WUF13 çərçivəsində təşkil olunan “Urban Expo” sərgisində ölkənin bir sıra aparıcı ali təhsil müəssisələri dayanıqlı şəhər inkişafı, “ağıllı şəhər” həlləri və ekoloji innovasiyalar sahəsində hazırladıqları layihələri təqdim edirlər.
Sərgidə Bakı Dövlət Universiteti də (BDU) fəal şəkildə təmsil olunur.
“İki sahil” qəzetinin əməkdaşı Yaqut Ağaşahqızının “Urban Expo” sərgisində iştirak edərək oradan hazırladığı xüsusi reportajı təqdim edirik:
Əvvəlcə onu qeyd edək ki, universitetin ekspozisiyasında şəhər mühitinin dayanıqlı inkişafı, ekoloji tarazlığın qorunması, iqlim dəyişikliklərinə adaptasiya, innovativ texnologiyaların tətbiqi və inklüziv urban inkişaf modellərinin formalaşdırılması, torpaq kadastrı bazası sisteminin təşəkkülü istiqamətində həyata keçirilən elmi-tədqiqat layihələri və təşəbbüslər geniş şəkildə təqdim edilir. BDU nümayəndələri tərəfindən təqdim olunan materiallarda müasir şəhərlərin qarşılaşdığı əsas çağırışlara elmi yanaşmalar, “ağıllı şəhər” konsepsiyaları, rəqəmsal transformasiya imkanları, həmçinin şəhər infrastrukturunun daha dayanıqlı və insan mərkəzli inkişafına yönəlmiş multidissiplinar tədqiqat nəticələri xüsusi yer tutur. Eyni zamanda, BDU-nun müxtəlif fakültə və elmi mərkəzlərində aparılan tədqiqatların praktiki tətbiq imkanları, beynəlxalq layihələr və tərəfdaşlıq çərçivəsində həyata keçirilən birgə təşəbbüslər də ziyarətçilərin diqqətinə çatdırılır.

“Urban Expo” çərçivəsində yaradılmış “Biznes və İnnovasiya Mərkəzi” platformasında 45 şirkət və 14 startap layihəsi də təqdim olunur. BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi tərəfindən hazırlanaraq Universitet ərazisində istifadəyə verilmiş “Clean-Charge” EkoEnerji məntəqəsinin prototipi sərgidə özünəməxsus yer tutur. Qeyd edək ki, ümumi gücü 22 kilovat-saat olan bu hibrid enerji sistemi Günəş və külək enerjisi kimi bərpa olunan mənbələrdən istifadə etməklə elektromobillərin enerji ilə təmin olunmasını həyata keçirir. Layihənin əsas məqsədi elektrik enerjisinin yalnız təmiz mənbələrdən istehsalını təmin etmək və bununla da “dolayı karbon emissiyası” probleminin azaldılmasına töhfə verməkdir. KOBİA-nın qrant dəstəyi və BDU-nun elmi-texniki iştirakı ilə Universitet ərazisində reallaşdırılan bu innovativ ekoloji təşəbbüs müasir yaşıl texnologiyaların tətbiqi baxımından nümunəvi model kimi çıxış edir. Hazırda “Clean-Charge” EkoEnerji məntəqəsi elektromobil sürücüləri tərəfindən gündəlik olaraq intensiv şəkildə istifadə olunur və dayanıqlı enerji infrastrukturunun inkişafına praktik töhfə verir.
BDU-nun bu nüfuzlu beynəlxalq platformada iştirakı Universitetin yalnız təhsil və tədqiqat sahəsində deyil, həm də qlobal urban inkişaf gündəliyinə töhfə verən elmi mərkəz kimi mövqeyini daha da gücləndirir. Bu iştirak həmçinin BDU-nun beynəlxalq akademik şəbəkələrdə əlçatanlığını artırır, yeni əməkdaşlıq imkanlarının formalaşmasına şərait yaradır və qlobal çağırışlara cavab verən innovativ elmi yanaşmaların paylaşılmasına xidmət edir. BDU-nun Xarici tələbələrlə iş şöbəsinin müdiri Nigar Seyidli “İki sahil”ə özəl a açıqlamasında diqqətə çatdırdı ki, Bakı Dövlət Universitetinin Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı Proqramı çərçivəsində təhsil alan bir qrup əcnəbi tələbəsi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında fəal iştirak etmişdir. Tələbələr forum çərçivəsində müxtəlif stendlərlə tanış olaraq şəhərsalma, davamlı inkişaf, ekoloji dayanıqlılıq və innovativ həllər haqqında ətraflı məlumat əldə etmiş, həmçinin beynəlxalq müəssisələrlə dəyərli əlaqələr qurmaq imkanı qazanmışlar.

Forum çərçivəsində Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən “Yaşıl evlər və iqlimədavamlı şəhərlər üçün hidroponik həllər” adlı xüsusi təlim sessiyası da əcnəbi tələbələrin böyük marağına səbəb olmuşdur. Sessiyada iştirakçılar hidroponik sistemlərin müasir şəhər mühitində tətbiqi, ekoloji üstünlükləri və iqlimə davamlı urbanizasiya strategiyalarının formalaşdırılmasında bu texnologiyanın rolu barədə müzakirələr aparmışlar.
Ümumilikdə, Bakı Dövlət Universitetinin əcnəbi tələbələrinin belə qlobal tədbirlərdə fəal iştirakı onların akademik biliklərinin genişlənməsinə, dünya təcrübəsini öyrənmələrinə və beynəlxalq əməkdaşlıq əlaqələrinin formalaşmasına mühüm töhfə vermişdir.
Nigar Seyidli vurğulayıb ki, WUF13 çərçivəsində universitetin həm yerli, həm də əcnəbi tələbələri könüllü fəaliyyətlərdə fəal iştirak edirlər. Onlar müxtəlif təlimlərə qatılır, forumun təşkilati proseslərinə dəstək göstərirlər.Tələbələrimiz təəssüratlarını bölüşərkən bildirirlər ki, bu təlimlərdə iştirak və könüllülük fəaliyyəti onlarda böyük maraq yaradıb, eyni zamanda şəxsi inkişaflarına töhfə verib. Bu proses onların beynəlxalq əlaqələrin qurulması, mədəniyyətlərarası ünsiyyətin güclənməsi və qlobal əməkdaşlıq bacarıqlarının inkişafı baxımından da mühüm rol oynayıb.