28 may 2026 17:33
63

“Zirvəyə doğru qaçış" yarışında mindən çox idmansevər mübarizə aparıb

Qusarda min nəfərdən çox idmansevər “Zirvəyə doğru qaçış" yarışında gücünü sınayıb.

“İki sahil” xəbər verir ki, 28 May – Müstəqillik Gününə həsr olunan kütləvi qaçış yarışında idmansevərlər 11 və 22 kilometr məsafədə yarışıb. Gənclər və İdman Nazirliyi, Qusar Rayon İcra Hakimiyyəti, Azərbaycan Atletika Federasiyası və “METAK” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən yarış sağlam həyat tərzinin təbliği, həm də milli birlik və xeyriyyəçilik ideyalarının təşviqinə xidmət edib. Yarışdan əvvəl Ulu Öndər Heydər Əliyevin Qusar şəhərindəki abidəsi ziyarət olunub.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov belə genişmiqyaslı tədbirin Qusar rayonunda keçirilməsindən məmnunluğunu ifadə edib, Müstəqillik Gününün tarixi əhəmiyyəti, ölkəmizdə aparılan uğurlu gənclər və idman siyasətindən danışıb.

Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov ölkəmizdə idmanın inkişafında Ulu Öndər Heydər Əliyevin tarixi rolunu qeyd edib, uğurlu idman siyasətinin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirildiyini bildirib. Belə kütləvi tədbirlərin bölgələrdə keçirilməsini vacibliyini qeyd edən A.Məmədov Gənclər və İdman Nazirliyi tərəfindən belə təşəbbüslərin daim dəstəklənəcəyini söyləyib.

“METAK” şirkətinin təsisçisi Alik Kərimov yarışın təşkilinə dəstək göstərməkdən məmnunluq duyduqlarını bildirib və bu cür layihələrin davamlı olmasının önəmini vurğulayıb, gənclərə müraciətində onları zərərli vərdişlərdən uzaq durmağa, idmanla məşğul olmağa və ən əsası Vətənə layiqli övlad olmağa çağırıb.

İki məsafə üzrə təşkil olunan yarışda təkcə Qusar rayonundan və ətraf bölgələrdən deyil, Bakı şəhərindən və xarici ölkələrdən gələn idmançılar iştirak ediblər.

Gərgin mübarizədən sonra müxtəlif kateqoriyalar üzrə qaliblər müəyyənləşib.

Sonda qaliblərə pul mükafatları və qiymətli hədiyyələr təqdim olunub.