17 may 2026 16:10
150

Məleykə Tağızadə: Azərbaycan Şəhərsalma Kampaniyası inklüziv şəhər inkişafı üçün yeni əməkdaşlıq modeli formalaşdırıb

Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində Ümumdünya Şəhərsalma Forumunun (WUF13) əsas mövzularına həsr olunmuş 110 müxtəlif tədbir və təşəbbüs həyata keçirilib.

“İki sahil” xəbər verir ki, bu fikirləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən Uşaq və Gənclər Assambleyasının iclasında çıxış edən BMT-nin Məskunlaşma Proqramında (UN-Habitat) təbliğat və layihələr üzrə baş məsləhətçi Məleykə Tağızadə səsləndirib.

O bildirib ki, həyata keçirilən təşəbbüslər qlobal şəhərsalma gündəliyinin mürəkkəb mövzularının multidisiplinar yanaşma əsasında müzakirəsinə imkan yaradıb.

“Bu 110 təşəbbüs müxtəlif formatlarda təşkil olunub. Dəyirmi masalar və panel sessiyalarında iştirakçılar yerli bələdiyyə qurumları ilə birbaşa əlaqə yaradaraq regional planlaşdırma, şəhər problemləri və onların həlli yollarını müzakirə ediblər”, – deyə Məleykə Tağızadə vurğulayıb.

O qeyd edib ki, akademik simpoziumlar, tələbə seminarları və texniki sessiyalar da kampaniyanın əsas istiqamətlərindən biri olub.