Yeniyetmələrdə aqressiyanın artması bir neçə psixoloji faktorun paralel təsiri ilə izah olunur. Ən əsas səbəblərdən biri emosiyaları düzgün ifadə etmə bacarığının zəif inkişaf etməsidir. Bu dövrdə şəxsiyyət formalaşdığı üçün daxili konfliktlər və kimlik axtarışı gərginlik yaradır.
Bu fikirləri “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva “İki sahil”ə açıqlamasında söyləyib.

Onun sözlərinə görə, valideyn diqqətinin azalması və ya qeyri-sabit ailə münasibətləri də aqressiyanı artıran amillərdəndir. Sosial mediada müqayisə və rədd edilmə qorxusu özünə inamı zədələyir. Məktəb mühitində təzyiq və uğursuzluq hissi də əlavə stress yaradır. Bəzi hallarda isə aqressiya, əslində, qorxu və ya incinmənin maskalanmış forması olur. Yəni aqressiv davranış çox vaxt daxili psixoloji gərginliyin xaricə çıxışıdır.
Yaqut Ağaşahqızı, “İki sahil”