdır. Bu elmi istiqamətin inkişafında bir sıra görkəmli alimlərin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Həmin tədqiqatçılar sırasında sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyevin elmi yaradıcılığı diqqəti xüsusilə cəlb edir. Onun “Müstəqillik dövrü teatrımızın inkişafında Elçin dramaturgiyasının mövqeyi”, “Hidayət və teatr”, “Elçin teatrı: Absurd dram “Qeyri-səlis məntiq nəzəriyyəsi kontekstində”, “İrəvan Dövlət Azərbaycan Dram Teatrının tarixi”, “Qeyri-səlis məntiq və teatr” monoqrafiyaları Azərbaycan teatr tarixinin, səhnə estetikasının və sənət düşüncəsinin müxtəlif problemlərini əhatə etməklə yanaşı, milli mədəniyyətin fəlsəfi-estetik mahiyyətinin araşdırılması baxımından da mühüm elmi əhəmiyyət daşıyır.
“Müstəqillik dövrü teatrımızın inkişafında Elçin dramaturgiyasının mövqeyi” (Bakı, “Apostroff”, 2013, 228 s.) monoqrafiyası Elçin dramaturgiyasının müstəqillik dövrü teatrımızın inkişafındakı mövqeyinə həsr edilmiş, Elçin yaradıcılığının milli teatr mədəniyyətimizin mühüm faktı kimi araşdırılan elmi tədqiqatdır. Kitabda Elçin teatrının müstəqillik dövrü teatrımızda yeni teatr estetikasının formalaşmasındakı yeri, əhəmiyyəti, mövqeyi müəyyənləşdirilmişdir. Əsərdə Elçinin pyeslərinin, komediya və tragikomediyalarının həm Azərbaycan, həm də xarici ölkə teatrlarının səhnələrindəki tamaşalarının aktual bədii səciyyələrini deyil, eyni zamanda Elçinin 70-ci illərdən üzü bəri yazdığı tənqidi məqalələri, resenziyaları, publisistik yazıları, esseləri, müxtəlif səviyyəli tədbirlərdəki çıxış və məruzələrini, müsahibələrini də geniş təhlil və tədqiq etməklə, onun Azərbaycan dramaturgiyasının, teatrının, teatr estetikasının ümumi yaradıcılıq inkişafına, sənətkarlıq səviyyəsinin yüksəlişinə, Azərbaycanın ədəbi-ictimai, mədəni mühitinin ənənələrinin, müasirlik ruhunun, beynəlmiləlçilik mahiyyətinin, mənəvi mündəricəsinin güclü təbliğatçısı və təəssübkeşi olması faktı isbatlanır.
“Hidayət və teatr” (Bakı, “Apostrof-A”, 2019, 260 s.) monoqrafiyası Azərbaycan ədəbiyyatı və mədəniyyətinin görkəmli nümayəndəsi, şair, dramaturq, ədəbiyyatşünas, teatr tənqidçisi, tərcüməçi, ictimai-siyasi xadim Hidayətin dramaturgiya və teatr sahəsindəki nailiyyətlərinə həsr edilmiş ilk tədqiqat əsəridir. Monoqrafiyada Hidayətin pyeslərinə quruluş vermiş müxtəlif üsluba malik rejissorların fərqli dəsti-xəttləri araşdırılmış, müqayisə edilərək maraqlı mülahizələr irəli sürülmüşdür. Şairin dramaturgiyasının ötən əsrin ikinci yarısı və əsrimizin əvvəllərində milli teatr prosesində sənətkarlıq səviyyəsinin yüksəlməsində məxsusi rol oynadığı, eləcə də publisistika və teatr-estetik görüşlərinin Azərbaycanın ədəbi-ictimai, mədəni ənənələrinin milli mədəniyyətimizin inkişafındakı xidmətləri qeyd edilir.
Elmi-tarixi araşdırma olan “Hidayət və teatr” kitabı yalnız Hidayətin teatrla bağlı keçdiyi zəngin yaradıcılıq yolunu əks etdirmir, burada Azərbaycan mədəniyyətinin, ədəbiyyatınin, teatr tarixinin, dövlətçilik və müstəqillik tariximizin bədii obrazını yaratdığı əsərlərində, ictimai-siyasi fəaliyyətində əks etdirən parlaq zəka sahibi, humanist ziyalı Hidayətin həyat tarixçəsi – ömür kitabı vərəqlənir. Bu ömür kitabının böyük bir hissəsi isə Ulu Öndər Heydər Əliyevlə bağlıdır.
