Ölkəmizin hədəfi nərəcinsli körpə balıq buraxılışını illik 1 milyon ədədə çatdırmaqdır
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Balıqçılıq və Akvakultura Mərkəzinin mətbuat üçün açıqlamasında bildirilir ki, 2025-ci il ərzində su hövzələrinin bioloji ehtiyatlarını zənginləşdirmək məqsədilə su sahələrinə 343 min ədəd nərəcinsli balıq, 255 min ədəd çəkikimilər, 2 milyon 160 min ədəd kütüm və 22 min ədəd Xəzər qızılbalığı buraxılıb. 2028-ci ilədək isə mövcud balıqartırma müəssisələrinin istehsal gücünün böyüdülməsi nəzərdə tutulub. Hədəf nərəcinsli körpə balıq buraxılışını illik 1 milyon ədədə çatdırmaqdır. Proqnozlara əsasən, gələn il, həmçinin 1 milyon ədəd kütüm və 2 milyon ədəd çəkikimilərin təbii mühitə buraxılması planlaşdırılır.
Məlumdur ki, su bioresurslarının dayanıqlığını təmin etmək, ehtiyatları bərpa etmək və onları obyektiv elmi meyarlarla qiymətləndirmək effektiv idarəetmənin əsas şərtlərindən hesab olunur. Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 2025-ci ilin oktyabrında balıq ehtiyatlarının elmi əsaslarla öyrənilməsi üçün genişmiqyaslı elmi ekspedisiya təşkil edilib.
Ekspedisiya müddətində həm Xəzər dənizində, həm də ölkənin daxili su hövzələrində balıq ehtiyatlarının vəziyyəti ətraflı qiymətləndirilib. Xəzər dənizində kilkə, siyənək, külmə və ağ qızılbalıq növləri üzrə elmi-tədqiqat işləri aparılıb. Daxili su hövzələrində isə çapaq, dabanbalıq, krevetka, külmə, naxa, sazan, sıf, şamayı və xəşəm növlərinin faktiki vəziyyəti öyrənilib. Bundan əlavə, Xəzər dənizində müasir ultrasəs-sonar sistemlərindən istifadə olunaraq balıq sürülərinin miqrasiya yolları, sıxlığı və növ tərkibi müəyyən edilib.
Tədqiqat prosesində balıq nümunələri ilə yanaşı, xüsusi metodlarla zooplankton (okeanlarda, dənizlərdə və göllərdə sərbəst üzən, lakin əsasən su axınları ilə hərəkət edən mikroskopik və ya kiçik ölçülü heyvan orqanizmləridir. Onlar su ekosistemlərinin əsas qida zəncirində mühüm rol oynayırlar) və fitoplankton (günəş işığı ilə qidalanan bitki mənşəli canlılar) nümunələri də toplanıb. Xəzər dənizinin müxtəlif nöqtələrindən -10 və 25 metr dərinliklərdən götürülən su nümunələri Baytarlıq Elmi-Tədqiqat İnstitutunun laboratoriyalarında analiz edilib. Mütəxəssislərin hesablamalarına görə, bioloji tarazlığın qorunması üçün daxili su hövzələrinə hər il 6–12 milyon, Xəzər dənizinə isə 11–23 milyon ədəd körpə balıq buraxılmasına ehtiyac var.
Qeyd edək ki, indiyədək dövlət tərəfindən 78 akvakultura təsərrüfatı rəsmi qeydiyyata alınıb. İlin sonuna qədər onların sayının 88-ə çatdırılması planlaşdırılır. Qeyd edək ki, balıqçılığın inkişafında dövlət müəssisələri ilə bərabər, sahibkarlara da geniş meydan verilib. İlkin araşdırmalar göstərir ki, ölkə ərazisində 600-ə yaxın orta və iri həcmli balıqyetişdirmə təsərrüfatı mövcuddur və hazırda həmin yerlərin ilkin uçota alınması istiqamətində işlər davam etdirilir.
Kənd Təsərrüfatı Nazirliyi balıqçılıq və akvakultura subyektlərinin fəaliyyətini hüquqi və inzibati baxımdan sadələşdirmək, mövcud prosedurları təkmilləşdirmək məqsədilə «Balıqçılıq haqqında» yeni qanun layihəsi hazırlayıb. Bu tənzimləmələr sahibkarlar üçün şəffaf və səmərəli iş mühiti formalaşdırmaqla, istehsalın genişləndirilməsinə və dövlət dəstəyi alətlərindən daha effektiv istifadəyə imkan yaradacaq. Qanun layihəsinin hazırlanması prosesində qabaqcıl xarici təcrübə, balıqçılığa ekosistem yanaşması və digər müasir beynəlxalq praktikalar araşdırılaraq milli qanunvericiliyə uyğunlaşdırılıb.
Eyni zamanda, akvakultura sahəsində dövlət dəstəyinin məqsədyönlü təşkili üçün hazırlanmış müvafiq sənəd razılaşdırılması üçün aidiyyəti qurumlara təqdim edilib. Bu istiqamətdə təsərrüfatların yaradılmasının stimullaşdırılması, investisiya cəlbediciliyinin artırılması, müasir texnologiyaların tətbiqi və məhsuldarlığın yüksəldilməsi əsas prioritetlər kimi müəyyən olunub.
Elçin Zaman, «İki sahil»