Son illərdə iqlim dəyişikliyinin dünyada törətdiyi fəsadlar ölkəmizdən də yan keçmir
Müasir dövrdə qlobal iqlim dəyişmələri bəşəriyyətin qarşılaşdığı ən ciddi ekoloji problemlərdən biridir. Qlobal iqlim dəyişmələri Yer kürəsinin orta temperaturunun yüksəlməsi, atmosferin tərkibinin dəyişməsi və bunun nəticəsində iqlim sistemində uzunmüddətli transformasiyaların baş verməsi prosesidir. Son onilliklərdə insan fəaliyyətinin intensivləşməsi bu sistemin təbii tarazlığını pozmuş və qlobal iqlim dəyişmələrinə səbəb olmuşdur. Bu dəyişikliklər yalnız hava şəraitinə deyil, həm də təbiətə, iqtisadiyyata, kənd təsərrüfatına və insan sağlamlığına ciddi təsir göstərir. Elmi müşahidələr göstərir ki, qlobal temperaturun artması, buzlaqların əriməsi, dəniz səviyyəsinin dəyişməsi və ekstremal hava hadisələrinin çoxalması artıq qlobal miqyasda müşahidə olunan tendensiyalardır. Qlobal iqlim dəyişikliyinin təbiətdə yaratdığı əsas dəyişikliklərdən biri isə daha güclü və ani leysanlardır. Çünki atmosfer isinəndə hava daha çox su buxarı saxlaya bilir. Bu isə qısa müddətdə çox güclü yağışların, sel və daşqınların, şəhər infrastrukturunun yüklənməsinin artmasına səbəb olur. Məhz qlobal iqlim dəyişikliyi nəticəsində planetin bəzi bölgələrində dəhşətli daşqınlar, digər ərazilərdə isə yanğın və səhralaşma prosesi gedir.
Coğrafi mövqeyi və təbii landşaft müxtəlifliyi ilə seçilən Azərbaycan iqlim dəyişmələrinin təsirinə məruz qalan xüsusilə həssas ölkələr sırasındadır. Belə ki, son 100 ildə Azərbaycanda orta illik temperatur 0,4–1,3°C arasında artmışdır. Elmi proqnozlara görə, 2090-cı illərdə bu artım 4,7°C-yə qədər çata bilər. Bu isə ölkənin ekosistemləri, kənd təsərrüfatı və su resursları üçün ciddi risklər yaradır. Yağıntının fəsadları, yolların subasması, şəhər və qəsəbələrdə hərəkətin iflic olması ölkəmizdə olduğu kimi dünyanın bir çox yerində də müşahidə olunur. Təbiətin “şıltaqlığı”ndan heç bir ölkə sığortalanmayıb. Dünyanın çox ölkələri yağış sularının ağuşunda naəlac qalıb. Güclü yağışlar necə deyirlər bütün şəhərləri bir-birinə bənzədib. İnternet resurslarında yayılan videolardan da göründüyü kimi, yağış sularının əlində çarəsiz görünən bütün şəhərlər bir-birini təkrarlayır. Qonşu İranda hələ ilin əvvəlindən başlayan sel və daşqınlar onlarla insanın ölümünə, minlərlə evin su altında qalmasına səbəb olub. Ötən ay Dağıstanda yaşanan sel fəlakətini də yada salaq. Bu fəlakət onlarla insanın ölümü, minlərlə ailənin evsiz qalması, neçə-neçə kənd və qəsəbənin su altında qalaraq məhv olması ilə nəticələndi. Türkiyənin bir çox bölgələrdə, xüsusilə cənub vilayətlərində aprel ayının əvvəlindən bəri müşahidə olunan yağışlı hava şəraiti ağır fəsadlara törədib. Qardaş ölkədə də təbii fəlakət itkisiz ötüşməyib. Suya həsrət Ərəbistan yarımadası görünməmiş fəlakət yaşayıb. Dubay cəmi bir neçə saat ərzində su altında qalmışdı. Güclü yağışlar Omanda da təhlükəli vəziyyət yaradıb. İntensiv yağışlar nəticəsində daşqınlar baş verib, avtomobillər selə düşüb, yolları su basıb. Leysan yağışlar, kütləvi daşqınlar Avstraliyanı da cənginə alıb. Bəzi bölgələr tamamilə su altında qalıb. İndoneziyada paytaxt Cakarta da daxil olmaqla yüzlərlə yaşayış məntəqəsini su basıb, yollar keçilməz hala düşüb. Son aylarda Havay adaları isə son 20 ilin ən ağır daşqınlarından birini yaşayır: evlər, yollar, təsərrüfatlar zərər görüb. Leysan yağışlar təkcə bu il dünyanı təəccübləndirmir. Son illərdə qlobal iqlim dəyişikliyi özünü bu cür aqressiv yağıntlarla göstərir. Ötən il Amerika Birləşmiş Ştatlarının hətta mərkəzi hissəsində güclü yağışlar dağıdıcı daşqınlara səbəb olmuş, azı 16 nəfər həlak olmuşdu. Texas, Arkanzas, Missuri, Tennessi ştatlarında daşqınla bağlı ən yüksək, 4-cü səviyyəli xəbərdarlıq edilmişdi. Bütün bunlar onu göstərir ki, antropogen təsirlər nəticəsində təbiətin nizamı pozulub. Təbii fəlakətin nə zaman baş verəcəyini proqnozlaşdırmaq xeyli çətinləşib. Bu vəziyyət isə təbiətin şıltaqlığının törətdiyi fəsadlarla mübarizəni inkişaf etmiş ölkələr üçün belə müşkülə çevirir.
