12 may 2026 23:16
154

Azərbaycanın qeyri-neft ixracında artım dinamikası: “SOCAR Polymer” liderdir

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı son illərdə strateji prioritetlərdən birinə çevrilib. İxracın şaxələndirilməsi, aqrar və sənaye məhsullarının xarici bazarlarda mövqeyinin gücləndirilməsi bu istiqamətdə həyata keçirilən islahatların əsas nəticələrindəndir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təqdim etdiyi “İxrac icmalı”nın 2026-cı ilin aprel sayında bu tendensiyanın davam etdiyi göstərilir. Qeyd olunan rəqəmlər qeyri-neft ixracında artımın sabit və genişlənən xarakter daşıdığını təsdiqləyir.

Qeyri-neft ixracında ümumi artım

2026-cı ilin yanvar-mart aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,7% artaraq 862 milyon ABŞ dollarına çatıb. Bu artım xüsusilə emal və aqrar sahələrin ixrac potensialının güclənməsi ilə müşayiət olunur. Bəhs edilən dövr ərzində yeyinti məhsullarının ixracı 25,1% artaraq 281 milyon ABŞ dolları təşkil edib ki, bu da ərzaq sənayesinin ixrac strukturunda mühüm yer tutduğunu göstərir.

Məhsullar üzrə əsas artım göstəriciləri

İxrac strukturunda müşahidə olunan dinamika qeyri-neft sektorunun müxtəlif istiqamətlər üzrə genişlənməsini və dəyər zəncirinin güclənməsini göstərir. 2026-cı ilin yanvar-mart ayları ərzində bir sıra məhsullar üzrə əhəmiyyətli artım qeydə alınıb. Belə ki, şəkər ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,5 dəfə artıb. Pambıq ipliyin ixracında 2 dəfə artım qeydə alınıb. Bitki və heyvan mənşəli piylər və yağlar üzrə ixrac 68,4%, pambıq lifi üzrə isə 43,5% artıb.

Eyni zamanda meyvə-tərəvəz ixracı 22,1%, alüminium və ondan hazırlanan məmulatlar 20,4%, çay 15,1%, spirtli və spirtsiz içkilər isə 4,3% artım nümayiş etdirib. Bu göstəricilər ümumilikdə qeyri-neft sənayesində həm xammal, həm də emal olunmuş məhsulların ixracının genişləndiyini və sektorun daha çoxşaxəli xarakter aldığını təsdiqləyir.

Aqrar və aqrar-sənaye ixracı

2026-cı ilin I rübündə aqrar məhsullar üzrə ixrac 26,6% artaraq 215,6 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə isə 27,4% artaraq 88 milyon ABŞ dolları olub. Ümumilikdə bu sahələr üzrə ixrac 26,8% artaraq 303,7 milyon ABŞ dollarına yüksəlib. Bu artım aqrar sektorun ixrac potensialının güclənməsi və emal sənayesinin əlavə dəyər yaratma imkanlarının genişlənməsi ilə izah olunur.

Əsas ixrac məhsulları və bazarlar

Qeyri-neft ixracında aparıcı məhsullar sırasında qızıl (95,3 milyon ABŞ dolları) birinci yerdə qərarlaşıb. Sonrakı yerlərdə meşə fındığı (68,3 milyon ABŞ dolları) və mis filizləri (60,8 milyon ABŞ dolları) yer alıb. Mart ayında isə ixrac strukturunda qızıl (34,6 milyon ABŞ dolları) birinci, pambıq lifi (25,5 milyon ABŞ dolları) ikinci, tomat (18,5 milyon ABŞ dolları) üçüncü olub.

Coğrafi baxımdan ixracın əsas istiqamətləri Rusiya (211,6 milyon ABŞ dolları), Türkiyə (139,9 milyon ABŞ dolları), Gürcüstan (120,7 milyon ABŞ dolları), İsveçrə (103,4 milyon ABŞ dolları) və Ukrayna (42,7 milyon ABŞ dolları) olub. Mart ayı üzrə isə Rusiya 62,5 milyon, Türkiyə 56,5 milyon, Gürcüstan milyon, İsveçrə 35,7 milyon və Ukrayna 13,7 milyon ABŞ dolları ilə əsas tərəfdaşlar sırasında yer alıb.

İxrac subyektləri və şirkətlər

Qeyri-dövlət ixracatçıları arasında ilk onluqda “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Nümayəndəliyi, “Prime Cotton” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “AGRARCO” MMC və “Baku Steel Company” QSC kimi şirkətlər yer alıb.

Dövlət şirkətləri arasında isə “SOCAR Polymer” MMC liderlik edir. Siyahıda həmçinin “AzerGold” QSC, “Azəralüminium” MMC, SOCAR-ın "Marketinq və İqtisadi Əməliyyatlar" İdarəsi, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, SOCAR-ın Qaz İxrac İdarəsi, "Socar Cape" MMC, "Naxçıvan Enerji" MMC və “Azərbaycan Hava Yolları” QSC kimi müəssisələr təmsil olunublar.

Kosmik xidmət ixracı

2026-cı ilin yanvar - mart aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) dünyanın 32 ölkəsindən olan 90-a yaxın şirkətə 4.1 milyon ABŞ dolları dəyərində telekommunikasiya xidmətləri ixrac edib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 64%-ni təşkil edib. Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 1.1 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 809.1 min ABŞ dolları ilə Lüksemburq, 271.1 min ABŞ dolları ilə Türkiyə, 261.1 min ABŞ dolları ilə Pakistan, 187.2 min ABŞ dolları ilə İsveç qərarlaşıb.

2026-cı ilin I rübünün göstəriciləri Azərbaycanın qeyri-neft ixracında artımın davam etdiyini və struktur baxımından daha da diversifikasiya olunduğunu göstərir. Xüsusilə aqrar məhsullar, emal sənayesi və yüksək əlavə dəyərli məhsullar üzrə ixracın artması ölkənin iqtisadi dayanıqlığının gücləndiyini təsdiqləyir. Bu dinamika yaxın dövrdə qeyri-neft sektorunun ümumi iqtisadi artımda rolunun daha da yüksələcəyinə işarə edir.

Orxan Vahidoğlu, “İki sahil”