ADA Universitetində ən parlaq mədəni tədbirlərdən biri olan 14-cü Beynəlxalq Festivalın açılışı olub.
“İki sahil” xəbər verir ki, tədbir ənənəvi olaraq diplomatik korpusun nümayəndələrini, tələbələri, məzunları, müəllimləri və universitet əməkdaşlarını bir araya gətirib.
ADA kampusunun ərazisində açıq havada keçirilən festival mədəniyyətin, dostluğun və beynəlxalq qarşılıqlı anlaşmanın əsl təntənəsinə çevrilib.
Bu il tədbirə Çin, Qazaxıstan, Çexiya, Moldova, Polşa, Niderland, İsveçrə, Macarıstan, Tacikistan, Türkmənistan, Çili, Meksika, Argentina və digər dövlətlər də daxil olmaqla 40 ölkənin diplomatik missiyalarının nümayəndələri qatılıb.
İştirakçılar öz ölkələrinin zəngin mədəni irsini (milli təamlar, şirniyyatlar və içkilər, ənənəvi geyimlər, dekorativ-tətbiqi sənət əsərləri, musiqi kompozisiyaları) təqdim ediblər.
Ümumilikdə festivalda 42 stend, o cümlədən Azərbaycanın və ESN ADA Baku tələbə klubunun ekspozisiyaları təqdim olunub.
Festivalın proqramında səfirliklərin hazırladığı çıxışlar da nəzərdə tutulub. Qonaqlara milli rəqs və musiqi nömrələri təqdim olunacaq.
ADA Beynəlxalq Festivalı hər il keçirilir və mədəniyyətlərarası dialoqun inkişafına, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə və gənclərin dünyagörüşünün genişləndirilməsinə yönəldilib.