Ekspert: Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması risklərin daha operativ qiymətləndirilməsinə və insidentlərə daha çevik reaksiyaya imkan verəcək
Rəqəmsal texnologiyaların həyatın bütün sahələrinə sürətlə nüfuz etdiyi müasir dövrdə kibertəhlükəsizlik dövlətlərin milli təhlükəsizlik sisteminin ayrılmaz tərkib hissəsinə çevrilib. Elektron hökumət xidmətlərinin genişlənməsi, rəqəmsal iqtisadiyyatın inkişafı, dövlət və özəl sektorun informasiya sistemlərindən asılılığının artması kibertəhdidlərə qarşı daha çevik və effektiv müdafiə mexanizmlərinin formalaşdırılmasını zəruri edir. Bu baxımdan Prezident İlham Əliyevin Fərmanı ilə Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması Azərbaycanın rəqəmsal təhlükəsizlik siyasətində mühüm institusional yenilik kimi qiymətləndirilə bilər.
Yeni qurumun Elektron Təhlükəsizlik Xidmətinin bazasında yaradılması mövcud təcrübənin və peşəkar potensialın qorunub saxlanılmasına imkan verir. Eyni zamanda, publik hüquqi şəxs statusu Agentliyə daha çevik idarəetmə, maliyyə və təşkilati imkanlar qazandırır. Agentliyin fəaliyyətinə rəhbərlik edəcək sədr və üç müavindən ibarət İdarə Heyətinin yaradılması qərarların operativ qəbul edilməsinə və fəaliyyətin koordinasiyalı şəkildə təşkilinə xidmət edəcək.
Milli Kibertəhlükəsizlik Agentliyinin qarşısında duran əsas vəzifələrdən biri ölkənin informasiya məkanının təhlükəsizliyinin təmin olunması, kibertəhdidlərin vaxtında aşkarlanması və qarşısının alınması olacaq. Son illər dünyada dövlət qurumlarına, maliyyə institutlarına, kritik informasiya infrastrukturuna və vətəndaşların şəxsi məlumatlarına qarşı həyata keçirilən kiberhücumların sayının artması bu istiqamətdə peşəkar və mərkəzləşdirilmiş fəaliyyətə ehtiyacı daha da artırır.
Şəxsi məlumatların müdafiəsində yeni mərhələ
Agentliyin səlahiyyətləri arasında fərdi məlumatların qanunsuz toplanılması, işlənilməsi və mühafizəsinin təmin edilməməsi ilə bağlı şikayətlərə baxılması xüsusi diqqət çəkir. Bu, vətəndaşların şəxsi məlumatlarının qorunması sahəsində nəzarət mexanizmlərinin gücləndirilməsi deməkdir. Belə ki, Agentlik hüquqları pozulmuş şəxslərin müraciətlərini araşdıracaq, qanun pozuntularını müəyyənləşdirəcək və müvafiq tədbirlərin görülməsini tələb edəcək. Bu yanaşma rəqəmsal mühitdə vətəndaşların hüquqlarının müdafiəsinin daha etibarlı şəkildə təmin olunmasına xidmət edir.
Nizamnamədə Agentliyə verilən digər mühüm səlahiyyət fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi ilə məşğul olan dövlət qurumlarının, hüquqi və fiziki şəxslərin fəaliyyətinə nəzarət etməkdir. Qurum "Fərdi məlumatlar haqqında" Qanunun tələblərinin pozulması hallarının aradan qaldırılmasını tələb edə biləcək. Bu isə ölkədə məlumatların qorunması sahəsində məsuliyyətin və hesabatlılığın artırılmasına şərait yaradacaq.
Agentlik, eyni zamanda, fərdi məlumatların mülkiyyətçi və operatorlarının sifarişləri əsasında auditlər həyata keçirəcək. Audit mexanizmi təşkilatların informasiya təhlükəsizliyi sistemlərinin mövcud qanunvericiliyin tələblərinə uyğunluğunu qiymətləndirməyə imkan verəcək. Belə yoxlamalar həm dövlət, həm də özəl sektorda kibertəhlükəsizlik standartlarının yüksəlməsinə töhfə verə bilər.
