20 may 2026 12:43
110

Anaklaudia Rossbax: BMT-nin humanitar fəaliyyətlərinə ayrılan yardımların azalması ciddi xəbərdarlıq siqnalıdır

Dünya Bankında uzunillik iş təcrübəmə dayanaraq, şəhərsalma, mənzil təminatı və qeyri-formal yaşayış məntəqələri sahəsindəki bütün bilik və bacarıqlarımızı bir araya gətirmək üçün böyük imkanlar görürəm. Biz, fərqli coğrafiyalarda fəaliyyət göstərən və zəngin təcrübəyə malik olan bir icmayıq. Əgər bu çoxşaxəli potensialı və ekspertizanı birləşdirə bilsək, daha güclü olar, təsir dairəmizi və fəaliyyətimizi daha da genişləndirə bilərik.

“İki sahil” xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən "Qlobal mənzil maliyyələşdirilməsindən yerli əlçatan mənzil gündəliyinə: Qlobal inkişaf və submilli maliyyələşdirmədən istifadə" adlı tədbirdə çıxış edərkən deyib.

O bildirib ki, bu prosesdə bir məsələ xüsusilə aydın oldu: maliyyə vəsaitlərinin, xüsusilə də BMT-nin humanitar fəaliyyətlərinə ayrılan yardımların azalması təşkilata ciddi təsir göstərib: "Bu da inkişaf məsələsinin nə qədər vacib olduğunu bir daha nümayiş etdirdi. Biz, qlobal icma olaraq, humanitar yardım ilə inkişaf arasında əlaqə qurmaq məsələsində, ümumilikdə, uğursuzluğa düçar olduq".

“Məncə, bu, mənim üçün bir növ xəbərdarlıq siqnalı oldu. Əgər biz BMT və UN-Habitat olaraq inkişaf sahəsində fəaliyyətimizi genişləndirmək istəyiriksə – hansı ki, dünyanın da məhz buna ehtiyacı var – təbii ki, insanların qidalanmasını təmin etmək və həyatlarını xilas etmək ən vacib məsələdir. Amma yalnız bununla kifayətlənsək, cəmiyyət olaraq irəli gedə bilmərik. Dayanıqlı İnkişaf Məqsədləri, iqlim dəyişikliyi və Yeni Şəhər Gündəliyi kimi qarşımızda duran əsas çağırışları və hədəfləri icra edə bilmərik”, - deyə o əlavə edib.