26 avqust 2026 12:00
89

Əməyin ucaltdığı ömür: Neftçi ömrünün unudulmaz səhifələri

Ömrünü neft sənayesinə həsr etmiş insan

Deyirlər ki, bütün ömrünü təmənnasız əməyə, insanlığa və insanlara xidmətə həsr edən şəxslər hələ sağlığında ölməzlik qazanırlar. Bu baxımdan, bizim nəzərimizdə Şahsuvar İbrahimov da məhz belə şəxsiyyətlərdən biridir. Onun keçdiyi həyat yolu zəhmət, iradə, dözüm, peşəsinə sədaqət və insanlara xidmət nümunəsi kimi diqqəti cəlb edir.

Heç vaxt xəyalına belə gəlməzdi ki, günlərin birində doğulub boya-başa çatdığı uzaq dağ rayonundan “gülləri neft qoxuyan” Bakıya yollanacaq. Paytaxtda onu qarşıda min bir çətinlik, ağır əmək şəraiti və dözülməz məişət vəziyyəti gözləyirdi. Üzləşdiyi çətinliklər onu nə qədər sıxsa da, taleyinə boyun əyib sabaha olan ümidini itirmədi. Əksinə, iradəsi və əzmkarlığı hesabına qarşısına çıxan bütün çətinlikləri dəf etdi və ona etimad göstərilən insanlardan birinə çevrildi. Ona tapşırılan hər bir işin, üzərinə qoyulan hər bir məsul vəzifənin yüksək səviyyədə icrasına çalışdı. Gördüyü işlərə görə dəfələrlə təşəkkürlər aldı, müxtəlif təltiflərə layiq görüldü.

Bəli, bugünkü söhbətimiz Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Sosial İnkişaf İdarəsinin struktur vahidi olan Fəhlə Təchizatı Birliyinin keçmiş rəisi, Əməkdar neftçi Şahsuvar İbrahimov barəsindədir. 

Şahsuvar İbrahimov 1926-cı il avqustun 26-da Qubadlı rayonunun Çardaqlı  kəndində dünyaya göz açıb. Həmin kənddəki orta məktəbin 6-cı sinfini bitirdikdən sonra rayon İcraiyyə Komitəsinin xətti ilə Bakının Lenin (indiki Sabunçu)  rayonunda yerləșən texniki peșə məktəbinə oxumağa göndərilib. 6 aylıq təhsili uğurla bașa vuran 12 yașlı yeniyetmə Keşlə qəsəbəsindəki 144 saylı hərbi sənaye  zavodunda çilingər kimi ilk əmək fəaliyyətinə başlayıb. Özü o illəri belə xatırlayırdı: “İșlədiyim müəssisədə Kuybışev şəhərində yerləşən hərbi təyyarə zavodunun istehsal etdiyi qırıcı təyyarələr üçün mühərriklər hazırlanırdı. Daxili  nizam-intizam çox ciddi idi. Orada 6 ay işləyəndən sonra keçmiş SSRİ-nin rəhbəri  İosif Stalinin birbașa göstərişinə əsasən zavodumuzu Kuybışev şəhərinə köçürtdülər. 2 il Kuybışevdə çalışdım. Lakin səhhətimdə yaranan müəyyən problemlər işimi davam etdirməyə imkan vermədi və mən Qubadlı rayonuna  qayıdıb kolxozda işləməyə başladım... 

Müharibə illərinin sınaqları

İkinci Dünya müharibəsi başlananda yașının az olmasına baxmayaraq,  dəfələrlə ön cəbhəyə getmək, fașistlərə qarșı vuruşmaq arzusuna düşüb.  Lakin doğmaları ona səbir və təmkin göstərməyi, 18 yaşı tamam olana qədər arxa cəbhədə çalışmağı tövsiyə edirdilər. Onlar deyirdilər ki, arxa cəbhə nə qədər möhkəm olsa, düşmən üzərində qələbə də bir o qədər tez əldə edilər. Nəhayət, 1944-cü ilin fevralında Şahsuvar İbrahimovun müharibəyə getmək arzusu gerçəkləşdi və o, hərbi xidmətə çağırıldı. Həmin ilin fevralından iyul ayınadək Şimali Qafqazda 402-ci atıcı diviziyanın 839-cu atıcı polkunun tərkibində faşistlərə qarşı aparılan onlarla döyüş əməliyyatında fəal iştirak etdi. Lakin sonradan səhhəti ilə əlaqədar ordudan tərxis olundu.

Şahsuvar İbrahimov üçün 1944-cü il yalnız müharibə və döyüş ili deyildi. Həmin il onun həyat yolunun sonrakı istiqamətini müəyyənləşdirən mühüm hadisələr də baş verdi.

