19 may 2026 20:57
110

Azad edilmiş ərazilərdə əməyin mühafizəsi ilə bağlı növbəti maarifləndirmə tədbirlərinə başlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə əməyin mühafizəsi ilə bağlı növbəti maarifləndirmə tədbirlərinə başlayıb. Bu istiqamətdə ilk tədbirlər Füzuli və Cəbrayıl rayonlarında təşkil olunub. “İki sahil” xəbər verir ki, tədbirlərdə Xidmətin, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin nümayəndələri iştirak ediblər.

Qeyd olunan rayonlardakı 3 müəssisənin 100-dən çox işçisini əhatə edən tədbirlərdə  əməyin mühafizəsi, sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi, iş yerlərinin attestasiyası, yeni dövlət standartlarının tətbiqi, layiqli əmək prinsipləri və əmək qanunvericiliyinin əsas tələbləri barədə məlumatlar verilib. İş yerlərində təhlükəsizlik qaydaları və mina təhlükəsizliyinin əsas prinsipləri diqqətə çatdırılıb. Maarifləndirmə tədbirləri çərçivəsində iştirakçılara yaddaş kitabçaları, bukletlər və digər məlumatlandırıcı materiallar təqdim olunub, onları maraqlandıran suallar cavablandırılıb. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən müəssisələrdə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirlərinin davam etdirilməsi nəzərdə tutulur.