04 iyun 2026 12:41
109

Tədbirlər planında informasiya təhlükəsizliyi üzrə bir sıra mühüm istiqamətlər müəyyən edilib

İctimaiyyətə təqdim olunan statistik göstəricilər əsasən kritik informasiya infrastrukturlarına yönəlmiş kiberhücumları əhatə edir. Halbuki kritik infrastruktur dövlət qurumlarının yalnız təxminən 10 faizini təşkil edir və digər dövlət qurumlarına qarşı həyata keçirilən kiberhücumların sayı bundan daha çoxdur.

“İki sahil” xəbər verir ki,  bunu Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin əsas tərəfdaşlığı ilə keçirilən “4-cü Milli Kibertəhlükəsizlik Forumu”nda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Baş idarə rəisinin müavini Tural Məmmədov “Milli kibertəhlükəsizlik ekosistemi” mövzusunda sessiyada çıxışı zamanı deyib. O bildirib ki, kiberhücumlarla bağlı açıqlanan rəqəmlər bəzən ictimaiyyət tərəfindən təəccüblə qarşılansa da, bu göstəricilər ölkədə kibertəhlükəsizlik sahəsində vəziyyətin real mənzərəsini ortaya qoyur.

“Milli kibertəhlükəsizlik ekosistemini insan orqanizmi ilə müqayisə etmək olar. İnsan orqanizmində bütün orqanlar bir-biri ilə əlaqəli şəkildə fəaliyyət göstərdiyi kimi, kibertəhlükəsizlik ekosisteminin də bütün komponentləri vahid mexanizm kimi işləməlidir. İnsan sağlamlığını qorumaq üçün mütəmadi müayinələrdən keçdiyi kimi, informasiya təhlükəsizliyi mühitinin də davamlı diaqnostikası aparılmalıdır”, – deyə o vurğulayıb.

Baş idarə rəisinin müavini xatırladıb ki, Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Konsepsiyası”ndan irəli gələn tədbirlər planında informasiya təhlükəsizliyi üzrə bir sıra mühüm istiqamətlər müəyyən edilib. Həmin istiqamətlərdən biri də dövlət qurumlarında informasiya təhlükəsizliyi vəziyyətinin diaqnostikasının aparılmasıdır.