Genişzolaqlı və mobil şəbəkə keyfiyyətinin qiymətləndirilməsi üzrə qlobal şirkət olan “Ookla” aprel ayı üzrə “Speedtest Global Index” hesabatını təqdim edib. “İki sahil” xəbər verir ki, yeni hesabata görə, Azərbaycanda sabit genişzolaqlı internetin median sürəti 91,57 Mb/s, mobil internetin median sürəti isə 94,64 Mb/s olub. İllik müqayisədə sabit genişzolaqlı internetin sürəti 14,41 Mb/s (18,68 %), mobil internetin sürəti isə 20,51 Mb/s (27,67 %) artıb.
Paytaxtların müqayisəsinə gəlincə isə apreldə Bakı şəhərində sabit genişzolaqlı internetin median sürəti 91,71 Mb/s, mobil internetin median sürəti isə 114,26 Mb/s olub.
İllik müqayisədə sabit genişzolaqlı internetin sürəti 14,96 Mb/s (19,49 %), mobil internetin sürəti isə 23,63 Mb/s (26,07 %) artıb.
Bu artım ölkədə rəqəmsal transformasiyanın, elektron xidmətlərə tələbatın, distant iş və təhsil imkanlarının genişlənməsinin göstəricisidir və Azərbaycanın qlobal internet reytinqlərində mövqeyinin yüksəldiyini təsdiqləyir.