Almaniya, Fransa və Böyük Britaniya Ukrayna və Rusiyanın iştirakı ilə danışıqlar prosesinin təşkili perspektivlərini müzakirə edir.
“İki sahil” xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumatlı mənbələrə istinadla yazıb.
Mövcud məlumatlara görə, üç dövlət diplomatları bir-biri ilə, eləcə də Ukrayna tərəfi ilə Moskva və Kiyev arasında dialoqun başlanması üçün mümkün tədbirlər barədə məsləhətləşmələr aparır. "Bloomberg"in mənbələri bildiriblər ki, ABŞ-nin vasitəçiliyi ilə aparılan danışıqlar səylərinin faktiki olaraq dayandırılması fonunda Avropa dövlətləri Rusiya Prezidenti Vladimir Putini müharibənin başa çatdırılması yollarını müzakirə etməyə cəlb etmək üçün cəhd göstərmək şansı görüblər.
"Bununla belə, bu cür prosesin başlanmasına dair yekun qərarın qəbul edilməsi hələ də Ukrayna Prezidenti Volodimir Zelenskinin səlahiyyətində qalır", - agentliyin həmsöhbətləri vurğulayırlar. Qeyd olunub ki, Avropa tərəfdaşları Kiyevi Ukrayna hakimiyyətinin dəstəkləməyə hazır olmadığı strategiyanı qəbul etməyə məcbur etməyi planlaşdırmırlar.
Bununla eyni vaxtda danışıqlar konsepsiyasının özü Qərb rəsmiləri arasında ziddiyyətlər yaradır. Bu yanaşmanın əleyhdarları hesab edirlər ki, Moskva nizamlama üçün güzəştsiz şərtlərə sadiq qalır. Bir sıra Avropa məmurları əmindir ki, Ukraynanın müttəfiqləri səylərini danışıqlara hazırlığa deyil, Kiyevə hərbi dəstəyin artırılmasına və Rusiyaya qarşı sanksiya rejiminin sərtləşdirilməsinə yönəltməlidirlər. Bundan əlavə, onların fikrincə, Moskva ilə dialoqa başlamaq üçün Avropa öz hərəkətlərini Vaşinqtonla əlaqələndirməlidir.