22 may 2026 16:38
105

WUF13-də işğaldan azad edilmiş ərazilərin bərpası müzakirə olunub

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Urbisiddən dirçəlişə: Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında dayanıqlı bərpa, yenidən məskunlaşma və inkişaf” mövzusunda panel müzakirəsi keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov, Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev, eləcə də Chapman Taylor Group-un idarə heyətinin direktoru Marselina Zielinski çıxış ediblər.

Paneldə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, dayanıqlı şəhərsalma prinsipləri əsasında yeni yaşayış məntəqələrinin qurulması və əhalinin mərhələli şəkildə doğma yurdlarına qaytarılması məsələləri müzakirə olunub.

Çıxışlarda regionlarda müasir infrastrukturun yaradılması, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, yaşıl enerji həlləri və uzunmüddətli sosial-iqtisadi inkişaf strategiyalarının icrası barədə məlumat verilib.

Bildirilib ki, azad edilmiş ərazilərdə həyata keçirilən layihələr postmünaqişə dövründə dayanıqlı inkişaf və şəhərsalma üzrə beynəlxalq səviyyədə nümunəvi model kimi qiymətləndirilir.