Qurumun maliyyə mexanizmi də diqqətəlayiqdir. Nizamnamə fondunun 442 min 498 manat müəyyən edilməsi və Agentliyin gələcəkdə fəaliyyətindən əldə olunan gəlirlər, qrantlar, investisiyalar və digər qanuni mənbələr hesabına maliyyələşdirilməsi onun dayanıqlı fəaliyyətinin təmin edilməsinə yönəlib. Eyni zamanda, Agentliyin əldə etdiyi vəsait üzərində müəyyən həddə müstəqil sərəncam vermək hüququnun olması innovativ layihələrin və yeni texnoloji həllərin tətbiqinə əlavə imkanlar yarada bilər.

Rəqəmsal suverenliyin möhkəmlənməsinə hesablanan qərar
Yeni yaradılan qurumun ölkənin kibertəhlükəsizlik sisteminə hansı yenilikləri gətirəcəyi, mövcud risklərin idarə olunmasına və rəqəmsal təhlükəsizlik mühitinin gücləndirilməsinə necə təsir göstərəcəyi məsələləri də maraq doğurur.
İnformasiya texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının eksperti Bəhruz Əliyev mövzu ilə bağlı "İki sahil"ə açıqlamasında bildirdi ki, Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması bu sahədə institusional idarəetmənin yeni mərhələyə keçidi kimi qiymətləndirilə bilər: "Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, Agentlik Elektron Təhlükəsizlik Xidmətinin bazasında yaradılır və ölkədə kibertəhlükəsizlik sahəsində tənzimləmə, nəzarət, koordinasiya, maarifləndirmə və metodiki dəstək funksiyalarını həyata keçirəcək. Kibertəhlükəsizlik sahəsində səlahiyyətlərin daha sistemli şəkildə mərkəzləşdirilməsi və ölkə səviyyəsində vahid koordinasiya mexanizminin yaradılmasıdır. Son illərdə dövlət xidmətlərinin rəqəmsallaşması, elektron hökumət platformalarının genişlənməsi, bulud texnologiyalarının tətbiqi və kritik informasiya infrastrukturunun inkişafı fonunda kibertəhdidlərin miqyası və mürəkkəbliyi də artıb. Belə şəraitdə ayrıca Milli Kibertəhlükəsizlik Agentliyinin fəaliyyət göstərməsi risklərin daha operativ qiymətləndirilməsinə və insidentlərə daha çevik reaksiyaya imkan verəcək.
Dövlət və qeyri-dövlət informasiya sistemlərinin kibermühafizəsinin gücləndirilməsi, kiberinsidentlərin erkən aşkarlanması və qarşısının alınması imkanlarının artırılması, informasiya infrastrukturu subyektləri arasında məlumat mübadiləsinin və koordinasiyanın təkmilləşdirilməsi, fərdi məlumatların qorunması sahəsində nəzarət və metodiki dəstəyin gücləndirilməsi, vətəndaşların və təşkilatların kibertəhlükəsizlik üzrə maarifləndirilməsinin genişləndirilməsi, milli səviyyədə kibertəhdidlər barədə xəbərdarlıq və monitorinq mexanizmlərinin inkişaf etdirilməsi kimi məsələlərdə geniş işlər görülə biləcəyini gözləmək olar".
Milli kibermüdafiə potensialının gücləndirilməsi hədəflənir
Ekspert onu da qeyd etdi ki, Agentliyin publik hüquqi şəxs statusunda fəaliyyət göstərməsi onun daha çevik idarəetmə modelinə malik olmasına, müasir texnologiyaların tətbiqinə və yüksək ixtisaslı kadrların cəlb edilməsinə şərait yarada bilə: "Bu da Azərbaycanın rəqəmsal suverenliyinin və milli kibermüdafiə potensialının gücləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilə bilər.
Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması təkcə yeni bir qurumun formalaşdırılması deyil, həm də Azərbaycanın rəqəmsal təhlükəsizlik ekosisteminin daha müasir, koordinasiyalı və dayanıqlı modelə keçidinin göstəricisidir. Bu addımın uzunmüddətli nəticəsi kimi ölkənin kiberməkanının qorunması, rəqəmsal iqtisadiyyatın təhlükəsiz inkişafı və vətəndaşların rəqəmsal xidmətlərə etimadının daha da artacağını gözləmək olar".
Nigar Orucova, "İki sahil"