15 may 2026 10:46
98

Maduronun oğlu atasının 18 nəfərlik ümumi kamerada saxlanıldığını bildirib

2026-cı ilin yanvar ayının əvvəlində ABŞ-yə aparılan Nikolas Maduro təkadamlıq kamerada deyil, Nyu-Yorkdakı “Metropolitan Detention Center” istintaq təcridxanasının 18 nəfərlik ümumi kamerasında saxlanılır.

“İki sahil” xəbər verir ki, bu barədə onun oğlu Nikolas Maduro Gerra “Der Spiegel” nəşrinə müsahibəsində danışıb. Gəncin sözlərinə görə, əvvəlcə atası tək kamerada saxlanılıb, lakin Pasxadan əvvəl onu ümumi kameraya köçürüblər.

Maduro həbsxanada ünsiyyət çatışmazlığı hiss etmir, çünki kamera yoldaşlarının yarısı ispan dilində danışır. Bundan əlavə, onun hər gün evə zəng etmək imkanı var.

“Onu köçürdükləri andan etibarən hər axşam təxminən saat yeddidə zəng edir”, - deyə Maduro Gerra bildirib. Asudə vaxtına gəlincə, o qeyd edib ki, atası televiziya izləyir, ingilis dili öyrənir, çoxlu İncil oxuyur, həmçinin “Amazon” vasitəsilə göndərilən Venesuela Konstitusiyası, Simon Bolivarın əsərləri, metafizika haqqında kitablar, Şekspir və Esxilin əsərlərini mütaliə edir.

Maduro həmçinin 20 yaşlı nəvəsinin, incəsənət fakültəsində təhsil alan qızın oxuduğu ədəbiyyatla da maraqlanır. Ailənin əsas narahatlığının qidalanma olduğu bildirilir.

“Atam həmişə çox düzgün qidalanıb, çox tərəvəz, az şəkər qəbul edib. İndi isə əsasən karbohidratlar, emal olunmuş məhsullar və həddindən artıq duz qəbul edir”, - deyə Maduro Gerra narazılığını ifadə edib.