29 may 2026 20:34
75

Kolumbiya radiosunda 28 May – Müstəqillik Gününün əhəmiyyətindən bəhs olunub

Azərbaycanın Kolumbiyadakı diplomatik nümayəndəliyinin əməkdaşı Namik Ramazanov bu ölkənin “Areandina Radio”sunda yayımlanan “Dağlar arasında səda: And dağlarından Qafqaza səyahət” adlı xüsusi verilişin qonağı olub.

“İki sahil” xəbər verir ki, veriliş zamanı Azərbaycanın zəngin tarixi, mədəni irsi, multikultural dəyərləri və beynəlxalq arenadakı geostrateji rolu barədə geniş məlumat verilib. Qeyd olunub ki, tarixi İpək Yolu üzərində yerləşən Azərbaycan əsrlər boyu Şərqlə Qərb arasında yalnız ticarət deyil, həm də mədəniyyətlər və sivilizasiyalar arasında mühüm körpü rolunu oynayıb.

Söhbət zamanı Azərbaycanın multikulturalizm modelinin beynəlxalq səviyyədə nümunə kimi qiymətləndirildiyi diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycanda multikulturalizm təkcə dövlət siyasəti deyil, eyni zamanda cəmiyyətin gündəlik həyat tərzinin ayrılmaz hissəsidir. Bu modelin həm yerli, həm də xarici ali təhsil müəssisələrində ayrıca fənn kimi tədris olunduğu vurğulanıb.

Verilişdə Azərbaycanda mövcud təhsil imkanları, xüsusilə “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramının üstünlükləri barədə də ətraflı məlumat verilib.

Eyni zamanda, 1918-ci il mayın 28-nin Azərbaycan dövlətçilik tarixində müstəsna əhəmiyyət daşıdığı qeyd olunub. Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk demokratik parlamentli respublika olduğu, həmçinin qadınlara seçki hüququ verən ilk ölkələrdən biri kimi tarixə düşdüyü vurğulanıb. Dünya azərbaycanlılarına 28 May – Müstəqillik Günü münasibətilə təbriklər çatdırılıb.

Veriliş çərçivəsində Azərbaycan musiqiləri də səsləndirilib.