“Airbus” şirkəti Avstraliyanın “Qantas” aviaşirkətinin “Project Sunrise” proqramı çərçivəsində ultra uzunməsafəli kommersiya reysləri üçün nəzərdə tutulmuş modifikasiya edilmiş “A350-1000ULR” təyyarəsinin ilk sınaq uçuşunu həyata keçirib.
“İki sahil” xarici mediaya istinadla xəbər verir ki, sınaq uçuşu 3 saat 43 dəqiqə davam edib və Tuluzada baş tutub. Təyyarə 12 min metrdən artıq hündürlüyə qalxıb.
“A350-1000ULR” modelinin yeni versiyası füzelajın arxa mərkəzi hissəsində yerləşdirilmiş əlavə yanacaq çəni ilə təchiz olunub. Bu, standart modifikasiya ilə müqayisədə uçuş məsafəsini təxminən 1900 kilometr artırmağa imkan verir. Təyyarənin maksimal uçuş məsafəsi təxminən 18,5 min kilometrə çatır, havada qalma müddəti isə 22 saata qədər ola bilər.
“Qantas” aviaşirkəti 12 ədəd “A350-1000ULR” təyyarəsi sifariş edib. İlk hava gəmisinin 2027-ci ilin aprelində təhvil verilməsi gözlənilir. İkinci təyyarənin yığılması isə artıq yekun mərhələyə çatıb.
Layner “Rolls-Royce Trent XWB-97” mühərrikləri və birinci sinif, biznes sinfi, premium ekonom sinfi və ekonom sinfini əhatə edən dörd sinifli salon konfiqurasiyası ilə təchiz olunub.
“Project Sunrise” proqramı 2017-ci ildə Avstraliyanın şərq sahilləri ilə Avropa və Şimali Amerikanın ən iri şəhərləri arasında birbaşa reyslərin təşkil edilməsi məqsədilə “Qantas” tərəfindən başladılıb. Müxtəlif variantları nəzərdən keçirdikdən sonra aviaşirkət layihənin həyata keçirilməsi üçün əsas platforma kimi “Airbus A350-1000” təyyarəsini seçib.
Sertifikatlaşdırma prosesi uğurla başa çatacağı təqdirdə, Sidney ilə London arasında birbaşa ilk müntəzəm ultra uzunməsafəli reyslərə gələn ildən başlanıla bilər.