20 may 2026 18:18
77

Paşinyan nikbindir

Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkilərinin təbliğat mərhələsinin başlanması ilə ritorika daha da sərtləşib. Belə ki, baş nazir iddiasında olanlar məqsədlərinə nail olmaq üçün sülhlə bağlı saxta hekayələr uydurur, Qarabağa dair təxribatçı fikirlər səsləndirir, hazırkı baş nazir Paşinyanı uğursuzluqlarda günahlandırır, bununla da sadə erməniləri öz tərəflərinə çəkməyə cəhdlər göstərirlər. Məsələn, “Hayastan” blokunun baş nazirliyə namizədi, revanşist düşərgənin əsas simalarından biri olan Robert Koçaryan seçki kampaniyası çərçivəsində keçirdiyi mitinqdə əldə olunan sülhü rüsvayçılıq adlandırıb. Ermənistan baş nazirliyinə iddialı Samvel Karapetyan da Bakı və İrəvan arasındakı hazırkı sülh prosesinə qarşı olduğunu bildirib. Bir sözlə, onlar Azərbaycanla Ermənistan arasında vasitəçilərsiz birbaşa əlaqələrin qurulmasını, sülh müqaviləsinin paraflanmasını, Zəngəzur dəhlizi ilə əlaqədar məsələnin razılaşdırılmasını, beynəlxalq təşkilatlarda hər iki dövlətin bir-birlərinə qarşı iddialarının dayandırılmasını, sərhəd məsələlərinə dair qismən razılaşmaları, Rusiyadan, Qazaxıstandan Ermənistana göndərilən malların Azərbaycan ərazisindən keçməklə qonşu ölkəyə çatdırılmasını, hər iki ölkə arasında birbaşa iqtisadi  və ticarət əlaqələrinin qurulmasını həzm edə bilmirlər.

 Yeri gəlmişkən qeyd edək ki, son günlər daxili siyasi vəziyyəti gərginləşdirən belə çıxışların sayı artmaqdadır. Hətta onlar öz yalanlarını Ermənistan cəmiyyətinə sırımaq üçün milyonlar da xərcləyirlər. Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi seçki ərəfəsində xeyriyyə ianələrinə qoyulan qadağanı pozmaq və seçkilərlə əlaqədar rüşvəti vermək ittihamı ilə “Güclü Ermənistan” Partiyasının sədri, rusiyalı oliqarx Samvel Karapetyanın və “Hayastan” blokunun lideri Koçaryanın, eləcə də “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Sarukyanın tərəfdarlarından bir neçəsini saxlayıb.

Baş nazir Paşinyan və komandası mövcud proseslərə qarşı çıxan daxildəki müxaliflərin ictimai rəydə çaşqınlıq yaratmaq cəhdlərinin qarşısını almağa çalışır. Bununla da o, hazırda yaranmış tarixi şansı əldən vermək fikrində olmadığını nümayiş etdirib. 

Nikol Paşinyan hakim “Vətəndaş Müqaviləsi” Partiyasının Loridəki seçki kampaniyası zamanı rusiyalı oliqarx Samvel Karapetyanın Rusiya Federal Təhlükəsizlik Xidmətini əməkdaşı olduğu fikrini növbəti dəfə təkrarlayıb. Baş nazir “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Sarukyanın Belarusda yaşayan oğlunu cinayətdə ittiham edib. O, Sarukyanın da, Koçaryanın da casus olduğununu dilə gətirib: “Son günlərdə Ermənistanda siyasi həyat casus filmini xatırladır.”

Baş nazir seçiciləri ilə görüşündə 10-dan çox dinc nümayişçinin ölümü ilə nəticələnən 2008-ci ilin 1 mart hadisəsi ilə bağlı danışarkən bildirib ki, bu məsələnin üstü bütün detalları ilə 100 faiz açılıb: “Hüquq sistemimiz vasitəsilə Robert Koçaryan dəstənin rəhbəri kimi hüquqi məsuliyyətə cəlb olunmalıdır. Robert Koçaryan həbs edilməlidir”. Paşinyan, həmçinin sabiq prezident Robert Kocaryanla, oliqarxlar Qaqik Sarukyan və Samvel Karapetyan arasındakı işbirliyini “üçbaşlı müharibə koalisiyası” adlandırıb. Üstəlik, bildirib ki, Ermənistan xalqını “köpək və alçaq” adlandıran bu beyinsiz casuslara səs verilməməlidir. Paşinyanın sözlərinə görə, onlar erməni xalqının sülhünü, sevincini öldürmək üçün üzə çıxıblar.

Bütün bunlara rəğmən Paşinyan və onun komandası bədbin deyil. Belə ki, o, rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasının iyunun 7-də keçiriləcək parlament seçkilərində qələbə qazanacağından əmindir. Ermənistan parlamentinin sədri Alen Simonyan da Robert Koçaryanın, Samvel Karapetyanın və Qaqik Sarukyanın rəhbərlik etdikləri siyasi qüvvələrin iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərində minimum həddi keçə bilməyəcəklərini bildirib. O, bunu Ermənistanda insanların keçmişin korrupsioner rəhbərlərindən imtina etmələri, onların ölkəni yenidən fəlakətlərə sürükləmək istəkləri ilə əlaqələndirib. Ermənistanın “Xristian-Demokrat” Partiyasının sədri Levon Şirinyan bildirib ki, bunların artıq bitdiyini deyəndə özlərindən çıxırlar, özləri isə həm də rusiyapərəst və russevərdirlər: “Samvel “Sibir xorası”dır. Paşinyan baş nazir postuna yeganə namizəddir və qalib gələcək”. Ermənistanın “Respublika Uğrunda” Partiyasının sədr müavini Ruben Mehrabyan həmin üçlüyü nəzərdə tutaraq ölkədə mafiya ilə mübarizə apardıqlarını vurğulayıb.

Yeri gəlmişkən qeyd edək ki, Ermənistan parlament respublikası olduğundan sözügedən seçkilər bu ölkə üçün çox önəmlidir. Hökumətin formalaşması məhz seçkilərin nəticələrindən asılıdır.

Qvami Məhəbbətoğlu, “İki sahil”