Hidayət Ümummilli Lider Heydər Əliyev məktəbinin layiqli yetirməsidir. O, Heydər Əliyev siyasi kursunun davamçısı olaraq, milli siyasətlə bağlı proqramların həyata keçirilməsində bu gün də xüsusi bacarıq və qabiliyyətlə çalışır. Hidayətin milli ədəbiyyatda qazandığı uğurlar milli siyasətdə də öz bəhrəsini verir. Bu onun təkcə vəzifə borcu deyil, eyni zamanda Heydər Əliyevin müəyyənləşdirdiyi azərbaycançılıq ideyasının həyata keçirilməsinə çalışan vətəndaşlıq qayəsidir. İftixar Piriyev də tədqiqatında Hidayətin yaradıcılığında Heydər Əliyev fenomeninə həsr olunan kitablara, monoqrafiyalara, publisistik yazılara geniş yer verməyinə aydınlıq gətirərək, bunun, əlbəttə ki, səbəbsiz olmadığını vurğulayır və qeyd edir ki, “Heydər Əliyev bütün həyatı, varlığı, hissi, əqli, düşüncəsi ilə ədəbiyyata, incəsənətə, xüsusilə teatr sənətinə bağlı, ülvi təbiətli, müdrik, zəkalı, uzaqgörən bir insan idi. Teatr sənəti onun canına hopmuşdu, onsuz həyatını təsəvvür edə bilmirdi. Yalnız ona görə yox ki, o özü yaxşı həvəskar aktyor olmuş, teatr səhnəsində tutarlı rollar oynamışdı, həm də ona görə ki, Heydər Əliyev teatr sənətinin məna və mahiyyətini, onun insanların qəlbinə, hissinə, əqidəsinə dərin təsirini, tərbiyəvi əhəmiyyətini dərindən duyurdu”. Heydər Əliyev elə bir fenomendir ki, Hidayətin də həm bir teatr xadimi kimi, həm də Heydər Əliyev məktəbinin yetirməsi kimi o böyük dühaya öz yaradıcılığında daha isti münasibətlə yer ayırması o parlaq şəxsiyyətin mükəmməl obrazının cəlbedici xüsusiyyətindən qaynaqlanır.
Digər əsəri olan “Elçin teatrı: Absurd dram “qeyri-səlis məntiq” nəzəriyyəsi kontekstində” (Bakı, “Apostrof-A”, 2022, 168 s.) tədqiqatında böyük düha sahibi Lütfi Zadənin “Qeyri-səlis məntiq” nəzəriyyəsi işığında xalq yazıçısı Elçinin dramaturgiyasının süjet situasiyalarının”qrammatikası” açıqlanır. Absurd pyeslərinin paradoksal məntiqi müəyyən edilir. Təhlil zamanı XX əsr Avropa teatrının əsas istiqamətlərindən biri olan “absurd teatrı”nın təşəkkül və inkişaf tarixinə işıq salınır, absurdluğun “Qeyri-səlis məntiq”lə əlaqəsinə toxunulur. Araşdırma elmi-nəzəri, fəlsəfi-intellektual tədqiqat əsəri olaraq milli teatrşünaslığımızın elmi dövriyyəsinə aktual, gərəkli, əhəmiyyətli bir problemi gətirir. Kitabın məqsədi absurd nəzəriyyə ilə qeyri-səlis məntiq nəzəriyyəsinin paralel dünyalarının “metaforaları”nı semantik təhlilə cəlb etmək; absurdizmin yaranış tarixini araşdırmaq; cəmiyyətin təxəyyülündə yeni meydanların, yeni baxış bucaqlarının açılmasına səbəb ola bilən absurd nəzəriyyəsi barədə ətraflı bilgiləri sərgiləmək; Elçinin absurd dramaturgiyasında qeyri-səlis məntiq enerjisinin intertekstual elmi və bədii panoramını yaratmaqdır.
