28-May Respublika Günü ərəfəsində Azərbaycanın paytaxtında daha bir beynəlxalq tədbir keçiriləcək.
“İki sahil” xəbər verir ki, “Aztürk Holdinq”in təşəbbüsü və təşkilatçılığı ilə baş tutacaq “Azərbaycan: Qlobal Mərkəz və Gələcəyin Körpüsü” adlı beynəlxalq tədbir mayın 28-də Hilton oteldə keçiriləcək.
Yerli və xarici dövlət rəsmiləri, beynəlxalq media nümayəndələri, nüfuzlu investorlar, biznes liderləri və strateji tərəfdaşların iştirakı nəzərdə tutulan tədbir Azərbaycanın qlobal iqtisadi sistemdə rolunun gücləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və innovasiya əsaslı inkişaf strategiyalarının müzakirəsi üçün mühüm platforma rolunu oynayacaq.
Tədbir çərçivəsində Azərbaycanın regional və qlobal iqtisadi proseslərdə rolu, yeni iqtisadi modelə keçid perspektivləri və texnologiya yönümlü inkişaf strategiyaları müzakirə olunacaq. Proqramın əsas hissələrindən biri “NeoOrdo” strateji platformasının beynəlxalq təqdimatı olacaq.
Məlumat üçün qeyd edək ki, “NeoOrdo” platforması dövlət strukturları, özəl sektor və beynəlxalq kapital arasında davamlı və strukturlaşdırılmış əməkdaşlıq mexanizminin formalaşdırılmasını hədəfləyir. Platforma modul əsaslı sektor yanaşması, mega layihə mexanizmi və texnologiya yönümlü inkişaf strategiyası üzərində qurulub. Bu model çevik qərarvermə, ölçülə bilən nəticələr və uzunmüddətli iqtisadi dayanıqlılıq prinsiplərinə əsaslanır.
Azərbaycanın geosiyasi və iqtisadi mövqeyinin gücləndirilməsi, enerji, logistika, bankçılıq və texnologiya sektorlarında yeni əməkdaşlıq imkanları, ağıllı şəhər və rəqəmsal hökumət modelləri, süni intellekt və data əsaslı idarəetmə sistemləri, regional innovasiya və startap ekosisteminin inkişafı, strateji əməkdaşlıq mərhələsi tədbirin əsas müzakirə mövzuları sırasında yer alacaq.
Tədbir çərçivəsində ilkin əməkdaşlıq niyyətlərinin elan olunması, tərəfdaşlıq memorandumlarının təqdimatı və regional inkişaf strategiyalarının açıqlanması planlaşdırılır.