Mayın 19-da Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "Xəzər regionunda iqlimədavamlı şəhərlər və icmalar: Şəhər uyğunlaşması üçün şaquli iqlim maliyyələşdirilməsi" mövzusunda yüksəksəviyyəli dialoq keçirilib.
“İki sahil” xəbər verir ki, tədbir yüksəkvəzifəli dövlət nümayəndələrini, BMT təmsilçilərini, beynəlxalq maliyyə institutlarını və inkişaf tərəfdaşlarını bir araya gətirib.
Tədbirdə iqlim maliyyəsinin, tərəfdaşlıqların və innovasiyaların miqyaslanabilən və insan mərkəzli şəhər uyğunlaşmasını necə dəstəkləyə biləcəyi müzakirə edilib.
Tədbirin açılış mərasimində çıxış edən ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə iqlim dəyişikliklərinin təsirlərinin hər il daha da kritik xarakter aldığını, artan temperaturun və su ehtiyatlarının azalmasının yeni çağırışlar yaratdığını diqqətə çatdırıb.
Qeyd olunub ki, Xəzər dənizində suyun səviyyəsinin enməsi artıq ciddi problemə çevrilib. Bunun balıqçılıq sahəsindən tutmuş sahilyanı ərazilərdə yaşayan əhalinin həyatına, turizm iqtisadiyyatına və ümumi ekosistemə qədər milyonlarla insanın yaşamına təsir göstərdiyi vurğulanıb.
Diqqətə çatdırılıb ki, Azərbaycan üçün Xəzər dənizi mühüm irs və həssas təbii sistemdir. Bu baxımdan ölkəmiz həm milli, həm də regional səviyyədə mühüm təşəbbüslər irəli sürür.
Tədbir BMT-nin Ətraf Mühit Proqramının Avropa Ofisinin regional koordinatoru Mahir Əliyevin moderatorluğu ilə müzakirələrlə davam edib. Müzakirələrdə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) baş katibinin köməkçisi və icraçı direktorunun müavini Elizabeth Maruma Mrema, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, Beynəlxalq Miqrasiya Təşkilatının İqlim Fəaliyyəti Bölməsinin direktoru Rania Sharshr və başqaları iştirak ediblər.