İyunun 4-də Bakı Slavyan Universitetində (BSU) pedaqogika üzrə fəlsəfə doktoru, əməkdar müəllim, dosent Ənvər Abbasovun 75 illik yubileyinə həsr olunan “Təhsil innovasiyaları müstəvisində” mövzusunda konfrans keçirilib.
“İki sahil” xəbər verir ki, konfransda çıxış edən BSU-nun rektoru Anar Nağıyev tədbirin həm Ənvər Abbasovun 75 illik yubileyinə, həm də müasir təhsil və ali təhsilin qarşısında duran aktual çağırışların müzakirəsi üçün mühüm platforma olduğunu vurğulayıb. Rektor qeyd edib ki, bu gün ali təhsil müəssisələrinin əsas vəzifələrindən biri əmək bazarının tələblərinə uyğun, innovativ düşüncəyə malik mütəxəssislərin hazırlanmasıdır. O, xüsusilə pedaqoji kadr hazırlığı, təhsil məzmununun yenilənməsi, ömürboyu təhsil, inklüzivlik və süni intellektin tədris prosesinə inteqrasiyası kimi məsələlərin aktuallığını diqqətə çatdırıb.
Anar Nağıyev bildirib ki, BSU təhsil ictimaiyyəti ilə əməkdaşlığı genişləndirərək regionlarda müəllimlərlə görüşlər, forumlar və müxtəlif layihələr həyata keçirir, bu proseslər ali təhsillə əmək bazarı arasında əlaqələrin daha da gücləndirilməsinə xidmət edir. Rektor vurğulayıb ki, təhsil sahəsində aparılan müzakirələr universitetlərin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynayır.
Çıxışında Ənvər Abbasovun Azərbaycan təhsilinin inkişafı, kurikulum islahatları və pedaqoji fikrin formalaşması sahəsindəki müstəsna xidmətlərini xüsusi qeyd edən rektor onun BSU-da elmi-pedaqoji fəaliyyətinin universitet üçün böyük dəyər daşıdığını bildirib. Anar Nağıyev Ənvər Abbasovun zəngin təcrübəsinin gənc mütəxəssislərin və tədqiqatçıların yetişməsinə mühüm töhfə verdiyini vurğulayaraq, yubilyarın dövlət tərəfindən yüksək mükafatlarla təltif edilməsinin onun çoxillik fəaliyyətinə verilən layiqli qiymət olduğunu qeyd edib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov çıxışında Ənvər Abbasovun Azərbaycan təhsil sisteminin inkişafına verdiyi töhfələrdən danışıb, onun elmi-pedaqoji fəaliyyətinin və kurikulum quruculuğu sahəsindəki xidmətlərini diqqətə çatdırıb.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov isə çıxışında Ənvər Abbasovun təhsil sahəsindəki çoxillik fəaliyyətini vurğulayaraq onun formalaşdırdığı elmi-pedaqoji irsin bu gün də aktuallığını qoruduğunu vurğulayıb.
Çıxış edən BSU-nun Jurnalistika kafedrasının müdiri, millət vəkili Vüqar Rəhimzadə Ənvər Abbasovun Azərbaycan təhsilinin inkişafındakı xidmətlərindən bəhs edib, onun fəaliyyətinin gələcək nəsillər üçün örnək olduğunu qeyd edib.
Konfrans çərçivəsində əməkdar müəllim Asif Cahangirov "Müasir kurikulumların inkişaf tendensiyaları", “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının rəhbəri Cəfər Mansimi "Təhsil sistemində innovativ yanaşmalar", pedaqoji elmlər doktoru, professor Hikmət Əlizadə "Ənvər Abbasovun elmi-pedaqoji əsərlərinin məzmunu", pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi Fərrux Rüstəmov "Səriştəəsaslı təhsil", ADNSU nəzdində Sənaye və Texnologiya Kollecinin direktoru, dosent Faiq Şahbazlı Faiq Şahbazlı "Yeni nəsil dərsliklərin yaradılması" , Təhsil İnstitutunun direktor müavini İlham Cavadov "Təhsil islahatlarının inkişaf mərhələləri və müasir çağırışlar", BSU-nun Tədris Departamentinin direktoru Zümrüd Yolçuyeva "Ənvər Abbasov və Bakı Slavyan Universiteti: elmi-pedaqoji əməkdaşlığın inkişaf istiqamətləri" mövzularında çıxış ediblər.
Çıxış edən Ənvər Abbasov yubiley tədbirinin yüksək səviyyədə təşkilinə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib, göstərilən diqqət və ehtiramı xüsusi dəyərləndirdiyini qeyd edib.