05 iyun 2026 17:19
111

AHİK nümayəndə heyəti Cenevrədə Beynəlxalq Əmək Konfransının 114-cü sessiyası çərçivəsində görüşlər keçirib

İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatına (BƏT) üzv ölkələrin hökumət nümayəndələrinin və sosial tərəfdaşlarının iştirakı ilə keçirilən Beynəlxalq Əmək Konfransının 114-cü sessiyası davam edir.

“İki sahil” xəbər verir ki, tədbirdə iştirak edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nümayəndə heyəti Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) Baş katibinin müavini Erik Manzi və BƏT-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Peter van Ruij ilə görüşlər keçirib.

Görüşlərdə AHİK sədri Sahib Məmmədov ölkəmizdə əmək hüquqlarının qorunmasının, əməyin mühafizəsinin və layiqli əmək şəraitinin təmin edilməsinin dövlət siyasətinin əsas prioritetlərindən olduğunu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu sahədə ardıcıl və uğurlu sosial-iqtisadi siyasətin həyata keçirildiyini vurğulayıb.

Sahib Məmmədov bildirib ki, AHİK ədalətli əmək münasibətlərinin formalaşdırılmasında fəal iştirak edir, sosial tərəfdaşlarla birlikdə əmək münasibətlərinin müasir çağırışlara uyğunlaşdırılması, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və innovativ yanaşmaların tətbiqi istiqamətində sistemli fəaliyyət göstərir.

Diqqətə çatdırlıb ki, əmək bazarında baş verən dəyişikliklər, yeni məşğulluq formalarının meydana çıxması, süni inlellekt və rəqəmsallaşma prosesləri həmkarlar ittifaqları qarşısında yeni vəzifələr müəyyənləşdirir. Bu baxımdan işçilərin hüquqlarının daha effektiv müdafiəsinin təmin olunması üçün beynəlxalq əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Görüşlərdə BHİK və BƏT nümayəndələri AHİK-in müxtəlif platformalarda sosial dialoqun inkişafı, təhlükəsiz və sağlam əmək şəraitinin təşviqi istiqamətində həyata keçirdiyi fəaliyyəti yüksək qiymətləndiriblər. Qeyd edilib ki, Konfederasiya beynəlxalq həmkarlar ittifaqları hərəkatında fəal iştirak edir, qlobal əmək gündəliyinin aktual məsələlərinin müzakirəsinə töhfələr verir.

Görüşlərdə əmək münasibətləri sahəsində mövcud tendensiyalar, yeni çağırışlar və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlığın inkişafı perspektivləri müzakirə edilib.

Sessiya çərçivəsində Mərkəzi Asiya Həmkarlar İttifaqları Şurasının toplantısı keçirilib. Toplantıda çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın həmkarlar ittifaqları ilə əlaqələrinin uğurla inkişaf etdiyini, birgə layihə və təlim proqramlarının müsbət nəticələr verdiyini bildirib. Konfederasiya sədri qeyd edib ki, AHİK və Mərkəzi Asiya ölkələrinin həmkarlar ittifaqları arasında ikitərəfli əməkdaşlıq memorandumları imzalanıb və müxtəlif istiqamətlər üzrə birgə proqramlar həyata keçirilir. Sahib Məmmədov iqlim dəyişikliyi, rəqəmsal transformasiya və əmək bazarındakı struktur dəyişiklikləri kimi qlobal çağırışlar fonunda regional əməkdaşlığın daha da gücləndirilməsinin önəmini vurğulayıb. Bu əməkdaşlığın davamlı xarakter alması və genişlənməsi məqsədilə qarşılıqlı dialoq və təcrübə mübadiləsi ardıcıl şəkildə davam etdirilir.