Nəzəri mülahizələrini, ideya konstruksiyalarını problemin hücrələrində isbatlayan müəllifin qənaətinə görə, ən qədim zamandan bu günə qədər bütün alimlər, nəzəriyyəçilər, cərəyançılar öz kəşflərini ortaya qoyarkən, özləri də hiss etmədən məhz “Qeyri-səlis məntiq” nəzəriyyəsinin təhtəl şüurda yerləşən çoxluqlar potensialından istifadə etmişlər.
Bu nəzəri diskurs tədqiqatda ilk növbədə “mümkünsüzlükdə mümkünlülük axtaran” Nizami Gəncəvi fəlsəfi qayəsindən gətirilən misallarla təhlil edilir, nəticədə dahi şairin “qeyri-səlis düşüncə sahibi olduğu” faktı kulturoloji fikir tariximizdə ilk dəfə olaraq təhlil müstəvisinə çıxarılır. Həmçinin, bəşər elmində dünyəvi dəyişiklər yaradan “Qeyri-səlis məntiq nəzəriyyəsi”nin humanitar sahənin əsas qollarından olan teatr sənətinin komponentlərindəki yeri müəyyənləşdirilir və elmi sübutlarla teatr ifadə vasitəsinin "məntiq enerjisi"ndən güc alan yeni “rekombinasiyaları”na diqqət yönəldilir. Əsərdə sənətşünaslıqda ilk dəfə olaraq E.Olbinin, E.İoneskonun, M.Eslinin absurd esselərinin təhlillərinə rast gəlirik ki, bu da absurd janrını ictimai-sosial aktuallığın zirvəsinə yüksəldən və bu zirvədən onu “qeyri-səlis məntiq” mahiyyəti içrə araşdıran üsul kimi təqdirəlayiqdir. Absurd cərəyanı, ədəbi-bədii və teatr sənəti sahəsində öz novatorluğu ilə seçilir ki, tədqiqatda həmin cərəyanın fəlsəfi mahiyyətinə nəzər salınır, “Qeyri-səlis məntiq” nəzəriyyəsinin absurdizm cərəyanı ilə müqayisəli təhlili aparılır.
“İrəvan Dövlət Azərbaycan Dram Teatrının tarixi” (Bakı, “Apostrof-A”, 2023, 640 s.) elmi-tarixi, publisistik monoqrafiyası Azərbaycan teatr sənətinin ən güclü, ən mükəmməl yaradıcı qolu olan, milli teatr sənətimizin inkişafına əvəzsiz töhfələr verən, 140 illik yaradıcılıq yolu keçmiş Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaranma tarixinə, təşəkkül və inkişaf mərhələlərinə, müasir yaradıcılıq metaforalarından həsr olunub. Müəllifin məqsədi – Azərbaycan teatr sənətinin geniş coğrafiyasında İrəvan Teatrının tutduğu yeri müəyyənləşdirmək, tarixi keçmişinin həqiqətlərini və çağdaş dövr fəaliyyətinin reallıqlarını əks etdrən özünəməxsus cəhətləri geniş elmi kontekstdə aydınlatmaqdır. Müəllif teatrın bütün yaradıcılıq yolunu işıqlandırmaqla diqqəti ona cəlb edir ki, bu sənət ocağının fədakar kollektivi bütün fəaliyyəti boyu onun yaradıcılığına qəsd etməyə çalışanlara öz sənətkarlıq qüdrəti və polad iradəsi, cəfakeşlik həssasiyyəti və əzmkarlıq dəyanəti ilə mübarizlik nümayiş etdirmiş, yaratdığı çoxjanrlı sənət nümunələri sayəsində cəmiyyətin həqiqi aynasına çevrilmiş, bütövlükdə Azərbaycan teatr sənətinin yaradıcılıq salnaməsinə böyük töhfələr verməklə yanaşı, öz ənənələrini yaratmış, yaşatmış, daim inkişaf etdirmiş və özünəməxsus bir sənət ocağı məkanına çevrilmişdir.
