Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonunun Şıxarx qəsəbəsində müvəqqəti məskunlaşan Ağdərə rayon sakinləri ilə növbəti görüşünü keçirib.
“İki sahil” xəbər verir ki, vətəndaşların müraciətlərinin dinlənilməsi və mövcud problemlərin yerindəcə öyrənilməsi məqsədilə təşkil olunan qəbulda Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının sədri Eldar Əsədov da iştirak edib.
Xatırladaq ki, ötən qəbul zamanı sakinlərin əsas müraciətlərindən biri “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş Ağdərə rayonunun Umudlu kəndinə məskunlaşma prosesi ilə bağlı idi. Doğma yurdlarına tezliklə qayıtmaq istəyən sakinlər köçürülmə şərtləri və prosesin gedişatı barədə millət vəkilinə müraciət ünvanlamışdılar.
Cari görüş zamanı millət vəkili Anar Məmmədov sakinlərə şad xəbər verib. O, qaldırılan məsələnin artıq müsbət həllini tapdığını kənd sakinlərinin nəzərinə çatdırıb və bu münasibətlə onları ürəkdən təbrik edib.
Görüşdə vurğulanıb ki, işğaldan azad edilmiş ərazilərin bərpası və soydaşlarımızın öz doğma evlərinə təhlükəsiz şəkildə qaytarılması dövlət başçısının birbaşa nəzarətindədir və Umudlu kəndinə köçün təmin edilməsi də bu diqqətin bariz nümunəsidir.
Görüşün sonunda sakinlər onlara göstərilən yüksək diqqət və qayğıya, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli ordumuza, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə ediblər.