Bakıda davam edən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) sonuncu günündə özəl sektorun davamlı şəhərlərin qurulmasındakı roluna dair fikir mübadiləsi aparılıb.
“İki sahil” xəbər verir ki, Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının (ATMİA) təşkil etdiyi “Özəl sektor davamlı şəhərlərin hərəkətverici gücü kimi” adlı sessiyada çıxış edən ATMİA-nın baş katibi Sevda Quliyeva paytaxtımızın ev sahibliyi etdiyi WUF13-ün ölkəmizin tikinti və inşaat sektorunun beynəlxalq səviyyədə tanıdılması, özəl şirkətlərin yeni tərəfdaşlıqlar qurması və “Made in Azerbaijan” brendinin təşviqi baxımından mühüm platforma rolunu oynadığını deyib.
O, WUF13-ün şəhərlərin gələcəyi, dayanıqlı urbanizasiya, innovativ tikinti yanaşmaları və insan mərkəzli inkişaf məsələlərinin müzakirə olunduğu nüfuzlu beynəlxalq platforma rolunu oynadığını bildirib.
“BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası dünyanın müxtəlif ölkələrindən hökumət nümayəndələrini, beynəlxalq təşkilatları, biznes sektorunu, memarları, urbanistləri, tikinti şirkətlərini və investorları bir araya gətirir. Bu baxımından WUF13 tikinti sənayesinin gələcəyini formalaşdıran qlobal dialoq platforması olmaqla yanaşı, innovasiya, əməkdaşlıq və dayanıqlı inkişaf prinsiplərini təşviq edir”, - deyə baş katib bildirib.
Bildirilib ki, 2017-ci ildən fəaliyyət göstərən Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının məqsədi ölkədə tikinti materialları istehsalına dəstək vermək, tikinti materialları sənayesinin inkişafı istiqamətində dövlət tərəfindən iqtisadi və sosial inkişaf sahəsində həyata keçirilən tədbirləri təbliğ etməkdir. ATMİA Azərbaycan stendi adı ilə yerli şirkətlərin istehsal etdikləri tikinti materiallarının beynəlxalq bazarlarda tanıdılması və satışını təşkil edir. Assosiasiya ümumi maraqlara xidmət edən, könüllülük, üzvlərin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan ictimai birlikdir. Hazırda Azərbaycanın yüzlərlə aparıcı tikinti şirkətləri və tikinti materialları istehsalçıları ATMİA-nın üzvüdür.
Sessiyada tikinti materialları sektorunun, sənaye tərəfdaşlıqlarının və özəl sektorun dayanıqlı şəhərlərin qurulmasındakı rolu müzakirə edilib. İnnovativ həllər, beynəlxalq əməkdaşlıq imkanları və uğurlu təcrübələr təqdim olunub.
Qeyd olunub ki, bu gün qlobal şəhərsalma, dayanıqlı tikinti, innovativ materiallar və yaşıl iqtisadiyyat məsələləri dünya gündəminin əsas mövzularındandır. Belə bir dövrdə sektor nümayəndələri arasında əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin təşviqi və yeni tərəfdaşlıqların qurulması xüsusi əhəmiyyət daşıyır.
WUF13 inklüzivlik və əlçatanlıq mesajının daha geniş auditoriyaya çatdırılmasına imkan yaratdı
Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu yollardakı vəziyyətlə bağlı xəbərdarlıq edir