Monoqrafiya “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyası”nın icrasına ictimai dəstəyin verilməsinə dair Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir. “İrəvan Mədəni İrsinin Təbliği” İctimai Birliyinin “Qərbi Azərbaycanın mədəni irsi – “İrəvan Dövlət Azərbaycan Dram Teatrının tarixi” layihəsinin məhsulu olan bu nəşr İrəvan Mədəni İrsinin canlı abidəsi olan İrəvan Azərbaycan Teatrının tutduğu yeri müəyyənləşdirir, tarixi keçmişinin həqiqətlərini və çağdaş dövr fəaliyyətinin reallıqlarını əks etdrən əsrarəngiz cəhətlərini geniş elmi kontekstdə aydınlaşdırır.Həmçinin dünya azərbaycanlılarında milli ideologiyanın, vətənpərvərlik ruhunun vüsət alması, əbədi-əzəli torpaqlarından didərgin düşmüş, iki yüz ildə dünyanın müxtəlif ölkələrinə köç etmək məcburiyyətində qalmış soydaşlarımızın böyük qayıdışa səfərbər edilməsi, bu ideyanın tezliklə gerçəkləşməsi üçün həmvətənlərimizdə inamın gücləndirilməsinə təkan verilməsi, onlara mənəvi dəstək göstərilməsi və maarifləndirilməsi prinsiplərinin həyata keçirilməsi kimi mühüm məsələlərin həll olunmasını ehtiva edir.
“Qeyri-səlis məntiq və teatr” (Bakı, “Apostrof-A”, 2025, 240 s.) kitabı, əsası dünyaca məşhur alim Lütfü Zadə tərəfindən qoyulmuş “Qeyri-səlis məntiq” nəzəriyyəsinin teatr sənətinə sinergetik adaptasiyası problemlərini araşdıran, 2022-ci ildə çapdan çıxmış “Elçin teatrı: Absurd dram “Qeyri-səlis məntiq” nəzəriyyəsi kontekstində” monoqrafiyasından sonra bu istiqamətdə ikinci monoqrafik tədqiqat əsəridir. Yeni teatr-yaradıcılıq sisteminin – “Qeyri-səlis teatrı”nın metodoloji prinsipləri ilə daha yeni istiqamətlər axtarmağa, əldə olunan nailiyyətlərlə elmi-nəzəri və praktiki-faktoloji əsasları zənginləşdirməyə imkan yaradır; süjet ətrafında uydurulan oyun tipinin məntiqə bağlanan sonluğunun, binarın klassik məntiqindən doğan, qeyri-səlis çoxluqlardan keçərək məntiqi harmoniyanın vəhdətini yaradan qeyri-səlis konsepsiyanın bir sistem içində cilalanan teatr sənətinə adaptasiyasını isbatlayır.
İftixar Piriyev bir neçə ildir ki, teatr nəzəriyyəsini qeyri – adekvat səciyyədə sənətin praktikası ilə birləşdirərək, əsası dahi alim Lütfü Zadə tərəfindən qoyulmuş “Qeyri-səlis məntiq nəzəriyyəsi”nin teatr sənətində sinergetik adaptasiyası (Elçin teatrı əhatəsində)” məzmunlu doktorluq dissertasiyası üzərində araşdırmalar aparır. Bu işin elmi yeniliyinin tam şəkildə, dolğun və aydın mülahizələr, müqayisələr, paralellərlər, kəsişmələr və çarpaz konturlarla fəlsəfi-intellektual-teatral müstəvidə teatr sənətində yerini müəyyənləşdirməyə çalışır.
Kitab müəllifi teatr sənətinin yaranışından “Qeyri-səlis məntiq” nəzəriyyəsi fəlsəfəsiylə bu və ya digər formada əlaqəli olduğu fikrini irəli sürür. Özünün riyazi düşüncə gücünün sonradan təfəkkürünə, həyat tərzinə nə qədər məna daşımasını nəql edir; həm də bu nəzəriyyənin bünövrəsinin Zadənin təfəkküründə də hələ uşaqlıq dövründən özünə yer tutması ilə əlaqələndirir. İftixar dahi alimin ömür salnaməsinin təsvirlərini gələcəyin yüksək zəka sahibinin gərgin təhsil, elmi araşdırmalar, unikal kəşflər prosesləri ilə təqdim edir. “Qeyri-səlis məntiq” nəzəriyyəsinin təxəyyülün, təsəvvürün, düşüncənin konkret ölçülərinin, nəticəsinin olmaması qənaətini irəli sürərkən, bu nəzəriyyənin teatr sənətində görünən yerini incələyir və “Bütün cərəyanları, nəzəriyyələri və fəlsəfi paradiqmaları söz ifadə etdiyi kimi, bütün duyğuların, hisslərin təcəssümü də sözün enerjisindən yaranan mizanlar, hərəkətlər, jestlər, mimikalar və.s-lə ifadə olunur. Sözün meydana gətirdiyi dramaturgiya, bədii əsərlə bərabər teatr sənətini yaradır” qənaətini həyatın və teatr sənətinin harmonik qanunauyğunluqları daxilində yeni düsturlarla ifadə edir: “Kainatın harmoniyası arealında, varlıqların yenilənmə prosesi nə qədər ahəngdar, doğal və qanunauyğundursa, bir o qədər, bədii yaradıcı sənət sahələrinin ən dolğunu, zəngini, canlısı olanı teatr sənəti də öz harmoniya arealındakı ahəngdarlığı ilə kainatın özü qədər semantikdir” (İftixar).
