Ukraynada özəl müəssisənin rəhbəri və onun üç şəriki ölkənin qaz nəqli sistemi vasitəsilə təbii qazın qanunsuz mənimsənilməsi sxemini təşkil ediblər.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə prokuror Ruslan Kravçenko məlumat verib.
“Prikarpatiya bölgəsində prokurorlar Ukraynanın qaz nəqli sistemindən təbii qazın qanunsuz götürülməsi ilə bağlı iri sxemi ifşa ediblər. Sxemi faydalı qazıntıların çıxarılması ilə məşğul olan özəl müəssisənin rəhbəri təşkil edib və bu işə üç əməkdaşını cəlb edib”, — deyə baş prokurorun Telegram kanalında yayımlanan məlumatda bildirilir.
Dəyən zərərin məbləğinin 203 milyon qrivendən çox olduğu qeyd olunur ki, bu da təxminən 4,6 milyon dollara bərabərdir.
Bundan əvvəl Berliner Zeitung yazmışdı ki, Avropa İttifaqı tərəfindən Ukraynaya ayrılması planlaşdırılan kredit Kiyevdə baş verən korrupsiya qalmaqalı səbəbindən risk altına düşüb.