ABŞ hökuməti hantavirus ştammına məruz qalmış kruiz sərnişinlərinin karantinin qalan hissəsini evdə keçirməsinə icazə verməyə hazırlaşır.
“İki sahil” xarici mediaya istinadən xəbər verir ki, həmin şəxslər 24 saat nəzarət altında olacaqlar.
Qeyd edək ki, ötən ay Cənubi Atlantik okeanında səyahət edən "MV Hondius" kruiz gəmisində bir neçə sərnişin ağır xəstələnib. Sonradan xəstəliyin insandan insana keçə bilən Andes hantavirusu olduğu müəyyən edilib. Hadisə nəticəsində ümumilikdə 13 yoluxma və 3 ölüm qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı virusun inkubasiya dövrünün altı həftəyə qədər davam edə biləcəyini nəzərə alaraq sərnişinlərə 42 günlük karantin tövsiyə edib. Hazırda ABŞ-da karantində saxlanılan bəzi sərnişinlərin evlərinə qayıtmasına bazar ertəsindən etibarən icazə verilə bilər. Lakin onlar karantin müddətinin sonunadək fasiləsiz nəzarət altında qalacaqlar.