Rumıniyanın Qalați şəhərində yaşayış binasına çırpılan pilotsuz uçuş aparatı və bundan bir neçə saat sonra ölkənin digər bölgəsində ikinci dronun aşkarlanması Avropada təhlükəsizliklə bağlı narahatlıqları yenidən artırıb. Müşahidəçilərin fikrincə, baş verən hadisələr Ukraynada davam edən müharibənin təsirlərinin artıq Avropa İttifaqı və NATO məkanında daha aydın hiss olunduğunu göstərir. Rumıniya hakimiyyəti Qalațidə baş verən hadisəni son illərin ən ciddi təhlükəsizlik insidentlərindən biri kimi qiymətləndirir. Yaşayış binasına düşən pilotsuz uçuş aparatı nəticəsində iki nəfərin xəsarət alması və onlarla sakinin təxliyə olunması məsələnin yalnız hərbi deyil, həm də humanitar ölçüsünü ön plana çıxarıb.
Hadisədən dərhal sonra Prezident Nikuşor Danın Ali Müdafiə Şurasının təcili iclasını çağırması Buxarestin yaranmış vəziyyəti regional təhlükəsizlik kontekstində qiymətləndirdiyini göstərir. Rumıniya rəhbərliyi hesab edir ki, Ukrayna sərhədlərinə yaxın ərazilərdə baş verən hadisələr artıq yalnız Ukraynanın deyil, bütövlükdə Avropanın təhlükəsizlik gündəliyinin bir hissəsinə çevrilib.
Rumıniya Müdafiə Nazirliyinin açıqlamaları da diqqət çəkir. Hərbçilər bildiriblər ki, pilotsuz uçuş aparatının yaşayış binasına çırpılmasının qarşısını almaq üçün çox məhdud vaxt olub. Bununla yanaşı, mövcud qanunvericilik və sülh dövrü üçün nəzərdə tutulmuş prosedurlar hava məkanında yaranan yeni təhdidlərə operativ reaksiya verilməsini çətinləşdirir. Bu isə son illərdə sürətlə inkişaf edən pilotsuz uçuş aparatları texnologiyalarının ənənəvi müdafiə sistemləri qarşısında yaratdığı problemləri bir daha nümayiş etdirir. Ekspertlərin fikrincə, Ukraynada aparılan müharibə müasir hərbi əməliyyatların xarakterini dəyişib. Nisbətən ucuz və çevik pilotsuz uçuş aparatları artıq strateji təhlükəsizlik məsələsinə çevrilib. Qalați hadisəsi göstərir ki, hətta NATO üzvü olan ölkələr də bu yeni təhdidlərə qarşı müdafiə mexanizmlərini daim yeniləməyə məcburdurlar.
Hadisə Avropa İttifaqında da ciddi rezonans doğurub. Avropa Komissiyasının sədri Ursula Fon der Layen və Avropa Şurasının prezidenti Antoniu Koşta Rumıniya ilə həmrəylik ifadə edərək hadisəni Avropa təhlükəsizliyi üçün ciddi siqnal kimi qiymətləndiriblər. Brüsselin reaksiyası onu göstərir ki, Ukraynadakı müharibənin yaratdığı risklər artıq yalnız regional deyil, ümum-Avropa təhlükəsizlik məsələsi kimi qəbul olunur. Buxarestin NATO ilə məsləhətləşmələrə başlaması və ölkəyə antidron sistemlərinin daha sürətli şəkildə çatdırılmasını tələb etməsi də mövcud vəziyyətin ciddiliyindən xəbər verir. Rumıniya hesab edir ki, Qara dəniz regionunda təhlükəsizlik mühitinin dəyişməsi fonunda hava məkanının müdafiəsi və yeni texnologiyalara qarşı mübarizə imkanlarının genişləndirilməsi həyati əhəmiyyət daşıyır.
Müşahidəçilər qeyd edirlər ki, Qalați insidenti NATO-nun şərq cinahında təhlükəsizlik siyasətinin yenidən nəzərdən keçirilməsini sürətləndirə bilər. Alyans son illərdə əsas diqqəti hava hücumundan müdafiə və raket təhlükələrinə yönəltsə də, pilotsuz uçuş aparatlarının yaratdığı risklər yeni yanaşmalar tələb edir.
Baş verən hadisələr fonunda Rumıniya yalnız sərhəd dövləti deyil, NATO və Avropa İttifaqının şərq təhlükəsizlik sisteminin əsas dayaqlarından biri kimi çıxış edir. Bu baxımdan Qalațidə qeydə alınan insident təkcə Rumıniyanın deyil, bütövlükdə Avropanın gələcək təhlükəsizlik strategiyaları üçün mühüm dərslər ortaya qoyur.
Ekspertlərin qənaətinə görə, son hadisələr göstərir ki, Ukraynadakı müharibənin təsirləri coğrafi baxımdan genişlənməkdə davam edir və Avropa ölkələri yeni təhlükəsizlik reallıqlarına uyğunlaşmaq üçün müdafiə sistemlərini daha sürətlə modernləşdirməli olacaqlar. (AZƏRTAC)