ABŞ-ın Florida ştatının rəhbərliyi süni intellekt əsaslı ChatGPT platformasının uşaqlar üçün təhlükəsiz olmadığı iddiası ilə məhkəməyə müraciət edib.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilir ki, məhkəməyə təqdim olunan iddia ərizəsində ChatGPT-yə qarşı bir sıra ciddi ittihamlar irəli sürülüb. Sənəddə qeyd olunur ki, platforma kütləvi qətliam törədən şəxslərə kömək göstərə, intiharı təşviq edə, insanların ictimaiyyət qarşısında alçaldılmasına səbəb ola və yetkinlik yaşına çatmayanları valideyn nəzarəti olmadan texnologiyadan asılı vəziyyətə sala bilər.
Bundan əlavə, iddia ərizəsində ChatGPT-nin istifadəçilərin tənqidi düşünmə qabiliyyətinin zəifləməsinə və qərarvermə bacarıqlarının azalmasına təsir göstərə biləcəyi də vurğulanır.
Florida ştatının rəsmiləri bu risklərin xüsusilə uşaqlar və yeniyetmələr üçün narahatlıq doğurduğunu bildirərək, süni intellekt texnologiyalarının istifadəsinə daha ciddi nəzarət və tənzimləmə mexanizmlərinin tətbiq edilməsinin vacibliyini qeyd ediblər.