Londonda Kral İncəsənət Cəmiyyətində (The Royal Society of Arts) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə hazırlanmış “Həqiqi hekayə: Qarabağda Qafqaz Albaniyasının xristian irsi” adlı interaktiv platformasının təqdimatı keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə layihənin rəhbəri, İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək İctimai Birliyinin sədri, Əməkdar jurnalist Şəlalə Həsənova məlumat verib.
İnteraktiv platformanın təqdimat mərasimində çıxış edən Şəlalə Həsənova bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qafqaz Albaniyasının xristian irsinin qorunması və beynəlxalq ictimaiyyətə çatdırılması ilə bağlı mövqeyindən irəli gələrək, rəhbərlik etdiyi təşkilat işğaldan azad edilmiş ərazilərdə yerləşən alban kilsələrini əhatə edən virtual platforma hazırlayıb.
Layihənin unikallığı ondadır ki, ilk dəfə olaraq işğaldan azad edilmiş ərazilərin interaktiv xəritəsində 150 alban məbədi vahid platformada təqdim olunub. Kilsələrin böyük əksəriyyəti barədə onların alban irsinə məxsusluğunu təsdiqləyən tarixi faktlar və mənbələr yerləşdirilib. Platforma tolerant və multikultural Azərbaycanın qədim xristian irsini nümayiş etdirməklə yanaşı, Qarabağdakı qədim kilsələrin erməni deyil, məhz Qafqaz Albaniyasına məxsus dini abidələr olduğunu faktlarla ortaya qoyur.
Vurğulanıb ki, layihənin əsas məqsədi Azərbaycanın zəngin xristian irsini beynəlxalq ictimaiyyətə təqdim etmək, işğaldan azad edilmiş ərazilərdə yerləşən Qafqaz Albaniyasına məxsus dini-mədəni abidələrin mövcudluğunu geniş auditoriyaya çatdırmaq, eyni zamanda, ölkəmizin tarixən formalaşmış tolerantlıq və multikulturalizm dəyərlərini nümayiş etdirməkdir. Bildirilib ki, nadir tarixi mənbələr və faktlar əsasında hazırlanan interaktiv xəritə beynəlxalq ictimaiyyətdə mövcud olan yanlış təsəvvürlərin aradan qaldırılmasına, erməni təbliğatına qarşı faktolojiəsaslı yanaşmanın gücləndirilməsinə xidmət edir.
Platforma erməni dairələrinin və onları dəstəkləyən bəzi Qərb siyasətçilərinin Qarabağda guya erməni dini irsinin məhv edilməsi ilə bağlı iddialarını faktoloji əsaslarla təkzib edir, eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə mövcud olan alban xristian irsinin sistemli və əhatəli mənzərəsini təqdim edir.
İnteraktiv xəritədə Xocavənd rayonunda 54, Ağdərədə 26, Laçında 21, Xocalıda 17, Kəlbəcərdə 16, Ağdamda 6, Şuşada 4, Qubadlıda 3, Zəngilanda 2, Füzulidə isə 1 alban kilsəsinin dəqiq coğrafi koordinatları göstərilib. Saytda xəritə ilə yanaşı, Azərbaycanın alban xristian irsinə dair kitablar, elmi məqalələr və tarixi materiallar da yerləşdirilib.
Layihənin rəhbəri Şəlalə Həsənova tədbirin təşkilinə və layihənin həyata keçirilməsinə göstərilən dəstəyə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, Xarici İşlər Nazirliyinə, Britaniya-Azərbaycan Cəmiyyətinin rəhbəri Fəridə Pənahovaya, London-Azərbaycan Qadınlar Klubunun sədri Sevil Aslanovaya, diaspor nümayəndələrinə və akademik dairələrin təmsilçilərinə təşəkkürünü bildirib.
Təqdimatdan sonra keçirilən müzakirələrdə çıxış edən “CF Eurasia” partiyasının təsisçisi Bota Tore Hopkinson saytın və interaktiv xəritənin ictimai-siyasi əhəmiyyətini xüsusi vurğulayıb. O, platformanı Azərbaycanın dini-mədəni irsinin beynəlxalq ictimaiyyətə daha dolğun təqdim olunmasına mühüm töhfə verən layihə kimi yüksək qiymətləndirib.
Tədbirdə Azərbaycanın Birləşmiş Krallıqdakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Günel Səlimova da iştirak edib.