Neft mədənlərinə gedən yol

Ş.İbrahimov həmin illəri xatırlayaraq deyirdi ki, 1944-cü il onun taleyinə həm də döyüş ili kimi həkk olunub: “O il rayon hərbi komissarlığı məni və daha 49 nəfər Qubadlı sakinini Bakının neft mədənlərində işləməyə göndərdi. Qubadlıdakı Akara stansiyasında vaqona minəndə bizim kimi paytaxta işləməyə göndərilən 45 nəfər naxçıvanlı ilə rastlaşdıq. Qrupa sonralar Sosialist Əməyi Qahramanı adı alacaq, bütün respublikanın əfsanəvi Neftçi Qurban kimi tanıyacağı Qurban Abasov rəhbərlik edirdi. Qurban müəllimlə tanışlığım da elə həmin vaxtdan bașlandı va həyatımızdakı hadisələrin sonrakı inkişafı bizi yaxın dosta çevirdi... Tale elə gətirdi ki, hətta Nardaran qəsəbəsində bağ qonșusu da olduq. O, Azərbaycanın neft  sənayesinin inkişafına böyük töhfələr verməklə bərabər, eyni zamanda, yaddaşlarda gözəl insan, qayğıkeş rəhbər kimi qalıb. Xalq Cəbhəsinin hakimiyyəti zəbt etdiyi vaxtlarda Q.Abasov Dənizdə Neftqazçıxarma İdarəsinin baş direktoru vəzifəsində çalışırdı. Xarici neft kompaniyaları ilə bağlanması nəzərdə tutulan sazişlərə razılıq vermədiyinə görə onu hətta fiziki cəhətdən məhv etmək niyyətinə düşmüşdülər. Sonuncu dəfə Dövlət Neft Șirkətinin binasını mühasirəyə alıb, Qurban Abasovu  həbs etmək istəsələr də, buna nail ola bilmədilər, dostları onu binanın arxa qapısından çıxarıb, təhlükədən xilas etdilər. Amma bütün təqiblərə, hədə-qorxulara baxmayaraq, Q.Abasov o cür biabırçı, yəni sonda respublikamızı müflisləşməyə gətirib çıxara biləcək sazişlərin imzalanmasına imkan vermədi. Məhz bu  inadkarlığına görə də bədnam AXC hakimiyyətinin başında duranlar yeganə çıxış yolunun Qurban müəllimi vəzifədən uzaqlaşdırmaqda gördülər. 

Şahsuvar İbrahimov paytaxtımızdakı "Molotoneft" (indiki "Qarabağneft") neftçıxarma idarəsində buruqların yeraltı təmiri üzrə operator köməkçisi, operator, yeraltı təmir ustası, baş usta, baş mühəndis-mexanik vəzifələrində çalışıb. İş şəraitinin ağırlığına baxmayaraq, heç vaxt sabaha inamını itirməyib: “O dövrdə böyük çətinlikləri dəf etməli olurduq. Sutkanın tən yarısını yerin altında - soyuq və rütubətli mühitdə işləyirdik. Ərzaqla təminatımız isə bərbad vəziyyətdə  idi, biza gün ərzində cəmi beș yüz qram quru çörək verilirdi. Doqquz nəfər bir otaqda qalırdıq. İşdəki fəallığımı nəzərə alıb, sonralar məni idarə üzrə azad ilk partiya təșkilatının katibi vəzifəsinə təyin etdilər.

Təhsil və rəhbər vəzifə

Ş.İbrahimov 1955-60-ci illərdə Moskva Sovet Ticarət İnstitutunun Bakı filialında qiyabi təhsil alaraq, əmtəəşünas ixtisasına yiyələnib. 1959-cu ildə Qarabağ rayonu "Neft rayonlarının ticarəti" idarəsinə (indiki Fəhlə Təchizatı Birliyi) rəis təyin olunub. Bu vəzifə onun əmək fəaliyyətində yeni bir mərhələnin başlanğıcı oldu. Artıq o, yalnız istehsalatın ağır şəraitini bilən təcrübəli neftçi deyil, həm də neftçilərin sosial-məişət məsələlərini həll edən mühüm bir quruma rəhbərlik edən təşkilatçı idi. 1966-cı ildən başlayaraq onun rəhbərlik etdiyi qurum Azərbaycanın ayrı-ayrı rayonlarında kəşfiyyat quyularının qazılması, olan fəhlələrin isti yeməklərlə təmin edilməsi məqsədilə iașə obyektlərinin tikintisi, həmin obyektlərdə yeni avadanlıqlar quraşdırılması istiqamətində xeyli işlər görüb. Məhz həmin nailiyyətlərə görə Ș.İbrahimov keçmiş SSRİ-nin və Azərbaycanın müxtəlif dövlət mükafatları ilə, o  cümlədən "Əməkdə fərqlənməyə görə", "Əmək rəşadətinə görə" medalları və "Sovet ticarət əlaçısı" döş nişanı ilə təltif olunub. 

