Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyi tərəfindən Sofiya şəhərində 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunmuşdur.
“İki sahil” xəbər verir ki, tədbirdə fəxri qonaq qismində Bolqarıstan Respublikasının Baş nazirinin müavini, İqtisadiyyat, sərmayə və sənaye naziri Aleksandr Pulev, Energetika naziri İva Petrova, İnnovasiya və rəqəmsal transformasiya naziri İvan Vasilyev, Turizm naziri İlin Dimitrov, Xarici işlər nazirinin müavini səfir Kristo Polendakov, və digər bir sıra nazirliklərdən nazir müavinləri, Prezident və Baş nazirin administrasiyalarının yüksək vəzifəli nümayəndələri, Parlamentin deputatları, şəhərlərin merləri, universitetlərin rektorları, Bolqarıstanda akkreditə olunmuş səfirlər və diplomatik korpusun digər üzvləri, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, iş adamları, media rəhbərləri, eləcə də Bolqarıstandakı Azərbaycan diasporunun üzvləri iştirak etmişlər.
Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının və Bolqarıstan Respublikasının dövlət himnlərinin səsləndirilməsi ilə başlamış, daha sonra Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elmar Məmmədov və Bolqarıstan Respublikasının Baş nazirinin müavini Aleksandr Pulev çıxış etmişlər.
Səfir Elmar Məmmədov çıxışında bu il müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 108-ci ildönümünün qeyd olunduğunu diqqətə çatdıraraq, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynadığını vurğulamışdır.
Daha sonra Səfir, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasında və möhkəmləndirilməsində müstəsna rolunu xüsusi qeyd etmiş, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdiyini, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı yenidənqurma və quruculuq işlərinin başlandığını, eləcə də davamlı sülhün təmin edilməsi məqsədi ilə Azərbaycanın təşəbbüsü ilə Ermənistanla sülh sazişinin paraflandığını bildirmişdir.
İkitərəfli münasibətlərə toxunan səfir Elmar Məmmədov Azərbaycan ilə Bolqarıstan arasında qarşılıqlı etimada, yüksək səviyyəli siyasi dialoqa və enerji, nəqliyyat, rəqəmsal bağlantılar, ticarət, mədəniyyət və təhsil sahələrində genişlənən əməkdaşlığa əsaslanan strateji tərəfdaşlığın mövcud olduğunu vurğulamışdır. Bu xüsusda o, 2015-ci ildə Sofiyada imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməni və 2024-cü ildə Bakıda imzalanmış Strateji Tərəfdaşlığın Gücləndirilməsi haqqında Birgə Bəyannaməni ikitərəfli münasibətlərin mühüm mərhələləri kimi qeyd etmişdir.
Çıxış zamanı humanitar və mədəni əməkdaşlığın inkişaf edən istiqamətlərinə xüsusi diqqət yetirilmiş, Şuşa və Veliko Tırnovo şəhərləri arasında qardaşlaşma münasibətləri, eləcə də Veliko Tırnovo şəhərində inşa olunacaq “Şuşa Parkı” layihəsinin iki ölkə arasında dostluğun və strateji tərəfdaşlığın rəmzi olacağı vurğulanmışdır. Daha sonra bir neçə gün öncə Bakıda uğurla təşkil edilmiş Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) yaratdığı qlobal və regional miraslara, “Şəhərsalma və Arxitektura İli”çərçivəsində görülən işlərə, Bakının və Azərbaycanın regionlarının tarixi, mədəni və dini memarlıq irs abidələrinə dair ətfarlı məlumat verilmiş, və Bolqarıstan Prezidentinin, merlərinin və akademik dairələrinin WUF13-də fəal iştirakına görə təşəkkür edilmişdir.
Baş nazirin müavini Aleksandr Pulev çıxışında Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik etmiş və Azərbaycanın Bolqarıstanın etibarlı strateji tərəfdaşı olduğunu vurğulamışdır.
Aleksandr Pulev Azərbaycanın Bolqarıstanın enerji mənbələrinin şaxələndirilməsinə və regional enerji təhlükəsizliyinə verdiyi töhfəni yüksək qiymətləndirmiş, həmçinin Trans-Xəzər nəqliyyat dəhlizinin və Avropa ilə Asiyanı birləşdirən rəqəmsal bağlantı təşəbbüslərinin strateji əhəmiyyətini xüsusi olaraq qeyd etmişdir. O, iki ölkə arasında ticarət-iqtisadi və qarşılıqlı sərmayə əməkdaşlığının daha da genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu bildirmişdir.
Qəbul zamanı qonaqlara xüsusi videoçarx nümayiş etdirilmiş, videoçarxda Azərbaycanın zəngin tarixi, mədəni və dini memarlıq irsi, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, eləcə də Azərbaycanda elan olunmuş “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Bakı şəhərinin və Azərbaycanın regionlarının tarixi və müasir memarlıq üslublarının vəhdətini əks etdirən görüntülər təqdim olunmuşdur.
Tədbir tanınmış bolqar bəstəkarı və pianoçusu Minko Lambov və vokalist Valentina Dimitrova tərəfindən Azərbaycan musiqi əsərlərinin ifa olunduğu mədəni proqramla davam etmiş, daha sonra qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri təqdim olunmuşdur.
Əli Nağıyev MDB-nin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının iclasında iştirak edib
CAR-da keçirilən rəsmi qəbulda Bakının WUF13-ə uğurla ev sahibliyi etməsindən bəhs olunub