Təbii ki, Azərbaycan hökuməti yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün dərhal tədbirlər görür. Hökumətin çevik reaksiyası nəticəsində qabaqlayıcı tədbirlər həyata keçirilir, su basmış evlərdə qalanlar təxliyə olunur, küçə və prospoektlər sudan təmizlənir. Prezident İlham Əliyev yanvarın 12-də “Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramı”na həsr olunan müşavirədəki nitqində leysan yağışları yağan kimi şəhər nəqliyyatının iflic vəziyyətinə düşdüyünü, çox ciddi problemlər yaşandığını narahatlıqla xatırladıb: “Düzdür, bu, təkcə Bakıda, Azərbaycanda deyil. Biz televiziya verilişlərində dünyanın istənilən yerində bunu görürük. Hətta ən inkişaf etmiş hər ölkənin şəhərlərində də daşqınlar adi hal alıb. Heç bir şəhərin infrastrukturu imkan vermir ki, əgər şiddətli leysan yağışları bir neçə gün davam etsə, bunu idarə etmək mümkün olsun. Ancaq buna baxmayaraq, bizim də bu sahədə zəif yerlərimiz kifayət qədər çoxdur. Ona görə yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi də qurulacaq və bunun çox böyük faydası olacaq”.
Prezidentin Sərəncamı ilə onlardan 7-də artıq işlərə başlanılıb. Ümumilikdə isə 346 kilometr uzunluğunda magistral kollektor şəbəkəsinin inşası planlaşdırılıb. Birinci mərhələdə əsas kollektorların 2027-ci ilin sonuna qədər tamamlanması, ikinci mərhələdə isə Abşeronun şərq hissəsində yerləşən yaşayış məntəqələrinin bu sistemlərə qoşulması nəzərdə tutulub.
Qeyd olunmalıdır ki, ekstremal hava hadisələri ilə bağlı əvvəlcədən dəqiq proqnozlar verilsə belə, geniş miqyasda intensiv yağışlara tam hazır olmaq praktiki olaraq mümkün deyil. Buna baxmayaraq, Bakıda aidiyyəti qurumlar gücləndirilmiş rejimdə fəaliyyət göstərir və güclü yağışlar nəticəsində yaranan fəsadların minimuma endirilməsi üçün operativ tədbirlər görülür. Prezident İlham Əliyevin 28 aprel 2026-cı il tarixli “Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı dövlət başçısının hər bir vətəndaşın probleminə nə qədər həssas və operativ yanaşdığını göstərir. Sərəncama əsasən, Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərin davamlılığının təmin edilməsi, habelə gələcəkdə analoji halların təkrarlanmaması üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan bu Sərəncama Əlavədə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün ümumilikdə 85 milyon 869 min 260 manat, o cümlədən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə 8 milyon 876 min 210 manat, Bakı Şəhər İcra Hakimiyyətinə 1 milyon 437 min 315 manat, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə 21 milyon 443 min 875 manat, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 39 milyon 103 min 600 manat və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə 15 milyon 8 min 260 manat vəsait ayrılıb.
Sevinc Azadi, “İki sahil”