13 may 2026 00:57
97

Bu gün dünya gübrə böhranı yaşayır

Bəs, Azərbaycan qlobal böhrandan sığortalana bilibmi?

Rusiya- Ukrayna müharibəsi başa çatmamış daha bir regional- İsrail, ABŞ- İran müharibəsinin başlaması dünya iqtisadiyyatında ciddi böhrana yol açıb. Xüsusilə Ukraynada müharibə səbəbindən əkin sahələrinin azalması, üstəlik, Rusiyadan və Belarusdan gübrə ixracının məhdudlaşdırılması buğdanın, düyünün və digər önəmli  kənd təsərrüfatı məhsullarının qiymətinda bahalaşma yaradıb. İqtisadçıların qənaətincə, Rusiya-Ukrayna  və İsrail, ABŞ- İran müharibələri fonunda  Hörmüz boğazının  bağlanması qlobal gübrə bazarında da tədarük çatışmazlığını genişləndirib. Nəticədə bu məhsulların qiymətləri də artıb. Məlumata görə, son 1 ildə əmtəə birjalarında təkcə azot gübrəsinin  1 tonunun qiyməti 250 dollardan 700 dollara qədər yüksəlib. Gübrə istehsalında istifadə olunan ammonyak, azot, nitrat, fosfat, kalium və sulfat isə 30-35 faizə qədər bahalaşıb.

Kənd təsərrüfatı mütəxəsisilərinin fikrincə, bitkilərin hərtərəfli inkişafı üçün torpaqda 3 növ elementin olması vacibdir: azot, kalium və fosfor. Bunlardan hər hansı birinin olmaması bitkinin inkişafını əngəlləyir. Azot, fosfor və kalium bitkilərin inkişafı və yüksək məhsuldarlıq üçün əsas qida maddələridir. Azot gübrələri təbii qazdan istifadə etməklə ammonyakdan hazırlanır. Fosfat və kalium gübrələrinin istehsalı isə zəruri filizlərin çıxarılmasından və onların kimyəvi çevrilməsindən asılıdır.

Dünyada ən çox tələbat isə azot gübrəsinədir. Çünki kalium və fosfor gübrələri 3 ilədək dövrdə torpaqda qalır, azot gübrəsi isə qısa müddətdə parçalanır. Buna görə də torpağa azot gübrəsinin hər il vermək lazım gəlir. Hazırda dünyada istifadə olunan mineral gübrələrin 50 faizdən çoxunu azot gübrəsi təşkil edir. Dünya Gübrə İstehsalçıları və İxracatçıları Assosiasiyasının(IFA) məlumatına görə, son bir neçə ildə  qlobal gübrə istehlakı 343,8 milyon ton təşkil edib. Bunun yarıdan çoxu azot gübrələri olub. Dünya üzrə fermerlərin gübrə xərcləri məhsulun maya dəyərinin 15 faizinə bərabər olur. Taxıl istehsalçılarında bu göstərici 36 faizə qədər yüksəlib.

Bu gün dünya gübrə bazarı  üçün təhlükə hələ də Hörmüz boğazının bağlı olmasıdır. Çünki ölkələrarası gübrə ticarətinin 35 faizi bu boğazdan keçməklə reallaşır. Bundan əlavə, dünya kükürdünün yarısı Hörmüz boğazından daşınır. Kükürd təkcə gübrə istehsalı üçün deyil, həm də kimyəvi maddələrin istehsalı və ya vacib mineralların emalı üçün istifadə olunur.

Almaniyada qida və kənd təsərrüfatı müəssisələrini təmsil edən Raiffeisen Assosiasiyasının (DRV) baş meneceri Filip Spinne ilin əvvəlindən bəri dünya bazarlarında mineral gübrələrin qiymətinin təxminən 30-40 faiz artdığını qeyd edir. Onun sözlərinə görə, müharibə uzun müddət davam edərsə, dünyada  qiymətlər daha da yüksələr ki, bu, ərzaq məhsullarının qiymətlərinin artmasına səbəb ola bilər.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatlarında bildirilir ki, hazırda qida məhsullarının istehlakının və ya xərclərinin təxminən 36 faizi aşağı gəlirli ölkələrin payına düşür. Buna görə də Afrikanın, Yaxın Şərqin və Mərkəzi Amerikanın bəzi ölkələrində əhali  gəlirlərinin böyük bir hissəsini qidaya xərcləyir. Nəticə etibarilə, aşağı gəlirli ölkələr  qida məhsullarının qiymətlərinin artmasından daha çox əziyyət çəkirlər.

Bəs ölkəmiz  qlobal gübrə böhranından sığoratlana bilibmi? Qeyd edək ki, Bu gün gübrə istehsalı ilə məşğul olan SOCAR-ın Karbamid Zavodunun illik istehsal gücü 650-660 min ton təşkil edir. Bu  isə o deməkdir ki. zavod daxili bazarın tələbatını tam qarşılayır. Layihələndirilərkən nəzərə alınıb ki, istehsalın 30 faizi daxili bazara, 70  faizi isə ixraca yönəldilsin.

Zavod gübrəni əsasən Qara dəniz sahilində yerləşən ölkələrə- Türkiyəyə, Gürcüstana, həmçinin ABŞ-a, Argentinaya və Braziliyaya ixrac edir. Hətta Hindistanın dünyada ən böyük gübrə istehsalçılarından biri olmasına baxmayaraq Azərbaycan bu ölkəyə də gübrə satır. Bütün bunlara rəğmən demək olar ki, kənd təsərrüfatının əsas inkişaf sahəsi olan gübrə istehsalına sahib olmağımız ölkəmizin qida sənayesinin zəifləməsinə imkan verməyəcək. Nəticədə qlobal qida sənayesindəki böhrandan özümüzü sığotalamış olacağıq

Ən sonda o da məlumdur ki, son iki ayda Hörmüz boğazındakı münaqişə nəticəsində idxal-ixrac əməliyyatlarının pozulması dünya iqtisadiyyatına 700 milyard dollar zərər vurub.

Elçin Zaman, «İki sahil»