Tədqiqatın aktuallığı, dünya teatr prosesi axınında müasir yaradıcılıq prinsipləri ilə “Qeyri-səlis məntiq” nəzəriyyəsinin teatr sənətinə tətbiqini avanqard üslubda qurulan tamaşaların konseptual əhəmiyyətinə əsaslanaraq həyata keçirilməsində, forma və məzmun mahiyyətində, məntiqi istiqamətlər axtarışında, əldə olunan nailiyyətlərin elmi-nəzəri nəticələrini teatrşünaslıq təhlillərində ifadə etməklə və yeni müstəviyə qədəm qoymaqla isbatlanır.
Elmi araşdırmalarında teatrı yalnız səhnə sənəti kimi deyil, zamanın ictimai-mədəni təfəkkürünü əks etdirən estetik sistem kimi təqdim edən müəllif müxtəlif tarixi mərhələlərdə teatrın funksional və ideya dəyişmələrini araşdıraraq sənət və zaman münasibətlərinə xüsusi diqqət yetirir. Bu baxımdan onun monoqrafiyaları intellektual düşüncənin zamanla polemikası kimi qiymətləndirilə bilər.
Teatr düşüncəsinin elmi-estetik interpretasiyası
Monoqrafiyalarında Teatr Sənəti yalnız dramaturji və səhnə problemləri çərçivəsində məhdudlaşmır. Müəllif teatrı milli şüurun formalaşması, ictimai düşüncənin inkişafı və estetik yaddaşın qorunması baxımından araşdırır. Onun elmi təhlillərinin əsas xüsusiyyətlərindən biri teatr prosesinə kompleks şəkildə yanaşmasıdır. Araşdırmaçıya görə teatr həm də xalqın mənəvi aləmini, mədəni dünyasını, ictimai psixologiyasını və estetik dünyagörüşünü yaşadan mühüm mədəni institutdur. Bu səbəbdən teatr sənəti tarixinin və nəzəriyyəsinin öyrənilməsi milli kimliyin araşdırılması ilə sıx bağlıdır.
Tədqiqatçı alim səhnə sənətini tarixi hadisələrin passiv əksi kimi deyil, cəmiyyətin ideoloji, mənəvi və estetik transformasiyalarını ifadə edən fəal mədəni sistem kimi təqdim edir. Bu konsepsiya xüsusilə milli teatr tarixinin müxtəlif mərhələlərinin təhlilində özünü aydın göstərir. Müəllif tamaşa sənətində yaranan estetik dəyişiklikləri dövrün ictimai-mədəni prosesləri ilə əlaqələndirərək teatrın zamanla qarşılıqlı münasibətlərini araşdırır.
İftixar Piriyevin elmi təhlillərində diqqəti cəlb edən mühüm cəhətlərdən biri də sənətkar şəxsiyyətinə münasibətidir. Müəllif rejissor, aktyor və dramaturq yaradıcılığını yalnız fərdi yaradıcılıq hadisəsi kimi deyil, dövrün estetik və ictimai təfəkkürünün ifadəsi kimi dəyərləndirir. Bu yanaşma onun monoqrafiyalarına geniş nəzəri-fəlsəfi məzmun qazandırır.
