19 may 2026 18:54
120

Almaniyada enerji şirkəti "Uniper"in özəlləşdirilməsi prosesi başlayıb

Almaniya hökuməti milliləşdirilməsindən dörd il sonra aparıcı enerji konserni olan "Uniper"in özəlləşdirilməsi prosesinə start verib. Hökumət şirkətdəki payını 99,12%-dən 25% + 1 səhmdək azaltmağı planlaşdırır.

“İki sahil” Almaniya KİV-lərinə istinadla xəbər veriir ki, potensial alıcılar arasında müxtəlif ölkələrin suveren fondları və iri enerji qrupları yer alır. Maraqlı tərəflərə 12 iyun tarixinədək niyyət məktubu göndərərək yazılı şəkildə maraqlarını bildirmək təklif olunub.

Almaniya hakimiyyəti "Uniper"i 2022-ci ildə Rusiyadan qaz tədarükünün azalması nəticəsində yaranan enerji böhranı fonunda ölkənin enerji sektorunu dəstəkləmək məqsədilə milliləşdirmişdi. Şirkət müştərilərini enerji ilə təmin etmək və qaz anbarlarını doldurmaq üçün həmin dövrdə spot bazardan rekord yüksək qiymətlərlə qaz almağa məcbur olmuşdu. Nəticədə "Uniper" iflas həddinə çatmışdı.

Bundan sonra Almaniya hökuməti enerji konserninə bir neçə dəfə milyardlarla avro həcmində yardım paketləri ayırmış və daha sonra onun milliləşdirilməsi barədə qərar qəbul etmişdi.

Avropa Komissiyası şirkətin dövlət tərəfindən alınmasını bir sıra şərtlərlə təsdiqləmişdi. Şərtlərə əsasən, hökumətin şirkətdəki payı ən gec 2028-ci ilə qədər 25% + 1 səhmdək azaldılmalıdır.

"Suddeutsche Zeitung"in qiymətləndirməsinə görə, hazırda "Uniper"in bazar kapitallaşması təxminən 18 milyard avro təşkil edir.