Ulu Öndərin yüksək etimadı

İşlədiyi müddətdə Azərbaycanın dövlət başçısı, Ümummilli Lider Heydər  Əliyevin neftçilərə, neft sənayesinə göstərdiyi diqqət və qayğından Ş.İbrahimovun da qismətinə pay düşüb.  O deyirdi ki, işdə qazandığı hər bir uğurun əsasını Ümummilli Lider Heydər Əliyevin ona bəslədiyi yüksək etimad təşkil edib. Şahsuvar İbrahimov 1982-ci ildə baş verən hadisəni belə xatırlayırdı: “1982-ci il idi. Cənab Heydər Əliyev Yevlax şəhərindən qayıdarkən yolüstü Saatlıya baş çəkib, oradakı neftçıxarma idarəsində çalışan fəhlələrin sosial vəziyyəti ilə maraqlandı. Həmin vaxt bizim birliyin vəsaiti hesabına orada fəhlələr üçün yeməkxana və mağaza tikilib istifadəyə verilmișdi. Fəhlələrlə hal-əhval tutub, onları narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verən görkəmli dövlət xadimi mașına minib Bakıya yola düşmək istəyəndə Saatlı rayon partiya komitəsinin birinci katibi Əlisahib Babayev ona yeni istifadəyə verilmiş yeməkxana və mağaza barədə məlumat verib, həmin obyektlərlə tanış olmasını xahiş etdi. Heydər Əliyev isə əli ilə mənə işarə edib, “onlarin hər ikisini bu kişi tikdirib, bu kişinin də işini yoxlamağa ehtiyac yoxdur. Ona bələdəm, çox yaxşı işləyir" - dedi.  Rəhbərin mənə belə yüksək etimad göstərməsi ürəyimi qürur  hissi ilə doldurdu... Həmin ilin sentyabr ayında Neftçıxarma idarəsinə gəlib,  neftçilərin siyasi dərsində iştirak etdi. Sonra isə Sosialist Əməyi Qəhrəmanı Məmməd Qənbərovun kəşfiyyat buruğuna gedib, işçilərlə görüşdü, neft yığılan  anbarlarla tanış oldu. Söhbət əsnasında buruqda çalışan fəhlələrin isti xörəklə necə təmin olunması ilə maraqlandı. Məni görən kimi əl uzadıb görüşdü və fəhlələrin hansı növ ərzaqlarla təmin olunduğunu soruşdu. Mən cavab verdim ki, Təchizat İdarəsi neftçiləri çeșidli və keyfiyyətli ərzaqlarla təmin edir. Həmçinin, bizim yardımçı təsərrüfatımız var, ərzaq çatışmayanda bu təsərrüfatın məhsullarından istifadə olunur. Mənim cavabımdan sonra Qaradağ rayonunun birinci katibi Abdullayevə göstəriş verib dedi ki, Təchizat İdarəsinin fəaliyyəti barədə bir təlimat yazılsın və Mərkəzi Komitənin bürosunda nümunə olaraq müzakirə edilsin.. Ş.İbrahimov Ümummilli Liderlə 1980-ci ilin avqust ayındakı unudulmaz görüşünü belə xatırlayardı. Həmin vaxt Saatlı şəhərində 15 min metrlik kəşfiyyat quyusuna baxış keçirməyə gələn Heydər Əliyev adəti üzrə yenə də fəhlələrin geyim və isti yeməklərlə necə təchiz olunması ilə maraqlanıb və Ş.İbrahimovun rəhbərlik etdiyi birliyin fəaliyyətindən razılıq ifadə edərək, ona öz təşəkkürünü bildirib. Elə bu etimad və inamın məntiqi nəticəsi olaraq Ş.İbrahimova 1982-ci  ildə “Əməkdar ticarət işçisi” adı verilib. 1985-ci ildə keçmiş SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə “Xalqlar dostluğu” ordeni ilə təltif olunub və SSRİ Neft Sənayesi Nazirliyinin əmri ilə "Əməkdar neftçi" adına layiq görülüb. Onun fəaliyyəti Azərbaycanın müstəqilliyinin bərpasından sonrakı dövrdə də yüksək qiymətləndirilib. 2004-cü  il noyabrın 18-də ölkə Prezidenti İlham Əliyevin Fərmanına əsasən “Tərəqqi” medalı ilə təltif edilib.

Şahsuvar İbrahimov ömrünü zəhmətə, neft sənayesinə və insanlara xidmətə həsr edən şəxsiyyətlərdəndir. Onun keçdiyi yol Azərbaycan neft sənayesinin tarixinin bir parçası olmaqla yanaşı, həm də zəhmətin, sədaqətin, iradənin və insan əməyinə hörmətin nümunəsidir. Belə insanların həyat yolu bir daha göstərir ki, insanın əsl dəyəri gördüyü işin cəmiyyətə verdiyi fayda, insanlara münasibəti və arxada qoyduğu xeyirxah izlə ölçülür. Bu zəhmətkeş, xeyirxah insanın xatirəsi, keçdiyi zəngin həyat yolu onu tanıyanların, onunla birlikdə çalışanların və həyat yolunu öyrənən gələcək nəsillərin yaddaşında daim yaşayacaq.

Anar Miriyev, “İki sahil”