16 may 2026 22:50
106

İran: Hörmüz boğazında naviqasiyanın tənzimlənməsi üçün yeni mexanizm hazırlanıb

Hörmüz boğazında gəmiçilik hərəkətinin tənzimlənməsi üçün yeni mexanizm hazırlanıb.

“İki sahil” xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sədri İbrahim Əzizi deyib. İbrahim Əzizinin sözlərinə görə, İran milli suverenlik və beynəlxalq ticarət təhlükəsizliyinin təmin olunması çərçivəsində Hörmüz boğazında gəmilərin müəyyən edilmiş marşrut üzrə hərəkətini tənzimləyəcək peşəkar mexanizm hazırlayıb. O bildirib ki, yeni marşrut yaxın vaxtlarda ictimaiyyətə təqdim ediləcək.

Komissiya sədri qeyd edib ki, həmin mexanizmdən yalnız ticarət gəmiləri və İranla əməkdaşlıq edən tərəflər istifadə edə biləcəklər. Eyni zamanda, göstərilən ixtisaslaşmış xidmətlərə görə müəyyən ödənişlərin tətbiq olunacağı vurğulanıb. İbrahim Əzizi əlavə edib ki, sözügedən marşrut ABŞ-nin Hörmüz boğazında gəmi keçidlərinin təşkili məqsədilə həyata keçirdiyi “Azadlıq layihəsi”nin tərəfləri üçün bağlı qalacaq.

Qeyd edək ki, dünya neftinin və mayeləşdirilmiş təbii qazın təxminən beşdəbiri bu boğazdan keçir. Hörmüz boğazı, həmçinin gübrə və dəniz yükdaşımaları üçün də mühüm tranzit marşrutudur və İran ilə ABŞ arasında aparılan danışıqlarda əsas mübahisə mövzularından biridir. Tehran boğaz üzərində nəzarəti münaqişədən sonrakı mərhələdə də saxlamaqda israrlıdır. ABŞ və bir çox ölkələr isə dənizdə sərbəst naviqasiyanın təmin edilməsinin vacibliyini vurğulayır. Hörmüz boğazında hərəkətin məhdudlaşdırılması qlobal enerji bazarlarında ciddi dalğalanmalara səbəb olub.