Belarus ordusunda aparılan genişmiqyaslı yoxlamalardan sonra hərbi hissələrin döyüş hazırlığının artırılması məqsədilə mərhələli şəkildə səfərbərlik və hazırlıq tədbirləri davam etdiriləcək. Onun sözlərinə görə, əsas məqsəd ordunun mümkün təhlükələrə qarşı hazırlıq səviyyəsini yüksək saxlamaqdır.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
Belarus lideri vurğulayıb ki, ölkə müharibə istəmir və ümid edir ki, hərbi qarşıdurmadan yayınmaq mümkün olacaq. Bununla belə, hazırkı geosiyasi vəziyyətin mürəkkəbliyi rəsmi Minskin təhlükəsizlik məsələlərinə daha ciddi yanaşmasını zəruri edir. Lukaşenko bildirib ki, Belarus öz sərhədləri yaxınlığında baş verən prosesləri diqqətlə izləyir və ordunun döyüş qabiliyyətinin daim hazır vəziyyətdə saxlanılmasını vacib hesab edir.
Lukaşenko həmçinin qeyd edib ki, mümkün müharibə şəraitində Belarus ordusunun sayı yarım milyona qədər artırıla bilər. Bu açıqlama ölkənin müdafiə potensialını gücləndirmək və xarici təhlükələrə qarşı hazırlıqlı olduğunu nümayiş etdirmək məqsədi daşıyır.