Zaman və intellekt münasibətləri
Görkəmli teatr xadiminin monoqrafiyalarında zaman anlayışı xüsusi fəlsəfi-estetik kateqoriya kimi çıxış edir. Onun üçün zaman yalnız tarixi ardıcıllıq deyil; o, düşüncənin, sənətin və estetik təcrübənin dəyişən mahiyyətini müəyyənləşdirən amildir. Buna görə də onun elmi əsərlərində teatr tarixi xronoloji faktların sadə təsviri formasında deyil, intellektual inkişaf prosesinin analitik modeli kimi təqdim edilir.
Müəllif müxtəlif dövrlərin teatr düşüncəsini müqayisəli şəkildə araşdıraraq estetik dəyişmələrin səbəblərini müəyyənləşdirməyə cəhd edir. Bu zaman teatr sənətində ənənə və yenilik münasibətləri xüsusi diqqət mərkəzində saxlanılır. İftixar göstərir ki, hər bir yeni estetik mərhələ əvvəlki dövrlərlə polemik münasibətdə formalaşır. Beləliklə, teatr sənəti həm də zamanın ideoloji və mədəni dəyişmələrinə cavab verən canlı sistem kimi təqdim olunur.
Bu növ təsnifatlar müəllifin elmi yaradıcılığında intellektual polemika xarakteri yaradır. Onun monoqrafiyalarında keçmiş yalnız nostalji yaddaş obyekti deyil, müasir estetik düşüncə ilə dialoqa girən fəal mədəni təcrübədir. Bu baxımdan İftixar Piriyevin elmi əsərləri teatrşünaslıqda tarix və müasirlik münasibətlərinin nəzəri interpretasiyası kimi mühüm əhəmiyyət daşıyır.
Milli-mədəni yaddaş və teatr
İftixarın elmi əsərlərində milli teatrın inkişaf prosesi milli-mədəni yaddaş kontekstində araşdırılır. Onun qənaətinə görə teatr xalqın mənəvi təcrübəsini, ictimai psixologiyasını və estetik dünyagörüşünü yaşadan mühüm mədəni institutdur. Bu səbəbdən teatr tarixini və teatr nəzəriyyəsinin öyrənilməsi milli kimliyin araşdırılması ilə sıx bağlıdır.
Tədqiqatçı milli teatrın inkişafını yalnız səhnə texnikası və ya dramaturji forma dəyişiklikləri ilə əlaqələndirmir. O, teatr sənətində baş verən dəyişikliklərin milli təfəkkürün inkişafı ilə birbaşa bağlı olduğunu göstərir. Bu baxımdan İ.Piriyevin elmi yaradıcılığı teatrı mədəni yaddaşın estetik modeli kimi təqdim edir.
Müəllifin monoqrafiyalarında klassik teatr ənənələrinin müasir teatr düşüncəsinə təsiri də geniş şəkildə təhlil edilir. O, klassik irsin qorunmasını yalnız keçmişə bağlılıq kimi deyil, müasir estetik inkişafın mühüm şərti kimi qiymətləndirir. Beləliklə, ənənə və modernizm münasibətləri müəllifin nəzəri konsepsiyasında qarşıdurma deyil, qarşılıqlı inkişaf prinsipi kimi təqdim olunur.
Sənətşünas alim İftixar Piriyevin elmi monoqrafiyaları Azərbaycan teatrşünaslıq elmində mühüm nəzəri-estetik mərhələ təşkil edir. Müəllifin təqdid etdiyi problemlər teatr sənətinin tarixi, fəlsəfi və estetik problemlərini kompleks şəkildə təhlil etməklə yanaşı, milli-mədəni düşüncənin inkişaf qanunauyğunluqlarını da üzə çıxarır. Göründüyü kimi bu əsərlərdə teatr zamanın ictimai-estetik prosesləri ilə daim polemik münasibətdə olan canlı sənət sistemi kimi təqdim edilir. Bu səbəbdəndir ki, İftixarın elmi yaradıcılığı “intellektin zamanla polemikası” kimi xarakterizə oluna bilər. Müəllifin əsərləri Azərbaycan teatrşünaslığının nəzəri inkişafında mühüm mərhələ olmaqla yanaşı, müasir humanitar düşüncənin estetik istiqamətlərinin öyrənilməsi baxımından da xüsusi elmi əhəmiyyət daşıyır.

Nərminə Ağayeva,
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent