04 iyun 2026 22:44
123

Müəllimlik insan həyatına birbaşa təsir göstərən nadir peşələrdəndir

Mənim fikrimcə, yaxşı müəllim ilk növbədə öz fənnini dərindən bilməli, onu sadə və anlaşıqlı formada izah etməyi bacarmalıdır. Bununla yanaşı, müəllim daim öz üzərində işləməli, yenilikləri izləməli və inkişaf etməlidir_

Cəmiyyətin tərəqqisi, dövlətin gələcəyi və millətin intellektual inkişafı ilk növbədə müəllimin əməyindən keçir. Müəllimlik yalnız bir peşə deyil, həm də insan talelərinə yön verən, gələcəyin memarlarını yetişdirən böyük bir missiyadır. Bu müqəddəs sənətin daşıyıcıları öz bilikləri, mənəvi dəyərləri və fədakar zəhmətləri ilə təkcə şagirdlərinin deyil, bütövlükdə cəmiyyətin formalaşmasına xidmət edirlər. Məhz buna görə də müəllim adı hər zaman ehtiramla çəkilir, onların fəaliyyəti isə xalqın gələcəyinə qoyulan ən qiymətli sərmayə hesab olunur.

Müasir dövrdə sürətlə dəyişən və qloballaşan dünyanı anlamaqda coğrafiya elminin rolu daha da artır. Coğrafiya insanı yaşadığı məkanı, təbiəti, cəmiyyəti və dünyada baş verən prosesləri dərk etməyə sövq edən mühüm elm sahələrindən biridir. Bu elmi gənc nəslə sevdirən, xəritələrin arxasında dayanan böyük mənzərəni şagirdlərə göstərə bilən müəllimlər isə təhsilin ən vacib simalarındandır.

Belə pedaqoqlardan biri də uzun illərdir təhsil sahəsində səmərəli fəaliyyət göstərən, peşəsinə sonsuz sevgi və məsuliyyətlə yanaşan coğrafiya müəllimi Lalə Namazovadır. O, müəllimlik fəaliyyətinə Tovuz rayonunun Aşağı Öysüzlü kənd tam orta məktəbində başlayıb, hazırda isə Tovuz şəhər Aleksandr Puşkin adına tam orta ümumtəhsil məktəbində çalışaraq yüzlərlə şagirdin həyat yolunda silinməz iz qoyur. Daim yeniliyə açıq olması, müasir tədris metodlarından səmərəli istifadə etməsi, şagirdlərinin uğurlarını öz uğuru kimi dəyərləndirməsi onu həm həmkarları, həm də yetirmələri arasında fərqləndirən əsas xüsusiyyətlərdəndir.

Şagirdlərinin respublika və beynəlxalq səviyyəli uğurlarında pay sahibi olan, coğrafiyanı yalnız fənn kimi deyil, dünyanı tanımağın və vətəni daha dərindən sevməyin vasitəsi kimi təqdim edən Lalə müəllimə ilə söhbətimizdə onun müəllimlik yolu, peşəyə baxışı, pedaqoji prinsipləri və gələcək hədəfləri barədə danışdıq. Təcrübəli pedaqoqun fikirlərini oxucularımıza təqdim edirik.

Müəllimlik peşəsi mənim üçün hər zaman xüsusi məna daşıyıb

 

-Özünüzü oxucularımıza necə təqdim edərdiniz?

– Mən, Namazova Lalə Fiqani qızı, 1981-ci ildə Sumqayıt şəhərində anadan olmuşam. İlk təhsilimi Sumqayıt şəhər 17 nömrəli tam orta məktəbdə almışam. Ali təhsilimi isə Gəncə Dövlət Universitetində alaraq coğrafiya müəllimi ixtisasına yiyələnmişəm. Pedaqoji fəaliyyətə Tovuz rayonu A.Hüseynov adına Aşağı Öysüzlü kənd tam orta məktəbində başlamışam. Hazırda isə Tovuz şəhər Aleksandr Puşkin adına tam orta ümumtəhsil məktəbində coğrafiya müəllimi kimi fəaliyyətimi davam etdirirəm.

Özümü öyrənməyi sevən, yeniliklərə açıq, daim inkişaf etməyə çalışan və qazandığı bilikləri başqaları ilə bölüşməkdən mənəvi zövq alan bir insan hesab edirəm. Mənim üçün müəllimlik sadəcə peşə deyil, həm də həyat tərzi, məsuliyyət və gələcəyə xidmət missiyasıdır. İllər keçdikcə daha yaxşı anlayıram ki, müəllimin əsl uğuru onun yetişdirdiyi şagirdlərin uğurunda əks olunur.

– Coğrafiya müəllimi olmağa aparan yolunuz necə başlayıb? Niyə məhz bu fənni seçdiniz?

– Məktəb illərindən coğrafiya fənninə xüsusi marağım olub. Dünyanın müxtəlif ölkələri, təbiət hadisələri, insanların yaşayış tərzi, fərqli mədəniyyətlər və xəritələr məni hər zaman cəlb edib. Zaman keçdikcə bu maraq daha da dərinləşdi və anladım ki, coğrafiya sadəcə yer adlarını və xəritələri öyrənmək deyil. Bu elm insanı dünyanı dərk etməyə, təbiətlə cəmiyyət arasındakı əlaqələri anlamağa sövq edir.

Məhz bu səbəbdən gələcək peşə seçimimdə coğrafiya əsas istiqamətə çevrildi. Düşündüm ki, bu fənni şagirdlərə sevdirə, onları yaşadıqları ölkəni və dünyanı daha yaxından tanımağa həvəsləndirə bilərəm. Bu gün də coğrafiyanın insanın dünyagörüşünü formalaşdıran ən mühüm fənlərdən biri olduğuna inanıram.

– Niyə məhz müəllimlik peşəsini seçdiniz?

– Müəllimlik peşəsi mənim üçün hər zaman xüsusi məna daşıyıb. Məktəb illərində müəllimlərimin bilik və davranışları məndə bu peşəyə böyük hörmət formalaşdırmışdı. Mən də gələcəkdə insanlara fayda vermək, onların inkişafına töhfə göstərmək istəyirdim.

Müəllimlik insan həyatına birbaşa təsir göstərən nadir peşələrdəndir. Həkim insanın sağlamlığını qoruyursa, müəllim onun düşüncəsini, dünyagörüşünü və gələcəyini formalaşdırır. Bu məsuliyyət mənə hər zaman böyük motivasiya verib. Bu gün də hesab edirəm ki, müəllimlik cəmiyyətin ən şərəfli və müqəddəs peşələrindən biridir.

– İlk dərs gününüzü necə xatırlayırsınız?

– İlk dərs günüm mənim üçün həm həyəcanlı, həm də unudulmaz bir gün olub. Sinfə daxil olarkən ürəyim sürətlə döyünürdü. Sevinc, qürur və məsuliyyət hissi bir-birinə qarışmışdı. İlk dəfə şagirdlərin qarşısında dayanmaq, onların suallarını cavablandırmaq və diqqətini dərsə yönəltmək asan deyildi.

İlk anlarda səsimi necə idarə edəcəyim, dərsi hansı formada başlayacağım barədə düşünürdüm. Təcrübəsizlik müəyyən çətinliklər yaratsa da, müəllimlik yolunu seçmişdimsə, bu çətinliklərin öhdəsindən gəlməli olduğumu bilirdim. Məhz həmin gün müəllimliyin nə qədər məsuliyyətli və eyni zamanda nə qədər şərəfli peşə olduğunu daha dərindən hiss etdim.

– Həmin gündən bu günə pedaqoji fəaliyyətinizdə hansı əsas dəyişiklikləri müşahidə etmisiniz?

– Ən böyük dəyişiklik özümə olan inamın artmasıdır. İlk illərdə yaşadığım həyəcan zamanla peşəkar təcrübə və özünəinamla əvəz olundu. Bu gün sinfə daha planlı, məqsədyönlü və rahat şəkildə daxil oluram.

İllər ərzində tədris metodlarım da dəyişib. Əvvəllər daha çox ənənəvi üsullardan istifadə edirdimsə, indi interaktiv təlim metodlarına, qrup işlərinə, müzakirələrə, təqdimatlara və rəqəmsal texnologiyalara daha çox üstünlük verirəm. Bu yanaşma şagirdlərin dərsə marağını artırır və onların fəal iştirakını təmin edir.

Eyni zamanda, zaman keçdikcə şagirdlərlə daha güclü ünsiyyət qurmağın vacibliyini öyrəndim. Hər bir şagird fərqli dünyadır və müəllim həmin dünyanı anlamağı bacarmalıdır. Bu gün coğrafiyanı sadəcə nəzəri biliklər toplusu kimi deyil, həyatla sıx bağlı, praktik əhəmiyyət daşıyan bir elm kimi təqdim etməyə çalışıram.

– Əgər müəllim olmasaydınız, özünüzü hansı sahədə görərdiniz?

– Düşünürəm ki, müəllimlikdən başqa fəaliyyət göstərsəydim, yenə də insanlarla, maarifləndirmə və araşdırma ilə bağlı bir sahəni seçərdim. Coğrafiyaya olan marağımı nəzərə alsaq, bəlkə də turizm, ətraf mühitin mühafizəsi və ya tədqiqat istiqamətində çalışardım. Lakin səmimi desəm, özümü müəllimlikdən kənarda təsəvvür etmək mənim üçün çətindir. Çünki bu peşə həyatımın ayrılmaz hissəsinə çevrilib.

Coğrafiya şagirdlərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayan fənlərdən biridir. Bu fənn yalnız xəritələri və yer adlarını öyrətmir, həm də şagirdlərə dünyanı daha dərindən anlamağa imkan yaradır

– Sizcə, coğrafiya fənni şagirdlərin dünyagörüşünün formalaşmasında və qlobal prosesləri anlamağında hansı rolu oynayır?

– Coğrafiya şagirdlərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayan fənlərdən biridir. Bu fənn yalnız xəritələri və yer adlarını öyrətmir, həm də şagirdlərə dünyanı daha dərindən anlamağa imkan yaradır.

Coğrafiya vasitəsilə şagirdlər müxtəlif ölkələr, xalqlar, mədəniyyətlər və təbii şərait haqqında məlumat əldə edirlər. Bu isə onlarda tolerantlıq, qarşılıqlı hörmət və obyektiv düşüncə formalaşdırır. Onlar anlayırlar ki, dünya fərqliliklər üzərində qurulub və bu müxtəliflik bəşəriyyətin ən böyük zənginliyidir.

Eyni zamanda müasir dünyada baş verən iqlim dəyişiklikləri, miqrasiya prosesləri, urbanizasiya, təbii fəlakətlər və ekoloji problemlər kimi qlobal hadisələrin mahiyyətini anlamaqda coğrafiyanın rolu əvəzsizdir. Bu fənn şagirdlərdə analitik və tənqidi düşünmə bacarıqlarının inkişafına da mühüm töhfə verir.

– Coğrafiya fənninin şagirdlər tərəfindən daha yaxşı mənimsənilməsi üçün hansı metod və yanaşmalardan istifadə edirsiniz?

– Hesab edirəm ki, hər bir fənnin uğurlu tədrisi müəllimin seçdiyi metodlardan və şagirdlərlə qurduğu ünsiyyətdən asılıdır. Coğrafiya elə bir fəndir ki, onu yalnız nəzəri məlumatlarla məhdudlaşdırmaq olmaz. Buna görə də çalışıram ki, dərslərimdə interaktiv təlim metodlarından, müzakirələrdən, qrup işlərindən, təqdimatlardan və müxtəlif vizual materiallardan geniş istifadə edim.

Xəritələr, atlaslar, videomateriallar, elektron resurslar və rəqəmsal platformalar şagirdlərin mövzunu daha yaxşı qavramasına kömək edir. Dərs zamanı onları yalnız dinləyici deyil, həm də araşdıran, fikir bildirən və nəticə çıxaran tərəf kimi görməyə çalışıram. Şagird mövzunun bir hissəsinə çevrildikdə öyrənmə prosesi daha məhsuldar olur.

– İqlim dəyişiklikləri, ekoloji problemlər və qlobal çağırışlar fonunda coğrafiya tədrisinin əhəmiyyəti sizcə necə dəyişib?

– Müasir dövrdə coğrafiyanın əhəmiyyəti əvvəlki illərlə müqayisədə daha da artıb. Dünyanın üzləşdiyi iqlim dəyişiklikləri, su ehtiyatlarının azalması, meşələrin məhv edilməsi, qlobal istiləşmə və ekoloji problemlər coğrafiya elminin aktuallığını daha da yüksəldir.

Bu gün coğrafiya yalnız təbiəti öyrədən elm deyil, həm də insanın təbiətlə münasibətlərini araşdıran, gələcək riskləri izah edən və həll yolları axtaran bir sahədir. Şagirdlər bu fənn vasitəsilə baş verən hadisələrin səbəblərini və nəticələrini öyrənir, ətraf mühitə qarşı daha məsuliyyətli yanaşma formalaşdırırlar. Düşünürəm ki, gələcəyin ekoloji şüurlu vətəndaşlarının yetişməsində coğrafiyanın rolu son dərəcə böyükdür.

Çalışıram ki, şagirdlər texnologiyadan sadəcə istifadə etməsinlər, həm də əldə etdikləri məlumatları analiz etməyi, müqayisə etməyi və nəticə çıxarmağı bacarsınlar. Çünki informasiya bolluğu dövründə əsas məsələ məlumatı əldə etmək deyil, onu düzgün qiymətləndirməkdir

– Müasir texnologiyalar və rəqəmsal xəritələr dövründə coğrafiya müəlliminin rolu sizcə necə transformasiya olunur?

– Müasir texnologiyalar müəllimin fəaliyyətinə yeni imkanlar qazandırıb. Əgər əvvəllər müəllim əsas informasiya mənbəyi hesab olunurdusa, bu gün o, daha çox istiqamətverici və bələdçi rolunu oynayır.

"Google Earth", "Google Maps", "GIS" proqramları və digər rəqəmsal resurslar şagirdlərə dünyanın istənilən nöqtəsini öyrənmək imkanı verir. Bu şəraitdə müəllimin əsas vəzifəsi məlumat verməkdən daha çox, həmin məlumatların düzgün təhlilini öyrətməkdir.

Mən çalışıram ki, şagirdlər texnologiyadan sadəcə istifadə etməsinlər, həm də əldə etdikləri məlumatları analiz etməyi, müqayisə etməyi və nəticə çıxarmağı bacarsınlar. Çünki informasiya bolluğu dövründə əsas məsələ məlumatı əldə etmək deyil, onu düzgün qiymətləndirməkdir.

– Sizcə, yaxşı müəllim necə olmalıdır? Özünüzü bu meyarlara uyğun müəllim hesab edirsinizmi?
– Mənim fikrimcə, yaxşı müəllim ilk növbədə öz fənnini dərindən bilməli, onu sadə və anlaşıqlı formada izah etməyi bacarmalıdır. Bununla yanaşı, müəllim daim öz üzərində işləməli, yenilikləri izləməli və inkişaf etməlidir.

Yaxşı müəllim həm də ədalətli, məsuliyyətli, dürüst və humanist olmalıdır. Şagirdlərə fərq qoymadan yanaşmalı, onların potensialını üzə çıxarmağa çalışmalıdır. Müəllimin davranışı, nitqi və həyata baxışı şagirdlər üçün nümunə rolunu oynayır.

Özümə qiymət vermək çətin olsa da, çalışıram ki, bu prinsiplərə sadiq qalım. Ən böyük qiyməti isə mənə şagirdlərimin sevgisi və uğurları verir.

– Müəllimlik peşəsinin ən çətin və eyni zamanda ən dəyərli tərəfləri hansılardır? Bu peşədə sizi ən çox nə motivasiya edir?

– Müəllimlik böyük məsuliyyət tələb edən peşədir. Hər bir şagird fərqli xarakterə, fərqli maraqlara və fərqli dünyagörüşünə malikdir. Müəllim bütün bunları nəzərə alaraq hər bir uşağa fərdi yanaşma göstərməlidir. Bu isə həm səbr, həm zəhmət, həm də böyük məsuliyyət tələb edir.

Lakin müəllimlik peşəsinin dəyəri də məhz buradadır. İnsan həyatına müsbət təsir göstərmək, bir şagirdin uğurunda pay sahibi olmaq, onun inkişafını izləmək müəllim üçün ən böyük xoşbəxtlikdir. Bu yaxınlarda şagirdlərimdən birinin Respublika Fənn Olimpiadasında coğrafiya fənni üzrə qızıl medal qazanması mənə sözlə ifadə olunmayacaq sevinc yaşatdı. Belə uğurlar müəllim əməyinin ən gözəl mükafatıdır.

Dövlət tərəfindən təhsil sisteminin inkişafı istiqamətində mühüm addımlar atılır

– Sizcə, bu gün müəllimlik peşəsi cəmiyyət tərəfindən lazımi səviyyədə dəyərləndirilirmi?

– Son illər müəllim nüfuzunun və təhsil sahəsinə diqqətin artdığını müşahidə edirik. Dövlət tərəfindən təhsil sisteminin inkişafı istiqamətində mühüm addımlar atılır. Bununla belə, hesab edirəm ki, müəllimin cəmiyyətdəki rolu o qədər böyükdür ki, onun əməyinə verilən dəyər daim yüksək olmalıdır.

Çünki müəllim yalnız dərs keçmir, gələcəyin həkimini, mühəndisini, alimini, hərbçisini və dövlət xadimini yetişdirir. Cəmiyyət müəllim əməyinə nə qədər yüksək qiymət verərsə, gələcəyinə də bir o qədər möhkəm yatırım etmiş olar.

– Şagirdlərdə coğrafiya fənninə marağın azalmasının və ya artmasının əsas səbəbləri nələrdir?

– Düşünürəm ki, şagirdlərin hər hansı fənnə münasibətində müəllimin rolu böyükdür. Əgər müəllim fənni maraqlı təqdim edə bilirsə, şagird də həmin fənnə maraq göstərir. Coğrafiya həyatın özü ilə bağlı olan bir elmdir. Şagird gündəlik həyatda gördüyü hadisələrin coğrafiya ilə əlaqəsini başa düşdükdə fənnə marağı artır.

Marağın azalmasına səbəb isə adətən mövzuların yalnız əzbərçilik üzərində qurulması olur. Coğrafiya əzbərlənəcək deyil, dərk ediləcək fəndir. Ona görə də çalışıram ki, şagirdlər hər mövzunun həyatla əlaqəsini görə bilsinlər.

– Coğrafiyanı şagirdlər üçün daha maraqlı etmək məqsədilə gündəlik həyatla bağlı hansı nümunələrdən istifadə edirsiniz?

– Dərslərdə çalışıram ki, mövzuları gündəlik həyatda baş verən hadisələrlə əlaqələndirim. Məsələn, hava proqnozları, iqlim dəyişiklikləri, su qıtlığı, təbii fəlakətlər, kənd təsərrüfatı, turizm və əhali problemləri haqqında danışarkən real nümunələrdən istifadə edirəm.

Şagird gördüyü, yaşadığı və müşahidə etdiyi hadisələri dərslə əlaqələndirdikdə mövzu onun üçün daha maraqlı və yaddaqalan olur. Məqsədim odur ki, şagird coğrafiyanı sadəcə məktəb fənni kimi deyil, həyatın ayrılmaz hissəsi kimi qəbul etsin.

– Sizcə, müəllimlik peşəsində daha vacib olan nədir: dərin fənn biliyi, yoxsa ünsiyyət bacarığı və insani yanaşma?

– Məncə, bu iki amili bir-birindən ayırmaq çətindir. Çünki müəllimi müəllim edən onun biliyidirsə, onu yaxşı müəllim edən insanlarla münasibəti, ünsiyyət bacarığı və mənəvi keyfiyyətləridir. Fənn biliyi olmadan keyfiyyətli tədrisdən danışmaq mümkün deyil. Lakin şagirdin qəlbinə yol tapmaq, ona motivasiya vermək, özünəinam yaratmaq və öyrənməyə həvəsləndirmək də ən az bilik qədər vacibdir.

Mənim fikrimcə, ideal müəllim həm öz sahəsinin peşəkarı, həm də yüksək insani keyfiyyətlərə malik şəxs olmalıdır. Çünki şagirdlər çox zaman müəllimin dediklərindən daha çox onun davranışını xatırlayırlar. Müəllimin münasibəti, ədaləti, qayğıkeşliyi və səmimiyyəti onların həyatında dərin iz buraxır.

– Uzun illər ərzində qazandığınız nailiyyətlər, mükafatlar və yetirmələrinizin uğurları müəllimlik fəaliyyətinizə necə təsir göstərib?

– Hər bir müəllim üçün ən böyük mükafat şagirdinin uğurudur. Əlbəttə, müxtəlif nailiyyətlər, təşəkkürnamələr və qiymətləndirmələr müəllimə əlavə stimul verir. Lakin mənim üçün ən dəyərli nəticə yetişdirdiyim şagirdlərin həyatda uğurlu insanlar kimi formalaşmasıdır.

İllər ərzində müxtəlif sahələrdə uğur qazanan şagirdlərim olub. Onların hər bir nailiyyəti mənə yeni məsuliyyət hissi aşılayıb və daha böyük həvəslə çalışmağa sövq edib. Hər uğurlu şagird müəllim əməyinin bəhrəsidir və bu, insanı həm qürurlandırır, həm də yeni uğurlara ruhlandırır.

– Pedaqoji fəaliyyətiniz dövründə “bəlkə də haqsızlıq etmiş ola bilərəm” deyə düşündüyünüz bir hadisə olubmu?

– Düşünürəm ki, uzun illər müəllim işləyən hər kəs zaman-zaman öz fəaliyyətinə tənqidi yanaşır və qərarlarını yenidən qiymətləndirir. Mən də bəzən hansısa şagirdə qarşı daha tələbkar davrandığımı və ya onun imkanlarını tam qiymətləndirə bilmədiyimi düşünmüşəm.

Lakin müəllimlik mənə öyrədib ki, hər bir şagirdə diqqətlə yanaşmaq, onu dinləmək və anlamağa çalışmaq vacibdir. Bu gün də çalışıram ki, qərarlarımda mümkün qədər obyektiv olum və hər bir şagirdin fərdi xüsusiyyətlərini nəzərə alım. Hesab edirəm ki, müəllimin özünü daim təhlil etməsi onun inkişafının vacib şərtlərindən biridir.

Şagirdlərimə ilk növbədə özlərinə inanmağı tövsiyə edirəm. İnanıram ki, insanın uğur qazanmasının əsas şərtlərindən biri öz gücünə inanmasıdır

– Şagirdlərinizə hər zaman hansı əsas tövsiyələri verirsiniz?

– Şagirdlərimə ilk növbədə özlərinə inanmağı tövsiyə edirəm. İnanıram ki, insanın uğur qazanmasının əsas şərtlərindən biri öz gücünə inanmasıdır. Onlara deyirəm ki, heç vaxt öyrənməkdən imtina keçməsinlər, qarşılarına çıxan çətinliklərdən qorxmasınlar və məqsədlərinə doğru inamla irəliləsinlər.

Həmçinin çalışıram ki, onlarda vətənə, ailəyə, milli-mənəvi dəyərlərə hörmət hissi formalaşdırım. Çünki savadlı olmaqla yanaşı, yaxşı insan olmaq da vacibdir. İnsanlıq keyfiyyətləri olmadan əldə edilən uğurların əsl dəyəri olmur.

– Yaddaşınızda silinməz iz qoyan bir şagird və ya hadisə haqqında danışa bilərsinizmi?

– Müəllimlik fəaliyyətim ərzində yaddaşıma həkk olunan çox hadisə və şagird olub. Onların hər biri həyatımın dəyərli səhifələridir. Xüsusilə vətənimizin azadlığı uğrunda canından keçən şəhid məzunlarımızı böyük ehtiramla xatırlayıram. Onların qəhrəmanlığı hər bir müəllim üçün həm qürur, həm də məsuliyyət mənbəyidir.

Bununla yanaşı, bu gün mənimlə eyni məktəbdə coğrafiya müəllimi kimi çalışan keçmiş şagirdlərimdən biri də xüsusi qürur mənbəyimdir. Müəllimin yetişdirdiyi şagirdin illər sonra eyni peşəni seçərək onun yolunu davam etdirməsi çox böyük mənəvi dəyərə malikdir.

“Müəllim öyrənməyi dayandırdığı gün öyrətməyi də dayandırır.”

– Hansı müəlliminizin sözü və ya tövsiyəsi bu gün də həyatınıza istiqamət verir?

– Məktəb və tələbəlik illərində mənə dərs deyən müəllimlərimin hər birinin həyatımda xüsusi yeri var. Onlardan öyrəndiyim ən vacib dəyər məsuliyyət və zəhmətkeşlikdir. Xüsusilə bir fikir bu gün də fəaliyyətimdə mənə yol göstərir: “Müəllim öyrənməyi dayandırdığı gün öyrətməyi də dayandırır.”

Bu fikir mənə daim öz üzərimdə işləməyi, yenilikləri izləməyi və inkişaf etməyi xatırladır. Hesab edirəm ki, müəllim ömürboyu öyrənən insan olmalıdır.

– Təcrübəli pedaqoq kimi gənc coğrafiya müəllimlərinə hansı tövsiyələri vermək istərdiniz?

– Gənc müəllimlərə ilk tövsiyəm peşələrini sevmələridir. Müəllimlik yalnız biliklə deyil, həm də sevgi və fədakarlıqla həyata keçirilən peşədir. Əgər müəllim öz işini sevirsə, bu sevgi mütləq şəkildə şagirdlərə də ötürülür.

Onlara tövsiyə edərdim ki, daim öyrənsinlər, yeniliklərə açıq olsunlar və öz üzərlərində işləməkdən yorulmasınlar. Şagirdlərin kiçik uğurlarını belə qiymətləndirsinlər, onların özünəinamını gücləndirsinlər. Unutmasınlar ki, müəllim öyrədə-öyrədə özü də öyrənir və inkişaf edir.

– Azərbaycanın coğrafi mövqeyi və təbii resursları barədə şagirdlərdə düzgün təsəvvür formalaşdırmaq üçün hansı məqamlara xüsusi diqqət yetirirsiniz?

– Çalışıram ki, şagirdlər Azərbaycanın coğrafi mövqeyinin strateji əhəmiyyətini dərindən anlasınlar. Onlara izah edirəm ki, ölkəmiz Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm coğrafi məkanda yerləşir və bu mövqe iqtisadi, siyasi və mədəni baxımdan böyük üstünlüklər yaradır.

Eyni zamanda, Azərbaycanın zəngin təbii ehtiyatları, müxtəlif iqlim qurşaqları, unikal landşaftları və biomüxtəlifliyi barədə ətraflı məlumat verirəm. Məqsədim odur ki, şagirdlər ölkələrinin təbii sərvətlərini tanısın, onların qorunmasının vacibliyini dərk etsin və bu zənginliklərlə qürur duysunlar.

– Sizcə, coğrafiya fənni gənclərin vətənpərvərlik ruhunda yetişməsinə və ölkəsini daha yaxşı tanımasına necə töhfə verir?

– Coğrafiya fənni vətənpərvərlik hissinin formalaşmasında mühüm rol oynayır. İnsan sevdiyi və qoruduğu vətəni ilk növbədə tanımalıdır. Coğrafiya isə məhz bu tanıma prosesinin əsas vasitələrindən biridir.

Şagirdlər ölkələrinin təbii sərvətlərini, relyefini, iqlimini, iqtisadi potensialını və strateji əhəmiyyətini öyrəndikcə vətənlərinə bağlılıqları daha da güclənir. Onlar Azərbaycanın zəngin təbiəti və əlverişli coğrafi mövqeyi ilə qürur duyur, onun qorunmasına və inkişafına töhfə verməyin vacibliyini anlayırlar.

Bir sözlə, coğrafiya yalnız dünyanı deyil, ilk növbədə Vətəni tanıdır, ona sevgi yaradır, milli kimliyi möhkəmləndirir və vətəndaş məsuliyyəti formalaşdırır.

– Bu günə qədər yetişdirdiyiniz şagirdlər arasında uğurları ilə sizi xüsusilə qürurlandıran insanlar varmı? Onların uğurlarında müəllim kimi rolunuzu necə qiymətləndirirsiniz?

– Bu günə qədər məni qürurlandıran şagirdlərimin sayı çoxdur. Vətənin azadlığı uğrunda canından keçən şəhid məzunlarımız, müxtəlif sahələrdə uğur qazanan yetirmələrim, hazırda müəllim kimi fəaliyyət göstərən keçmiş şagirdlərim və beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edən gənclər mənim üçün xüsusi fəxr mənbəyidir.

Xüsusilə şagirdlərimdən birinin Global Olympiad Center tərəfindən təşkil olunan Beynəlxalq Coğrafiya Olimpiadasında bürünc medal, digər şagirdimin isə Respublika Fənn Olimpiadasında qızıl medal qazanması mənə böyük sevinc yaşadıb.

