03 iyun 2026 23:54
79

SEPAH Küveyt aeroportunun ABŞ-ın "Patriot" HHM sistemi tərəfindən vurulduğunu iddia edir

İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirməsi ilə bağlı iddiaları təkzib edib və bildirib ki, zədələr ABŞ-ın "Patriot" hava hücumundan müdafiə (HHM) sisteminə məxsus raketin ora düşməsi nəticəsində yaranıb.

“İki sahil” xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hüseyn Möhebi bildirib.

"Araşdırmamız göstərir ki, SEPAH-ın Aerokosmik Qüvvələri bu hədəfə heç bir buraxılış həyata keçirməyib. Küveyt Hava Limanının sərnişin terminalının dağılması İran raketlərini ələ keçirmək üzrə uğursuz cəhddən sonra həmin terminalın üzərinə düşən ABŞ "Patriot" sistemlərinin səhvinin nəticəsidir", - İranın dövlət teleradio şirkəti onun sözlərini sitat gətirib.

Daha əvvəl məlum olmuşdu ki, Küveyt Beynəlxalq Hava Limanı pilotsuz uçuş aparatı (PUA) hücumlarına görə fəaliyyətini dayandırıb. Terminala PUA-lar və ballistik raketlərlə endirilən zərbələr nəticəsində 1 nəfər ölüb, 60-dan çox insan yaralanıb.