21 may 2026 15:37
121

WUF13: “Multitərəfli əməkdaşlıq vasitəsilə mənzil siyasətinin inkişafı: qlobal öhdəliklərdən yerli təsirə” mövzusunda sessiya yekunlaşıb

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan Pavilyonunda “Multitərəfli əməkdaşlıq vasitəsilə mənzil siyasətinin inkişafı: qlobal öhdəliklərdən yerli təsirə” mövzusunda birgə sessiya keçirilib.

“İki sahil” xəbər verir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGIC), BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (SCUPA) birgə təşkil etdiyi tədbirdə qlobal mənzil siyasəti üzrə çağırışlar və həll yolları müzakirə olunub.

Beynəlxalq öhdəliklərin, xüsusilə Dayanıqlı İnkişaf Məqsədlərinin (SDG), o cümlədən SDG 11 – dayanıqlı şəhərlər və icmalar üzrə hədəflərin və Yeni Şəhər Gündəliyinin yerli səviyyədə daha effektiv icrasına nail olunması Sessiyanın əsas mövzusunu təşkil edib.

UNESCO-nun İnklüziv və Dayanıqlı Şəhərlər Beynəlxalq Koalisiyasının sədri, Avropa Şəhərlərinin İrqçiliyə Qarşı Koalisiyasının prezidenti Benedetto Zacchirolinin moderatoru tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13 üzrə milli koordinator Anar Quliyev, Bosniya və Herseqovinanın sabiq Prezidenti Mladen Ivanić, Böyük Britaniya Lordlar Palatasının üzvü, Birlik Təşkilatının sabiq baş katibi Patricia Scotland və Kuala-Lumpurun sabiq meri, UN-Habitat-ın sabiq icraçı direktoru Maimunah Mohd Sharif iştirak edib.

Sessiyada vurğulanıb ki, şəhərlər iqtisadi inkişafın və innovasiyaların əsas mərkəzləri olmaqla yanaşı, mənzil çatışmazlığı, torpaq resurslarının məhdudluğu, iqlim riskləri və sosial inklüzivliyin təmin olunması kimi məsələlərin həllində də ön sıradadır. Bununla yanaşı, yerli hakimiyyət orqanları çox vaxt genişmiqyaslı həlləri həyata keçirmək üçün kifayət qədər maliyyə resursları və institusional imkanlara malik olmur.

Müzakirələr zamanı beynəlxalq təşkilatlar, milli hökumətlər və yerli idarəetmə strukturları arasında əməkdaşlığın gücləndirilməsi, yeni maliyyələşmə alətləri, innovativ idarəetmə modelləri və mənzil siyasətinin həyata keçirilməsi üçün tərəfdaşlıq mexanizmləri nəzərdən keçirilib.

Sessiyanın məqsədləri sırasında əlçatan və adekvat mənzil siyasətinin yerli səviyyədə dəstəklənməsində çoxtərəfli mexanizmlərin rolunun qiymətləndirilməsi, inklüziv və dayanıqlı yanaşmaların təşviqi, həmçinin mənzil sektorunda maliyyələşmə və institusional potensialın genişləndirilməsi yer alıb.