“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatı üzrə Aşağı Daşkəsən kənd ərazi partiya təşkilatında “Azərbaycanın şəhərsalma və memarlıq irsi tarixi sərvətimizdir” mövzusunda dəyirmi masa keçirilib.
“İki sahil” xəbər verir ki, yığıncaqda YAP Daşkəsən rayon təşkilatının sədr müavini Elşən Alıyev, aparatın məsul işçisi Sənan Hüseynli, Aşağı Daşkəsən kənd ərazi partiya təşkilatının sədri Duman Bayramov və digər partiya üzvləri iştirak ediblər.
Natiqlər çıxışlarında Azərbaycanda şəhərsalma və memarlıq irsinin xalqımızın zəngin tarixini, milli-mədəni dəyərlərini və həyat tərzini özündə əks etdirən mənəvi sərvət olduğunu bildiriblər. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində
milli memarlıq üslubunun qorunması və şəhərlərin planlı inkişafı istiqamətində mühüm addımlar atılıb. Onlar Ümummilli Liderin bu sahədəki misilsiz xidmətlərindən geniş bəhs edərək, həmin siyasətin Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirildiyini diqqətə çatdırıblar. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işlərinin innovativ yanaşmalarla vəhdət təşkil etdiyi, müasir urbanizasiya modelinin uğurlu nümunəsinə çevrildiyi vurğulanıb.