27 may 2026 21:00
63

Azərbaycan Respublikasının Müstəqillik Günü Madriddə təntənəli şəkildə qeyd olunub

Azərbaycanın İspaniya Krallığındakı səfirliyinin təşkilatçılığı ilə Madrid şəhərində 28 May – Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.

Tədbirdə İspaniyanın Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin Şimali Amerika, Şərqi Avropa, Asiya və Sakit Okean üzrə Baş direktorluğunun rəhbəri Luis Fonseka Sançez, nazirliyin digər yüksəkvəzifəli diplomatları, İspaniya hökuməti tərkibindəki müxtəlif dövlət qurumlarının nümayəndələri, parlament üzvləri, senatorlar, ölkədə akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, çoxsaylı səfirlər, Madrid şəhər bələdiyyəsinin rəsmiləri, akademik dairələrin və beyin mərkəzlərinin nümayəndələri, işgüzar dairələrin təmsilçiləri, qeyri-hökumət təşkilatlarının və media qurumlarının nümayəndələri, həmçinin Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan və İspaniyanın dövlət himnləri səsləndirilib.

Çıxış edən Azərbaycan Respublikasının İspaniya Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Ramiz Həsənov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 108-ci ildönümünün tarixi əhəmiyyətindən bəhs edib. Səfir qeyd edib ki, ölkəmiz 1918-ci ilin 28 mayında Şərqdə ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olaraq suverenlik, dünyəvilik və demokratik idarəçilik prinsiplərinə sadiqliyini bu gün də uğurla davam etdirir.

Səfir çıxışında vurğulayıb ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası ötən dövr ərzində daxili sabitliyin möhkəmləndirilməsi, sosial-iqtisadi inkişafın təmin olunması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və milli maraqlara əsaslanan müstəqil siyasətin həyata keçirilməsi istiqamətində mühüm nailiyyətlər əldə edib.

Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf kursu bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan hazırda regionun aparıcı dövlətlərindən biri kimi enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri, humanitar əməkdaşlıq, mədəniyyətlərarası dialoq və beynəlxalq təhlükəsizlik sahələrində mühüm təşəbbüslərlə çıxış edir.

Çıxış zamanı Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsinin regionda davamlı sülh və sabitlik üçün yeni reallıqlar yaratdığı diqqətə çatdırılıb. Səfir Ramiz Həsənov Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə toxunaraq qeyd edib ki, uzun illər davam etmiş münaqişəyə baxmayaraq, güclü siyasi iradə və beynəlxalq dəstək olduğu təqdirdə davamlı sülhə nail olmaq mümkündür.

Bu kontekstdə vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülhün təşviqi istiqamətində göstərdiyi səylərə görə bu il İspaniya cəmiyyəti üçün xüsusi mənəvi və simvolik əhəmiyyət daşıyan “Sülh və Barışıq üçün Gernika” mükafatına layiq görülüb. Qeyd olunub ki, müharibənin ağır nəticələrini yaşamış Azərbaycan xalqı sülhün, təhlükəsizliyin və qarşılıqlı anlaşmanın dəyərini yaxşı anlayır.

Səfir Ramiz Həsənov Azərbaycan ilə İspaniya arasında münasibətlərin son illərdə yüksələn dinamika ilə inkişaf etdiyini də diqqətə çatdırıb. Bildirilib ki, İspaniya parlamentinin sədri Fransina Armenqolun, İspaniya Hökumətinin Xarici və Qlobal İşlər üzrə Dövlət katibi Dieqo Beylo Martinesin Azərbaycana səfərləri, Azərbaycan-İspaniya iqtisadi əməkdaşlığı üzrə ikinci strateji dialoqun Madriddə keçirilməsi, eləcə də mədəniyyət, təhsil və humanitar sahələrdə intensivləşən əməkdaşlıq əlaqələrin daha da genişlənməsinə mühüm töhfə verib.

Tədbirə İspaniya hökuməti adından əsas qonaq qismində qatılan Luis Fonseka Sançez Azərbaycan hökumətini və xalqını Müstəqillik Günü münasibətilə təbrik edib, iki ölkə arasında münasibətlərin inkişafından məmnunluğunu ifadə edib.

Rəsmi qəbul çərçivəsində mədəni proqram da təşkil olunub.

Bununla yanaşı, mayın 28-də səfirliyin təşəbbüsü və Madrid Şəhər Şurasının dəstəyi ilə İspaniyanın məşhur tarixi simvollarından hesab olunan “Cibeles” fəvvarəsi yenidən Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılacaq.