21 may 2026 13:34
158

WUF13-də yeni baxış: KOB-lar şəhərlərin gələcəyini formalaşdıran əsas gücə çevrilir

KOBİA-nın təşkil etdiyi panel müzakirədə KOB-ların innovasiya, yaşıl texnologiyalar və rəqəmsallaşma vasitəsilə şəhər inkişafına töhfə verə biləcəkləri qeyd edilib.

Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) çərçivəsində mayın 21-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Kiçik və orta bizneslərin dayanıqlı, inklüziv və davamlı şəhərlərin qurulmasında əsas iştirakçı kimi rolunun gücləndirilməsi” mövzusunda panel müzakirəsi keçirilib.

Biznes və İnnovasiya Mərkəzində təşkil olunmuş tədbirdə dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri, sahibkarlar və şəhərsalma üzrə mütəxəssislər iştirak ediblər.

WUF13 çərçivəsində müvafiq mövzuda panel müzakirənin təşkilində əsas məqsəd KOB-ların dayanıqlı şəhər inkişafında rolunun gücləndirilməsi, inklüziv və davamlı şəhər mühitlərinin formalaşdırılmasına töhfələrini artırmaqdır.

Tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması ölkəmizin dayanıqlı şəhər inkişafına, müasir memarlığa, ekoloji davamlılığa və daha inklüziv şəhər mühitinin formalaşdırılmasına verdiyi strateji əhəmiyyəti əks etdirir: “Bugünkü panel Azərbaycan üçün olduqca əlamətdar bir dövrdə keçirilir: “Prezident İlham Əliyev 2026-cı ili ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edib. Bu mühüm qərar hökumətimizin dayanıqlı şəhər inkişafına, müasir memarlığa, ekoloji davamlılığa və daha inklüziv şəhər mühitinin formalaşdırılmasına verdiyi strateji əhəmiyyəti əks etdirir. Bu qərar, həmçinin Azərbaycanın yalnız texnoloji baxımdan inkişaf etmiş və ekoloji cəhətdən dayanıqlı deyil, eyni zamanda, iqtisadi cəhətdən dinamik və sosial baxımdan inklüziv şəhərlərin qurulmasına sadiqliyini nümayiş etdirir. Bu baxımdan, bugünkü panelin mövzusu olduqca аktualdır. Əminəm ki, müzakirələr faydalı fikir mübadiləsinə şərait yaradacaq və həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə dayanıqlı şəhər inkişafı istiqamətində əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcək.”

Orxan Məmmədov əlavə edib ki, genişmiqyaslı şəhər transformasiyası layihələri, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, “yaşıl zona”ların genişləndirilməsi, şəhər infrastrukturunun modernləşdirilməsi və azad edilmiş ərazilərdə dayanıqlılıq prinsiplərinə əsaslanan yenidənqurma işləri ölkəmizin innovativ və gələcəyə yönəlmiş şəhərsalma siyasətinə sadiqliyini nümayiş etdirir: “Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərdə həyata keçirilən şəhərsalma təşəbbüsləri çərçivəsində “ağıllı texnologiya”lar, bərpaolunan enerji mənbələri, müasir infrastruktur və ekoloji memarlıq standartları əsasında tamamilə yeni yaşayış məntəqələri qurulur. Ağalı kəndində həyata keçirilən “ağıllı kənd” layihəsi regionun ilk innovativ məskunlaşma modellərindən birinə çevrilib. Layihə bərpaolunan enerji, “ağıllı idarəetmə sistemləri”, dayanıqlı kənd təsərrüfatı və rəqəmsal ictimai xidmətləri özündə birləşdirir. Bununla yanaşı, Şuşa və Füzuli şəhərlərində həyata keçirilən genişmiqyaslı yenidənqurma və şəhərsalma layihələri Azərbaycanın müasir, ekoloji dayanıqlı və davamlı şəhər mühitinin qurulmasına sadiqliyini əks etdirir. Bu layihələr inteqrasiya olunmuş və gələcəyə hesablanmış şəhər inkişafının mühüm regional nümunələrinə çevrilməkdədir.”

İslam Əməkdaşlıq Təşkilatının Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzinin (SESRIC) Baş direktoru Zehra Zümrüt Selçuk, “Global Oracle Association for Leaders” təşkilatının təsisçisi və prezidenti Leyla Bağırzadə, sənayenin davamlılığı və dairəvi iqtisadiyyat üzrə ekspert Ayaz Salmanov, Beynəlxalq Təbiətin Mühafizəsi İttifaqının Şəhər üzrə Baş Proqram rəhbəri Loredana Skuto, “Rotas Consulting” şirkətinin idarəedici partnyoru Emil Məcidov və “Synergy Consulting Infrastructure & Financial Advisory” şirkətinin ölkə üzrə direktoru Rüfət Qəmbərov çıxış ediblər.

Çıxışlarda KOB-ların şəhərlərin dayanıqlı inkişafında mühüm rol oynadığı, onların şəhərsalma siyasətlərində daha fəal iştirakının təmin olunmasının vacibliyi vurğulanıb. KOB-ların innovasiya, yaşıl texnologiyaların tətbiqi, dairəvi iqtisadiyyat, resurs səmərəliliyi və rəqəmsallaşma vasitəsilə şəhərlərin daha dayanıqlı və inklüziv inkişafına mühüm töhfə verə biləcəkləri qeyd olunub. Eyni zamanda çıxışlarda KOB-ların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, institusional dəstəyin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın artırılması zəruri istiqamətlər kimi diqqətə çatdırılıb və tədbir iştirakçılarının sualları cavablandırılıb.

Orxan Vahidoğlu, “İki sahil”