16 may 2026 19:23
86

"Heydər Əliyev Kuboku” uğrunda futzal turnirinə start verilib

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qurumlarının komandaları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev Kuboku” uğrunda futzal turniri keçirilir.

“İki sahil” Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadla bildirir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Futzal Federasiyası və Naxçıvan Futbol Federasiyası (NFF) tərəfindən birgə təşkil olunan ənənəvi yarışda 20 komanda iştirak edir.

Mayın 16-da İlham Əliyev adına Olimpiya İdman Kompleksində turnirin rəsmi açılış mərasimi keçirilib. Əvvəlcə Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla anılıb.

Açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov ümummilli lider Heydər Əliyevin Azərbaycanda idmanın inkişafı istiqamətində həyata keçirdiyi siyasətin ölkədə güclü idman ənənələrinin formalaşmasına mühüm töhfə verdiyini bildirib. Qeyd olunub ki, bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizdə idman infrastrukturunun genişləndirilməsi, gənclərin idmana cəlbi və beynəlxalq arenada əldə olunan nailiyyətlər bunun bariz nümunəsidir. Məcid Seyidov ulu öndərin əziz xatirəsinin daim ehtiramla yad edildiyini vurğulayaraq, turnirin dövlət qurumları arasında əməkdaşlığın möhkəmləndirilməsi, sağlam həyat tərzinin təşviqi və idmanda kütləviliyin artırılması baxımından əhəmiyyətini diqqətə çatdırıb, komandalara uğurlar arzulayıb.

NFF-nin baş katibi Raqif Abbasov isə çıxışında ümummilli lider Heydər Əliyevin Azərbaycan idmanına və futboluna göstərdiyi xüsusi diqqətdən danışıb. Bildirilib ki, ölkədə idmanın inkişafı istiqamətində əsası qoyulan ənənələr bu gün uğurla davam etdirilir. Yarışın həm idman əlaqələrinin gücləndirilməsi, həm də sağlam rəqabət mühitinin formalaşdırılması baxımından önəmli olduğu vurğulanıb, komandalara uğurlar arzulanıb.

Yarışın ilk matçında Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Naxçıvan Televiziya və Radio Verilişləri QSC-ni təmsil edən komandalar meydanda olub. Görüş teleradio təmsilçisinin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, yarışda iştirak edən komandalar reqlamentə əsasən 4 qrupa bölünüblər. Qrup oyunları 5 turdan ibarətdir. Bu mərhələdə xal göstəricilərinə uyğun olaraq “play-off”da iştirak hüququ əldə edəcək komandalar müəyyənləşəcək. Mükafatçılar final və üçüncülük görüşlərində məlum olacaq. İlk üç yeri tutan komandalara diplom, medal və hədiyyələr, o cümlədən qalib komandaya baş mükafat – “Heydər Əliyev Kuboku” təqdim olunacaq.