Hesab edirəm ki, şagird uğuru ilk növbədə onun əzminin, zəhmətinin və istedadının nəticəsidir. Müəllim isə bu yolda ona istiqamət göstərən, dəstək verən və potensialını üzə çıxarmağa kömək edən şəxsdir. Mən öz rolumu hər zaman yolgöstərən və ruhlandıran bir insan kimi görmüşəm. Şagirdlərimin uğurlarını gördükcə anlayıram ki, müəllimlik peşəsinin ən böyük mükafatı məhz budur.

– Gələcəklə bağlı əsas hədəfləriniz və planlarınız nələrdir?

– Mənim üçün inkişaf heç vaxt dayanmayan bir prosesdir. Gələcəkdə də yeni biliklər öyrənmək, müasir tədris texnologiyalarını mənimsəmək və onları dərslərimdə tətbiq etmək əsas hədəflərimdəndir. Ən böyük arzum isə şagirdlərimin daha böyük uğurlar qazanmasına dəstək olmaq, onların bilikli, vətənpərvər və layiqli vətəndaşlar kimi formalaşmasına töhfə verməkdir.

– Son dərs gününüzü necə təsəvvür edir və necə xəyal edirsiniz?

– Düşünürəm ki, son dərs günüm həm kövrək, həm sevincli, həm də qürurverici hisslərlə yadda qalacaq. İllərimi həsr etdiyim məktəbdən ayrılmaq əlbəttə ki, asan olmayacaq. Lakin geriyə baxanda yetişdirdiyim şagirdləri, onların uğurlarını və keçdiyim yolu görmək mənə böyük mənəvi rahatlıq verəcək.

Ən böyük təsəllim isə bilmək olacaq ki, illər boyu qazandığım təcrübə, verdiyim bilik və aşıladığım dəyərlər yüzlərlə gəncin həyatında öz izini qoyub.

Müəllimlik peşəsi illərlə qazanılan təcrübənin, tükənməyən səbrin və insan sevgisinin vəhdətidir. Lalə Namazovanın fikirlərindən də aydın görünür ki, müəllim üçün ən böyük mükafat şagirdinin uğuru, qazandığı nailiyyətlər və cəmiyyətə faydalı vətəndaş kimi yetişməsidir. Onun pedaqoji fəaliyyətində əldə etdiyi nəticələr, yetişdirdiyi uğurlu şagirdlər və peşəsinə sadiqliyi bu fikrin ən parlaq təsdiqidir.

Coğrafiyanı yalnız bir dərs fənni kimi deyil, dünyanı dərk etməyin, vətəni tanımağın və qlobal prosesləri anlamağın mühüm açarı kimi təqdim edən Lalə müəllimə öz fəaliyyəti ilə gənc nəslin bilikli, vətənpərvər və dünyagörüşlü yetişməsinə dəyərli töhfələr verir. Onun müəllimlik yolunda qazandığı uğurlar və gələcəyə dair hədəfləri göstərir ki, bu peşəyə sevgi ilə bağlı olan insanlar üçün inkişaf və öyrənmək heç zaman bitmir.

Söhbətimizin sonunda bir daha əmin oluruq ki, məktəblərin ən böyük sərvəti məhz öz peşəsinə ürəkdən bağlı, məsuliyyətli və fədakar müəllimlərdir. Belə müəllimlər yalnız dərs demir, həm də gələcəyin yolunu işıqlandırırlar. Lalə Namazova da öz zəhməti, biliyi və müəllimlik missiyasına sadiqliyi ilə bu şərəfli yolun layiqli davamçılarından biridir.

Səmimi söhbətə və dəyərli fikirlərini oxucularımızla bölüşdüyünə görə Lalə müəlliməyə təşəkkürümüzü bildiririk. Ona gələcək pedaqoji fəaliyyətində yeni uğurlar, möhkəm cansağlığı, tükənməz enerji və şagirdlərinin nailiyyətləri ilə daim qürur duymağı arzulayırıq.

Uca Allahdan diləyimiz budur ki, müəllimlik kimi şərəfli və məsuliyyətli missiyanı bundan sonra da eyni sevgi və fədakarlıqla davam etdirmək nəsib olsun. Yetirmələrinin uğurları daim sevinc mənbəyinizə çevrilsin, öyrətdiyiniz hər bir şagird cəmiyyətimiz üçün layiqli vətəndaş kimi yetişsin. Yolunuz həmişə açıq, əməyiniz isə hər zaman yüksək qiymətləndirilən olsun.