28 may 2026 23:04
84

Federasiyanın icraçı vitse-prezidenti: “Sea Breeze Marina” yaxta klubu Azərbaycanda su idman növlərinin inkişafı üzrə yeni məkana çevriləcək

Azərbaycan Su İdman Növləri Federasiyası “Sea Breeze Marina” yaxta klubunda bir neçə idman növünü - yelkənli qayıq idmanı, baydarka və kanoe ilə avarçəkmə, sapbordinq (geniş üzən lövhə və uzun avardan istifadə edən idman növü) və digərlərini inkişaf etdirməyi nəzərdə tutur.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Su İdman Növləri Federasiyasının icraçı vitse-prezidenti Fərhad Əliyev AZƏRTAC-a bildirib.

“İlk dəfədir ki, “Sea Breeze Marinada”yıq və bu il burada məktəb açmağı planlaşdırırıq. “Sea Breeze” yeni məkandır və əminəm ki, mövsüm ərzində çoxlu izdiham cəlb edəcəyi üçün yay su idman növləri üçün yaxşı bir yerdir”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, “Sea Breeze”dən başqa, ölkənin digər bölgələrində də su idman növləri fəal şəkildə inkişaf edir: “Bakıda Dənizkənarı bulvarda hər gün təlim və düşərgələrin keçirildiyi bir klubumuz, eləcə də Mingəçevirdə bazamız var. “Sea Breeze” inkişaf üçün yeni bir mərkəzə çevriləcək”.

F.Əliyev, həmçinin “Sea Breeze”də gələcəkdə digər su idman növlərini də inkişaf etdirməyi planlaşdırdığını açıqlayıb.

“Biz “Drakon” sinifli qayıqları idxal etməyi, sapbordinq və digər müasir su idman növlərini inkişaf etdirməyi nəzərdə tuturuq. Bunlar populyarlaşdırmaq niyyətində olduğumuz yeni sahələrdir”, -deyə federasiyanın icraçı vitse-prezidenti vurğulayıb.